Məhkəmə qərarları › İş №2(076)-337/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-337/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-337/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən kredit müqaviləsi üzrə 1.019,15 ABŞ dolları əsas kredit borcu, 193,36 ABŞ dolları faiz borcu, 1.586,83 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015–ci il tarixdən xx.xx.2022–ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 502,65 ABŞ dolları olmaqla, cəmi 3.304,99 ABŞ dolları məbləğində pulun və ödənilmiş 76,18 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2013–cü il tarixli 10–M–2–0–646–13 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 28 faiz olmaqla 3.000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, borcunu ödəməkdən imtina etmişdir. Nəticədə onun xx.xx.2022–ci il tarixədək 1.019,15 ABŞ dolları əsas kredit borcu, 193,36 ABŞ dolları faiz borcu, 1.586,83 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015–ci il tarixdən xx.xx.2022–ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 502,65 ABŞ dolları olmaqla, cəmi 3.304,99 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehlərdən 1.019,15 ABŞ dolları əsas kredit borcu, 193,36 ABŞ dolları faiz borcu, 1.586,83 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015–ci il tarixdən xx.xx.2022–ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 502,65 ABŞ dolları olmaqla, cəmi 3.304,99 ABŞ dolları məbləğində pulun və ödənilmiş 76,18 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, 26 aprel 2013–cü il tarixdə iddiaçı bankdan 24 ay müddətinə illik 28 faiz olmaqla 3.000 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda hesab edir ki, bank ondan borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı bank borc tələbinə dair iddianı üç illik iddia müddəti keçdikdən sonra ona qarşı irəli sürmüşdür. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddia müddətini tətbiq etməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2013–cü il tarixli 10–M–2–0–646–13 nömrəli kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 28 faiz olmaqla 24 ay müddətinə 3.000 ABŞ dolları kredit vermişdir. İşdə olan 26 aprel 2013–cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2013–cü il tarixli 10–M–2–0–646–13 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan tərəflər arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit məbləğini əsas borc və faizləri ilə birlikdə xx.xx.2013–xx.xx.2015–ci il ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 26 aprel 2013–cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 həmin tarixdə "xxxx" İKB ASC–dən 3.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022–ci il tarixə Cavabdeh1 banka 1.019,15 ABŞ dolları əsas kredit borcu, 193,36 ABŞ dolları faiz borcu, 1.586,83 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2015–ci il tarixdən xx.xx.2022–ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 502,65 ABŞ dolları olmaqla, cəmi 3.304,99 ABŞ dolları borcu vardır. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2015–ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2–ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin ərizəsindən görünür ki, o, iddiaçı bankın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4–cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013–cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2–ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2015–ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh1 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC–nin cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı banka aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar