Məhkəmə qərarları › İş №2(076)-343/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-343/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-343/2025 10.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC–nin nümayədəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC–yə qarşı qüsurlu malın yenisi ilə əvəzlənməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC–yə qarşı qüsurlu malın yenisi ilə əvəzlənməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC–dən aldığı qüsurlu UPS Mercury Elite 2200U Smart 1320W məhsulun yenisi ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024–cü il tarixdə Cavabdeh mağazasının rəsmi saytından online formada UPS Mercury Elite 2200U SMART 1320W məhsulunu sifariş edib almışdır. Aldığı zaman Cavabdeh mağazasının rəsmi saytında məhsula 1 il zəmanət verildiyi qeyd olunmuş, bundan əlavə məhsul rəsmiləşdirilən zaman Cavabdeh şirkətinin əməkdaşları ona məhsulun 1 il zəmanəti olduğunu bildirərək, zəmanət talonunda standart zəmanət olaraq qeyd etmişlər. Məhsul alındığı andan etibarən yalnız fərdi yaşayış evində olan təhlükəsizlik kamera sistemini açıq saxlamaq üçün istifadə olunmuşdur. xx.xx.2024–cü il tarixdə məhsul düzgün işləmədiyi və enerjini çox az saxladığı üçün Cavabdeh şirkətinin Şəmkir rayonunda yerləşən filialına servisə göndərilməsi üçün təhvil vermişdir. xx.xx.2024–cü il tarixdə (52 təqvim günü sonra) ona servisdən zəng edərək məhsulun batareyasının xarab olduğunu bildirmiş və yeni batareyaların taxılması üçün əlavə 60 AZN məbləğində ödəniş tələb etmişlər. O, məhsulun zəmanət daxilində olduğunu, əlavə ödəniş ödəməməli olduğunu bildirmiş, servis əməkdaşı isə Cavabdeh şirkətinin qaynar xəttinə şikayət etməyini məsləhət görmüşdür. O, şirkətin qaynar xəttinə şikayət etmiş və ona məsələnin araşdıralacağını bildirmişlər. Bir neçə gün sonra ona məhsulun şirkətin Şəmkir filialında olmasına dair mesaj gəlmişdir. Yenidən şirkətlə əlaqə yaratdığında məhsulun təmir olunmadan geri qaytarıldığını və batareyaların məhsulun əsas hissəsi olmadığı, aksessuar sayıldığı üçün ödəniş əsasında təmir olunacağını bildirmişlər. Bunun müqavilədə qeyd olunmadığını bildirsə də, faydası olmamışdır. xx.xx.2024–cü il tarixdə şirkətin Şəmkir filialına yaxınlaşaraq məhsulu təhvil götürmüşdür. Həmçinin, cavabdehin nümayəndələri əsassız olaraq UPS Mercury Elite 2200U SMART 1320W məhsulunun batareyalarının zəmanət ilə əhatə olunmadığını bildirməklə yanaşı, nə ona təqdim olunan malın pasportunda, nişanlanma kağızında və yaxud digər sənəddə malın zəmanət müddəti göstərilməmişdir. Halbuki ona cavabdeh tərəfindən zəmanət talonu təqdim edilmişdir. Odur ki, Cavabdeh MMC–dən aldığı, qüsurlu UPS Mercury Elite 2200U SMART 1320W məhsulunun yenisi ilə əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024–cü il tarixdə Cavabdeh MMC–nin rəsmi saytından online formada UPS Mercury Elite 2200U SMART 1320W məhsulunu sifariş edib almışdır. Aldığı zaman Cavabdeh mağazasının rəsmi saytında məhsula 1 il zəmanət verildiyi qeyd olunmuş, bundan əlavə məhsul rəsmiləşdirilən zaman Cavabdeh şirkətinin əməkdaşları ona məhsulun 1 il zəmanəti olduğunu bildirərək, zəmanət talonunda standart zəmanət olaraq qeyd etmişlər. Məhsul alındığı andan etibarən yalnız fərdi yaşayış evində olan təhlükəsizlik kamera sistemini açıq saxlamaq üçün istifadə olunmuşdur. xx.xx.2024–cü il tarixdə məhsul düzgün işləmədiyi və enerjini çox az saxladığı üçün Cavabdeh şirkətinin Şəmkir rayonunda yerləşən filialına servisə göndərilməsi üçün təhvil vermişdir. Həmin vaxtdan 52 gün sonra, yəni xx.xx.2024–cü il servisdən zəng edərək məhsulun batareyasının xarab olduğunu bildirmiş və yeni batareyaların taxılması üçün əlavə 60 AZN məbləğində ödəniş tələb etmişlər. O, məhsulun zəmanət daxilində olduğunu, əlavə ödəniş ödəməməli olduğunu bildirmişdir. Həmçinin, şirkətin qaynar xəttinə şikayət etmiş və ona məsələnin araşdıralacağını bildirmişlər. Bir neçə gün sonra ona məhsulun şirkətin Şəmkir filialında olmasına dair mesaj gəlmişdir. Yenidən şirkətlə əlaqə yaratdığında məhsulun təmir olunmadan geri qaytarıldığını və batareyaların məhsulun əsas hissəsi olmadığı, aksessuar sayıldığı üçün ödəniş əsasında təmir olunacağını bildirmişlər. Bunun müqavilədə qeyd olunmadığını bildirsə də, faydası olmamışdır. xx.xx.2024–cü il tarixdə şirkətin Şəmkir filialına yaxınlaşaraq məhsulu təhvil götürmüşdür. Hazırda hesab edir ki, istehlakçı kimi onun hüquqları pozulmuşdur. Belə ki, o, həmin məhsulu zəmanətlə alsa da, cavabdehin əməkdaşları batareyaların zəmanətə daxil olmamasını bildirmişlər. Halbuki, zəmanət talonunda belə bir istisna, yəni batareyaların zəmanətə daxil olmaması qeyd edilməmişdir. Hesab edir ki, aldığı məhsul qüsurlu olduğu üçün yenisi ilə əvəz edilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldrımışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh MMC–nin nümayədəsi X3 məhkəmə iclası zamanı təmsil etdiyi cəmiyyətə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı xx.xx.2024–cü il tarixdə Cavabdeh MMC–nin rəsmi saytından online formada UPS Mercury Elite 2200U SMART 1320W məhsulunu sifariş edərək almışdır. İddiaçı məhsulu alan zamanı məhsula dair zəmanət talonu da verilmiş və məhsul işlək vəziyyətə iddiaçıya təhvil verilmişdir. Lakin bir müddət sonra iddiaçı məhsulun batareyasının işləmədiyini bildirərək, məhsulu Cavabdeh şirkətinin Şəmkir rayonunda yerləşən filialına təqdim etmişdir. Məhsul texniki servisə göndərilmiş və batareyanın xarab olması müəyyən edilmişdir. Bundan sonra yeni batareya üçün iddiaçıdan əlavə ödəniş tələb edilmişdir. Belə ki, alınmış məhsula zəmanət verilsə də, məhsulun batareyalarına zəmanət verilməmişdir. Çünki batareya məhsulun əsas hissəsi hesab edilmir. Həmçinin, zəmanət istehsalçının günahından baş vermiş qüsurlara görə verilmişdir. Bu halda isə istehsalçı tərəfindən hər hansı qüsura yol verilməsi müəyyən edilməmişdir. Belə ki, məhsul işlək vəziyyətdə müştəriyə təhvil verilmişdir. Bu isə məhsulun qüsursuz şəkildə satılmasını deməyə əsas verir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və Cavabdeh MMC–nin Şəmkir Filialı tərəfindən verilmiş zəmanət talonundan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Cavabdeh MMC– dən 269,99 manat məbləğində 1 ədəd UPS Mercury Elite 2200U SMART 1320W məhsulunu almışdır. Həmin məhsula görə zəmanətin yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilməsi qeyd edilmiş, qüsurun istehsalçı tərəfindən baş verib–verməməsini yalnız Cavabdeh şirkətinin avtorizə olunmuş servis mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilməsi göstərilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli müştəri müraciətindən görünür ki, İddiaçı aldığı UPS Mercury Elite 2200U SMART 1320W məhsulun 15 dəqiqədən artıq enerji saxlamadığını, yeni alınanda 2 saatdan çox saxladığını və eyni avadanlıqda istifadə olunduğunu bildirmişdir. İşdə olan texniki rəydən görünür ki, UPS Mercury Elite 2200U SMART 1320W məhsulun batareyası bir müddət istifadə olunduqdan sonra sıradan çıxmışdır. Batareyalara istehsalçı tərəfindən zəmanət verilmədiyi üçün təmir ödəniş əsasında oluna bilər. İşdə olan təhvil–təslim aktından görünür ki, UPS Mercury Elite 2200U SMART 1320W məhsulu xx.xx.2024–cü il tarixdə Cavabdeh MMC–nin Şəmkir Filialında İddiaçı təhvil verilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2024– cü il tarixdə Cavabdeh MMC–nin rəsmi saytından online formada UPS Mercury Elite 2200U SMART 1320W məhsulunu sifariş edib almışdır. Aldığı məhsul rəsmiləşdirilən zaman Cavabdeh şirkəti tərəfindən məhsula dair zəmanət talonu verilmişdir. Lakin məhsul enerjini çox az saxladığı üçün iddiaçı tərəfindən xx.xx.2024–cü il tarixdə təmir edilməsi üçün Cavabdeh şirkətinin Şəmkir rayonunda yerləşən filialına təhvil vermişdir. Həmin məhsul texniki servisə göndərilmiş, batareyasının bir müddət istifadə olunduqdan sonra sıradan çıxması müəyyən edilmiş və batareyalara istehsalçı tərəfindən zəmanət verilmədiyi əsası ilə təmirin ödəniş əsasında aparılacağı iddiaçıya bildirilmişdir. Məhkəmə işin araşdırılmış hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, cavabdeh tərəf zəmanətin istehsalçının günahından baş vermiş qüsurlara görə verilməsini bildirmiş, habelə zəmanət talonunda da məhsula görə zəmanətin yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilməsi qeyd edilmiş, qüsurun istehsalçı tərəfindən baş verib–verməməsini yalnız Cavabdeh şirkətinin avtorizə olunmuş servis mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilməsi göstərilmişdir. Eləcə də, məhz cavabdeh tərəfindən texniki servisə göndərilmiş məhsulun batareyalarına istehsalçı tərəfindən zəmanət verilmədiyi üçün təmirin ödəniş əsasında oluna biləcəyi qeyd edilmişdir. Göründüyü kimi zəmanət talonunda qeyd edilmiş şəkildə, yəni qüsurun istehsalçı tərəfindən baş verib–verməməsi ilə bağlı Cavabdeh şirkətinin avtorizə olunmuş servis mərkəzinin mütəxəssisi tərəfindən rəy verilmiş və batareyalara istehsalçı tərəfindən zəmanət verilmədiyi qeyd edilmişdir. Bu hal isə öz– özlüyündə məhsulda yaranmış qüsurun (məhsulun zəmanət əsasında təmir oluna bilməməsi) istehsalçının günahından baş verməsi halını ehtiva edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəf zəmanətin batareyalara aid olmamasını qeyd etsə də, mövcud qanunvericiliyə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı–satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilməsini nəzərdə tutmuşdur. Cavabdeh tərəfindən verilmiş zəmanət talonunda isə qarantiyanın məhsulun konkret olaraq hansı hissələrinə şamil edilməsi göstərilməmiş, ümumi məhsula zəmanət verilməsi qeyd edilmişdir. Belə olan halda, həmin zəmanətin UPS Mercury Elite 2200U SMART 1320W məhsulun daxilində yerləşən batareyasına aid edilməməsi əsaslı sayıla bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsinin 1–ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5–ci maddəsinin 4–cü bəndinə əsasən İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. Həmin Qanunun 6–cı maddəsinin 1–ci bəndinə əsasən istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Həmin Qanunun 7–ci maddəsinin 1–ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7–ci maddəsinin 2–ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 7–ci maddəsinin 3–cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Həmin Qanunun 7–ci maddəsinin 4–cü bəndinə əsasən qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1–ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı–satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur Həmin Məcəllənin 582.1–ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581–ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı–satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581–ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 582.3–cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı–satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Həmin Məcəllənin 587.2–ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı–satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3–cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2–ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.4–cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2–ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Həmin Məcəllənin 588.1–ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2–ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Hazırki vəziyyətdə isə cavabdeh tərəf əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəlməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf yalnız formal izahat verməklə kifayətlənmiş və izahatında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəf alınmış məhsula zəmanət verilməsini, lakin məhsulun batareyalarına zəmanət verilməməsini iddia etsə də, məhz cavabdeh tərəfindən iddiaçıya verilmiş zəmanət talonunda belə bir istisnanın olması müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhsul iddiaçıya zəmanət ilə satılmışdır. Qüsurlu olması halında həmin zəmanət əsasında qüsurun aradan qaldırılması ehtimalı olmasına baxmayaraq, cavabdeh tərəf bunu ödənişlə həyata keçirməyi təklif etmişdir. Beləliklə, məhkəmə hesaab edir ki, cavabdeh tərəf iddiaçıya məhsulu zəmanət əsasında təhvil vermiş, buna baxmayaraq, məhsulda yaranmış qüsuru aradan qaldırmamış, əksinə iddiaçıdan əlavə ödəniş tələb etmişdir. Bu hal isə istehlakçı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının cavabdehdən aldığı UPS Mercury Elite 2200U Smart 1320W məhsul yenisi ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənilmiş 129 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC–dən aldığı UPS Mercury Elite 2200U Smart 1320W məhsul eyni növlü yeni məhsulla əvəz edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar