Məhkəmə qərarları › İş №2(076)-338/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-338/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-338/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləği həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Şəmkir rayon Qapanlı kənd İƏD üzrə nümayəndəlikdə nikah bağlanmış, rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan, faktiki olaraq ayrılmışlar. Birgə nikahdan olan uşaqları onun himayəsində qalmışdır. Üşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)-96/2023 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016- 0cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda 320 (üç yüz iyirmi) manat miqdarda aliment pulu uşağın saxlanılması üçün yetərli deyil. Uşağın saxlanmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşaqlara o tək baxır. Cavabdeh uşağın saxlanmasında ona əlavə heç bir köməklik görsətmir. Uşaqlara tək baxmağa imkanı yoxdur. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşağının saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan əlavə uşaq böyümüş və xərcləri çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Odur ki iddianın təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun cavabdehlə rəsmi nikahından xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən 2023-cü il tarixdə təyin olunmuş aliment məbləği hazırda uşaqların saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik, tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Mövcud vəziyyətdə uşaqları tək başına saxlaya bilmir. Odur ki iddianın təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikahdan xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, həmin qətnamə ilə müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəyir. Hazırda hər ay hər uşaq üçün 235 manat aliment ödəməyə razıdır. Odur ki məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin № 2(076)-96/2023 saylı, xx.xx.2023–cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Şəmkir rayon Qapanlı kənd Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 33 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların İddiaçı himayəsində saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan təyin edilmiş miqdarda aliment müəyyən edilməsi, uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2024–cü il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,59 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2024–cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü Nurlan və xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)-96/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar