Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3158/2025 18.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona satılmış qızıl-zinət əşyalarına görə 7190 manat pulun, hüququ yardımın göstərilməsinə ödəmiş olduğu 100 manat pulun, məhkəməyə dövlət rüsumuna ödənmiş 92.90 manat pulun, cəmi 7382.90 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun övladının sinif yoldaşının anasıdır, 2023-cü ildən onu tanıyır, ailə vəziyyətilə bağlı dolanmaq məqsədilə qızıl-zinət əşyalarının alğı və satışı ilə məşğuldur, vergi ödəyicisi kimi qeydiyyatdadır, Cavabdeh Whatsapp tətbiqində 050 *** ** ** mobil nömrəsində ona yazaraq qızıl-zinət əşyaları istəmiş, ona bir neçə qızıl-zinət əşyaların şəklini göndərmiş, Leyla ona qızıl - zinət əşyalarını kreditlə götürəcəyini bildirmişdir. Həmçinin, o Cavabdeh Pandora sırğa və üzük dəsti, Versace sep və qolbaq və bir ədəd əlavə üzük 2024-cü ilin yanvar ayının 16-da Naftalan şəhərində öz evində satdı, qızılların ümumi çəkisi 31.26 qram, 585 əyarlı idi, həmin qızılları 120 manatdan Gəncə şəhərində, Mərkəzi Univermaqdan tanış adamdan almış, üzərinə 10 manat qoyub 130 manatdan satmışdır, ümumi məbləğ 3360 etmiş, göstərilən məbləği Cavabdeh 24 ay ərzində 140 manatdan ödəməli idi, o, fevral ayından ödənişi etməyə başladığı, 2024-cü ilin iyun ayının 16-da yenidən bir ədəd boyunbağı, bir ədəd üzük, bir ədəd qolbaq və iki cüt sırğanı Leyla ondan almış, cəmi 31.7 qram olan qızılları ona 4080 manata razılaşaraq vermiş, Leyla 25 ayda 160 manatdan 4000 manat, 26-cı ay isə 80 manat ödəməli olduğunu öhdəsinə götürmüş, bundan sonra Leyla 2024-cü ilin iyul ayının 20-də 2500 manat dəyərində 19 qram çəkidə 1 ədəd boyunbağı üzərində klon, əlavə də bir ədəd boyunbağı ondan götürmüş, həmin qızılları Leyla hissə-hissə ödəməyə razılaşmış, 2024-cü ilin noyabr ayında Leyla ondan yenidən dəyəri 800 manat olan cəmi 5.26 qramlıq bir üzük və bir cüt sırğa götürmüş, onun pulunu isə 10 aya ödəməyə razılaşmış, 2024-cü ilin oktyabr ayında Leyla ümumi məbləğin az bir hissəsini ödəmiş, noyabr ayında ödəniş etməmiş, məcbur olub, Leylanın qaynı Rüstəmə zəng etmiş, onunla görüşüb danışmış, Leyla ona demişdir ki, "borc məbləğini çox demə az de, evdə bilmirlər", buna görə o Rüstəmə 700 manat demiş, bundan sonra Leyla ödəniş edilmədiyi üçün onun qaynanasına zəng edib hər şeyi danışmış, sonra Rüstəmə "Leylanın on min manat borcu var ödəsin" demiş, bundan sonra Leylanın əri İbrahim ona zəng edib onu hədələmiş, "səni polisə verəcəm Leyla özünə qəsd etsə sən cavabdehsən" söyləmiş, pulu vermək istəmədikləri üçün 102 Xidmətinə zəng edib intihar edəcəyini söyləmiş, lakin intihara cəhd etməmiş, belə bir fikir olmamış, araşdırma müddətində Leyla sonuncu aldığı 800 manatlıq qızılları qaytarmışdır. Cavabdeh indiyədək cəmi 1160 manat 8 ay 140 manatdan 9-cu ay isə 40 manat birinci aldığı qızıl əşyalara görə ödəniş etmiş, cəmi 540 olmaqla ikinci götürdüyünə görə 3 ay 160 manat 4-cü ay isə 60 manat ödəmiş, üçüncü götürdüklərindən isə iki ay 150 manat olmaqla cəmi 300 manat ödəniş etmiş, ümumilikdə Leyla 2000 manat ödəniş etmiş, Leylaya ümumi satılan qızılın qiyməti 9940 manat olmuş, Leyla 2000 manatını ödədiyi üçün 7940 manat borcu qalmışdır. Cavabdeh Naftalan şəhər Polis şöbəsinin İstintaq Qrupunda araşdırma aparılarkən, rəsmi iltizam vermiş, həmin iltizamda yazmışdır: "Mən, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, AR Vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, 2 övlad anası, Naftalan şəhərində yerləşən "xxxx" MMC-də aşpaz köməkçisi işləyən, əvvəllər məhkum olmamış, Şəmkir şəhər, X7 küçəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şirinova X5 ŞPŞ-nin İstintaq Qrupunda araşdırılması aparılan "Törədilmiş və ya hazırlan cinayət xarakterli məlumatların qeydiyyatı kitabında 323 nömrə ilə qeydə alınmış material üzrə bu iltizamı verirəm ondan ötrü ki, İddiaçı almış olduğum 7590 manat dəyərində qızıl- zinət əşyalarının pulunu hər ay 200 manat olmaqla ödəyəcəm. İmza Cavabdeh". O həmin vaxtdan Cavabdeh dəfələrlə zəng vuraraq 7590 manat pulu verməsini, Polis şöbəsində vermiş olduğu iltizamda göstərdiklərinə əməl edərək hər ay müntəzəm olaraq 200 manat pulun ödənişini etməsini xatırlatmış, tələb etmiş, o, isə 2025-ci ilin mart ayında 200 manat, may ayında 200 manat cəmi 400 manat pul ödəmiş, 7190 manat borcu qalmışdır. Lakin Cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Naftalan şəhər X1 xx.xx.2024-cü il tarixli ərizəsi əsasında bu məsələ HK-1-323 nömrəli material kimi araşdırılmış, onun müraciəti əsasında toplanmış materialı 22 vərəqədə iddia ərizəsinə əlavə etmişdir. O cavabdehdən məhkəmə qaydasında 7190 manat pulu, məhkəməyə dövlət rüsumuna ödəmiş 92.90 manat pulu, hüququ yardımın göstərilməsinə görə ödəmiş olduğu 100 manat pulu, cəmi 7382.90 manat pulu tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onunla danışan zamanı ona 7590 manat borcu olduğunu etiraf etmiş, o həmin səsləri və yazışmaları CD köçürərək məhkəməyə təqdim etmişdir. Cavabdeh ona olan borcundan ödəmiş və Naftalan şəhər Polis Şöbəsində üzük-sırğa dəstini geri qaytarmışdır. Hazırda cavabdehin ona 7190 manat borcu var. Cavabdeh ondan qızıl-zinət əşyalarını alıb lombarda qoyaraq kredit götürmüşdür. xx.xx.2025-ci il tarixli məhkəm iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, İddiaçı tanıyır, onunla arasında qızıl alveri olmuşdur, ondan müxtəlif sayda və çeşiddə qızıl zinyət əşyası almışdır, qızılı öz şəxsi istifadəsi üçün almışdır. Ümumilikdə 37 qram qızıl alıb, daha sonra isə pula ehtiyacı olduğu üçün qızılı lombarda qoymuşdur. Bundan sonra lombarda pul ödəyə bilməmiş,yenidən Fidandan qızıl almışdır. Hazırda maddi vəziyyəti aşağı olduğu üçün aldığı qızılların pulunu Fidana tam şəkildə ödəyə bilməmiş, borcu qalmışdır. Lakin iddia ərizəsində göstərilən qədər borcu yoxdur, çünki qızılları Fidan ona çox baha qiymətə satmışdır, lakin alınmış qızılı qram ilə hesablayanda daha az məbləğ təşkil edir. Odur ki, o Fidan tələb etdiyi qədər pul ödəmək istəmir. Təxmini onun öz hesablamarına görə Fidana 1500 manat məbləğində verəcəyi vardır. Cavabdeh məhkəmə baxış iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Naftalan şəhər Polis Şöbəsində verdiyi iltizamın surətindən görünür ki, Şəmkir şəhəri, X7 küçəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı almış olduğu 7590 manat dəyərində qızıl-zinət əşyalarının pulunu hər ay 200 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh izahat verərək İddiaçı qızıl-zinət əşyaları aldığını və ona borclu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş sms çıxarışlardan görünür ki, tərəf yazmışdır ki “ayın 16-sı sənə ən siftə gətirdiyim qızıllar idi. 3360 manat 24 ay 140 manatdan. Sonra yenə ayın 16-sı sənə qızıllar gətirdim 4080 manat. Hər ay 160 manatda o idi”. Qarşı tərəf isə yazmışdır ki “Vallah belə yazıram tanımırsan amma məndən narahat olma. Görüşərik danışarıq lap sənədləşmə edərik. Mən belə istəyirəm də, mən səni eşitmişəm kreditlə satırsan. Mən 50-60 qramlıq istəyirəm. Gətizdirib sənə hardasa 2000 manata qədər ödəniş edəcəm geri qalanı kreditə bölmək istəyirdim. Mümkün olsa çox sevinərəm”. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, İddiaçı Cavabdeh ona olan borcunu tələb etmiş, sonuncu isə borcunun olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qeydlərin surətindən görünür ki, İddiaçı Cavabdeh nisyə qızıl-zinət əşyaları satmış, sonuncu bir neçə ay borcundan ödəniş etmiş, lakin qalan borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlindən, iltizamdan və AD00125918 saylı aktdan görünür ki, Cavabdeh BOKT "xxxx" ASC-yə 768 manat dəyərində 585 əyyarlı, 10 qram çəkisi olan boyunbağı girov qoyaraq 708 manat kredit götürmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan nisyə qızıl-zinət əşyaları almışdır. Cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 7190 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında tam icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi “hüququ yardımın göstərilməsinə ödəmiş olduğu 100 manat pulun” alınması hissəsində iddia tələbi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 92.90 (doxsan iki manat doxsan qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7190 (yeddi min bir yüz doxsan) manat pul və 92.90 (doxsan iki manat doxsan qəpik) dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7190 (yeddi min bir yüz doxsan) manat pul və 92.90 (doxsan iki manat doxsan qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-3158/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3158/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver