Məhkəmə qərarları › İş №2(076)-341/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-341/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-341/2023 28.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3.850 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən 2021–ci ilin noyabr ayının 1–dən 15–dək cavabdehə hissə–hissə hər biri 1,40 manat olmaqla, cəmi dəyəri 5.850 manat təşkil edən 4.180 ədəd xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşik satmışdır. Cavabdeh isə 5.850 manat pulu xx.xx.2021–ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin puldan xx.xx.2022–ci il tarixdə 2.000 manat ödəmiş, lakin qalan 3.850 manatı müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 3.850 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 2021–ci ilin noyabr ayının 1–dən 15–dək bir ədədinin dəyəri 1,40 manat olmaqla, cəmi dəyəri 5.850 manat təşkil edən 4.180 ədəd xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşikləri nisyə almış, pulunu isə xx.xx.2021–ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdeh xx.xx.2021–ci il tarixdə yazılı iltizam da vermişdir. Lakin cavabdeh həmin puldan qismən ödəniş etsə də, qalan pulu ödəməmişdir. Belə ki, xx.xx.2022–ci il tarixdə cavabdeh borcundan 100.000 Rus rublu, yəni Azərbaycan manatına olan məzənnə ilə 2.150 manat ödəmiş, qalan 3.700 manat pulu isə hazırki vaxta qədər ödəməmişdir. Dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh onun etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Əlavə olaraq qeyd edir ki, iddia ərizəsində texniki səhv olaraq cavabdehin 3.850 manat borcu qalmasını göstərmişdir. Əslində isə cavabdeh qismən ödəniş etdiyindən onun ödənilməmiş 3.700 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 3.700 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən 2021–ci ilin noyabr ayında iddiaçıdan cəmi dəyəri 5.850 manat təşkil edən 4.180 ədəd xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşikləri nisyə almış, pulunu isə xx.xx.2021–ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Bununla belə xx.xx.2022–ci il tarixdə borcundan 100.000 Rus rublu, yəni Azərbaycan manatına olan məzənnə ilə 2.150 manat ödəmişdir. Hazırda onun iddiaçıya 3.700 manat mövcud borcu vardır. Həmin borcun dəyərində iddiaçıya yeşik qaytara bilər. Odur ki, izahatında göstərilənlərin nəzərə alınaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı nisyə aldığı yeşiklərin dəyəri olan 5.850 manat pulu xx.xx.2021–ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 5.850 manat məbləğində yeşiklərin nisyə verilməsini, həmin pulun 3.700 manat hissəsinin cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı 2021–ci ilin noyabr ayının 1–dən 15–dək bir ədədinin dəyəri 1,40 manat olmaqla, cəmi dəyəri 5.850 manat təşkil edən 4.180 ədəd xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşikləri cavabdehə nisyə vermiş, cavabdeh isə həmin pulu xx.xx.2021–ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qismən ödəsə də, qalan 3.700 manat pulu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşikləri cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 3.700 manat borcunu iddiaçıya ödəməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 3.700 manat məbləğində təmin edilməlidir. Belə ki, iddiaçı izahatında texniki səhv olaraq iddia ərizəsində cavabdehin borcunun 3.850 manat göstərməsini, əslində isə cavabdehin ödənilməmiş 3.700 manat borcu qalmasını bildirmiş, həmçinin cavabdeh də həmin məbləğdə borcu qalmasını etiraf etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 5.850 manat məbləğində xurma yığmaq üçün ağac materialdan hazırlanmış yeşikləri İddiaçı nisyə alması, həmin pulun bir hissəsini qaytarsa da, 3.700 manat pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh 3.700 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.700 (üç min yeddi yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilnməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar