Məhkəmə qərarları › İş №2(076)-3287/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3287/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3287/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə 3.879,2 manat əsas kredit borcu, 1.386,67 manat faiz borcu, 96,78 manat cərimə borcu olmaqla, cəmi 5.362,65 manat məbləğində pulun və ödənilmiş 73,63 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022–ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 3.879,2 manat əsas kredit borcu, 1.386,67 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 96,78 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə 3.879,2 manat əsas kredit borcu, 1.386,67 manat faiz borcu, 96,78 manat cərimə borcu olmaqla, cəmi 5.362,65 manat məbləğində pulun və ödənilmiş 73,63 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 29,50 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit xətti açmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 3.879,2 manat əsas kredit borcu, 1.386,67 manat faiz borcu, 96,78 manat cərimə borcu olmaqla, cəmi 5.362,65 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022–ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50 % ödəmək şərtilə 4.000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 3.879,2 manat əsas borcu və 1.386,67 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 96,78 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə hesab edir ki, 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3.879,2 manat, faiz borcu üzrə 1.386,67 manat, cərimə borcu üzrə 5 manat olmaqla, cəmi 5.270,87 manat məbləğində pul və 73,63 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 28 dekabr 2021–ci il tarixli 01U/21 saylı ümumi oferta müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3.879,2 manat, faiz borcu üzrə 1.386,67 manat, cərimə borcu üzrə 96,78 manat olmaqla, cəmi 5.270,87 (beş min iki yüz yetmiş manat səksən yeddi qəpik) manat məbləğində pul alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 73,63 (yetmiş üç manat altmış üç qəpik) manat pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar