Məhkəmə qərarları › İş №2(076)-3386/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3386/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3386/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdehlər: Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" MMC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 6428 manat əsas kredit borcu, 1541.25 manat faiz borcu, 98.49 manat cərimə borcu olmaqla, cəmi 8067.74 manat məbləğində borcun və 100.67 manat ödənilmiş dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış 24887 nömrəli, 12 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə təşkilat arasında bağlanmış 24887 nömrəli, 12 oktyabr 2023-cü il il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli ləyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Beləliklə, BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin öhdəliyin yerinə yetirilməməsi nəticəsində xx.xx.2024-cü il tarixə BOKT "xxxx" MMC-yə 6428 (altı min dörd yüz iyirmi səkkiz) manat əsas, 1541 (min beş yüz qırx bir) manat 25 qəpik faiz, 98 (doxsan səkkiz) manat 49 qəpik cərimə olmaqla, cəmi 8067 (səkkiz min altmış yeddi) manat 74 qəpik borcu yaranmışdır. Odur ki cavabdehlərdən müştərək qaydada 6428 manat əsas kredit borcu, 1541.25 manat faiz borcu, 98.49 manat cərimə borcu olmaqla, cəmi 8067.74 manat məbləğində borcun və 100.67 manat ödənilmiş dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC–yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən BOKT "xxxx" Azərbaycan MMC ilə bağlanmış 12 oktyabr 2023-cü il tarixli 24887 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən ona 24 ay müddətinə ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı bank arasında 12 oktyabr 2023-cü il tarixli 24887 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən maddi imkanı olan kimi borcunu ödəməyə söz verir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir . Cavabdeh3 məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul etdi, əsasən digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli 24887 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli 24887 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşlər. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 kredit məbləğinin xx.xx.2023–xx.xx.2025–ci il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərin banka olan borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 6428.00 manat əsas kredit borcu, 1541.25 manat faiz borcu, 98.49 manat cərimə borcu olmaqla, cəmi 8067.74 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli 24887 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30 % ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun xx.xx.2024–cü il tarixədək 6428.00 manat əsas kredit borcu, 1541.25 manat faiz borcu, 98.49 manat cərimə borcu olmaqla, cəmi 8067.74 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 739.1–ci maddəsinə əsasən 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da zamin olaraq iddiaçı cəmiyyət qarşısında cavabdehlik daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, 12 oktyabr 2023-cü il tarixli 24887 saylı müqavilə üzrə əsas borc və faiz borcu tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, 12 oktyabr 2023-cü il tarixli 24887 saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin hallarına uyğun olaraq, yuxarıda qeyd olunan normalara əsaslanıb hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə, 6428 manat, faiz borcu üzrə 1541.25 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 7979.25 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 12 oktyabr 2023-cü il tarixli 24887 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas kredit borcu üzrə 6428 manat, faiz borcu üzrə 1541.25 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 7979.25 (yeddi min doqquz yüz yetmiş doqquz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 100.67 (yüz manat, altmış yeddi qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC–yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar