Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3131/2025 23.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun köməkçilərinin vurduğu maddi ziyanın alınmasında köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində cavabdehin kim olmasını, onun ünvanını qeyd etməmiş, habelə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi (şəxsiyyət vəsiqəsinin surətlərini və ya həmin sənədin seriya nömrəsini və ya FİN kodu, ya da Maps arayışını) iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehə məxsus məlumatların göstərilməməsi, eləcə də cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədin əlavə edilməməsi gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Həmçinin, iddia ərizəsinin giriş hissəsində cavabdehin şəxsi məlumatları qeyd edilməmiş, belə olan halda isə cavabdehin rəsmi qeydə alındığı ünvanın hansı ünvan olması müəyyən edilə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa qeyd edilməlidir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-də müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verilmiş, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, iddiaçı ərizənin nəticə hissəsində tələbini konkret olaraq göstərməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(076)-3131/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3131/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver