Məhkəmə qərarları › İş №2(076)-345/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-345/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-345/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.254 manat, cərimə borcu üzrə 376 manat olmaqla, cəmi 1.630 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinə əsasən “Sunny Electronics” mağazasından 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.340 manat olan yataq dəstini nisyə almışdır. Alqı–satqı müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 130 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 02 oktyabr 2014–cü il tarixli 17096 saylı müqavilə üzrə ödənilməmiş 1.254 manat əsas borcu qalmışdır. Öhdəliyini vaxtında icra etmədiyinə görə cavabdehə 376 manat cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.254 manat, cərimə borcu üzrə 376 manat olmaqla, cəmi 1.630 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh1 satıcı adlanan “Sunny Electronics” mağazasında sahibkarlıq fəaliyyəti göstərən İddiaçı 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.340 manat olan yataq dəstini nisyə almışdır. İşdə olan 02 oktyabr 2014–cü il tarixli 17096/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan 02 oktyabr 2014–cü il tarixli 17096/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinin icrasının təmin edilməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsi üzrə xx.xx.2014–xx.xx.2016–cı il ərzində hər ay 130 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 02 oktyabr 2014– cü il tarixli 17096 saylı nisyə alqı–satqı müqaviləsi üzrə 1.254 manat əsas borc, 376 manat cərimə borcu olmlaqla, cəmi 1.630 manat məbləğində borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh1 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinə əsasən “Sunny Electronics” mağazasında sahibkarlıq fəaliyyəti göstərən İddiaçı 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.340 manat olan yataq dəstini nisyə almışdır. Alqı–satqı müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 130 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsula görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun 02 oktyabr 2014–cü il tarixli 17096 saylı müqavilə üzrə ödənilməmiş 1.254 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 376 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da zamin olaraq iddiaçı qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 02 oktyabr 2014–cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1.254 manat, cərimə borcu üzrə 376 manat olmaqla, cəmi 1.630 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 37 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 02 oktyabr 2014– cü il tarixli 17096 saylı alqı–satqı müqaviləsi üzrə 1.254 manat əsas borc, 376 manat cərimə borcu olmaqla, cəmi 1.630 (bir min altı yüz otuz) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 37 (otuz yeddi) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar