Məhkəmə qərarları › İş №2(076)-3084/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3084/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3084/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, dəymiş maddi ziyana görə 1600 (bir min altı yüz) manat məbləğində pulun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bǝybala oğlunu 2023-cü ilin oktyabr ayında tanımış, aralarında qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə o, ünvan 1 ünvanda yerləşən evini aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat olmaqla cavabdehə kirayǝyǝ vermişdir. Cavabdeh arvadı və iki azyaşlı uşağı ilə evində yaşamağa başlamış, oktyabr, noyabr, dekabr aylarında kirayə haqqını vaxtında ödəmişdir. 2024-cü ilin yanvar ayında kirayə haqqını ödəməsi üçün ona zəng etdikdə, o telefonlarına cavab verməmiş, hətta Azəriqaza ödənilməsi üçün göndərdiyi 50 manatı da ödəməmişdir. Həmin vaxt uşaqlarının səhhəti ilə əlaqədar Bakı şəhərində olduğuna görə evində nə baş verdiyini öyrənmək üçün qonşuları ilə əlaqə saxlamışdır. Onlar da evdə heç kim olmadığını ona bildirmişlər. xx.xx.2024-cü il tarixdə evinə gəldikdə bəzi əşyalarının olmadığını, bəzilərinin isə yararsız vəziyyətə salındığını gördü. Dəfələrlə zəng etdikdən sonra Cavabdehla əlaqə saxlamış, cavabdeh əşyaları qaytaracağına və yararsız halda olan əşyaları düzəltdirəcəyinə dair söz versə də, nə aparılmış əşyaları qaytarmamış, nə də yararsız olanları düzəltdirməmişdir. Buna görə də polis şöbəsinə müraciət etməyə məcbur olmuşdur. Bundan başqa, cavabdeh ailəsi ilə evində yaşadığı müddətdə ona məxsus dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd "Nova" markalı su qızdırıcısını, dəyəri 500 (beş yüz) manat olan 1 ədəd "İndesit" markalı soyuducunu, dəyəri 50 (əlli) manat olan 1 ədəd çilçırağı, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd “İran” sobasını, dəyəri 300 manat olan 36 kv.m ölçüdə döşəməni yararsız hala salmış, nəticədə ona 1600 (min altı yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh, dəymiş maddi ziyana görə 1600 (bir min altı yüz) manat məbləğində pulun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək ona dəymiş maddi ziyan 1600 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, ünvan 2 ünvanında kirayə yaşayan Cavabdeh tərəfindən İddiaçı məxsus əşyaların yararsız hala salaraq 1500 manat maddi ziyan vurulması müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 3(076)-724/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh, İddiaçı məxsus Şəmkir şəhərində yerləşən fərdi yaşayış evindəki ümumi dəyəri 1500 manat olan nova markalı su qızdırıcını, indest markalı soyuducunu, çılçırağı, iran sobasını, 36 kvadrat ölçüdə döşəməni yararsız hala salmaqla ona 1500 (min beş yüz) manat dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya dəymiş ziyanın 1600 manat məbləğində olması halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçıya məxsus evdə kirayə yaşamış Cavabdeh iddiaçıya məxsus bəzi əşyaları yararsız hala salması öz təsdiqini tapsa da, dəymiş ziyanın 1600 manat məbləğində olmasını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə iclasında iştirak edən iddiaçının izahatı və iş materialları ilə müəyyən olunur ki, cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanda kirayə yaşamış və evdə olan əşyaları yararsız hala salmışdır. Bununla əlaqədar xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda iddiaçıya məxsus əşyaların yararsız hala salınaraq 1500 manat maddi ziyan vurulması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 1500 manat maddi ziyan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar