Məhkəmə qərarları › İş №2(076)-348/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-348/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-348/2023 11.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı QSC-nin nümayəndəsi X2 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofik qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçı banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofik qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq iddiaçı banka təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı QSC-nin nümayəndəsi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, cavabdehlərin banka olan borcu ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməklə, evin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına bankın borcunun ödənilməsi qərara alınmışdır. Bundan sonra Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evini təmsil etdiyi bank hərrac vasitəsilə almışdır. Bu barədə Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********48–10301 reyestr nömrəli Çıxarış verilmişdir. Lakin cavabdehlər hazırda həmin evdə yaşayırlar. Bu hal isə iddiaçı bankın mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı bank faktiki olaraq mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Halbuki, milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüququndan sərbəst istifadə etmək hüququ vardır. Odur ki, iddiaçı bankın mülkiyyətində olan, Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofik qızının, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin evdən çıxarılmaqla, evin və torpaq sahəsinin boşaldılması və iddiaçı banka təhvil verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı bankdan götürdüyü kredit müqabilində Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin maddi imkanı olmadığından krediti ödəyə bilməmiş və iddiaçı bank fərdi yaşayış evini açıq hərracdan satın almışdır. Hazırda iddianı qəbul etmir. Belə ki, onun və ailəsinin yaşamağa başqa yeri yoxdur. Əgər ev banka təhvil verilərsə onlar əlverişsiz vəziyyətə düşə bilər. Əgər ona vaxt verilərsə banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 Tofik qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri, qanuni qüvvədə olan məhkəmə qətnaməsini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın yekunları haqqında xx.xx.2016–cı il tarixli Y–188 nömrəli protokolundan görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı QSC 127.500 manata satın almışdır. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********48– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı QSC–nin adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2021–ci il tarixdə verilmiş arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxmaları, əks halda məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişdir. İşdə olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Tofik qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 faktiki olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə və qeyrilərinə qarşı “icra qeydinin ləğvi, hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC Şəmkir şəhəri, Şəmkir küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evini hərracın yekunları haqqında xx.xx.2016–cı il tarixli Y–188 nömrəli protokola əsasən açıq hərracdan almışdır. Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********48–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı QSC qeyd olunan daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən mübahisəli ev və torpaq sahəsi tam şəkildə iddiaçı bankın mülkiyyətindədir. Cavabdehlər isə həmin evdə faktiki olaraq yaşayırlar. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün tutma ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı bank həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi və torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bankın mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin sahibliyi qanunsuzdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhəri, Şəmkir küçəsində 0.06 ha torpaq sahəsinin və onun üzərindəki 24 nömrəli fərdi yaşayış evinin bankın xeyrinə yüklü edilməsinə dair ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyan ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə yönəldilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehlərdən yalnız Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduqlarından məhz həmin cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********48–10301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı QSC–nin mülkiyyətində olan, Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofik qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq İddiaçı QSC–yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Seriya RX ******* saylı, xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəli, **********48–10301 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı QSC–nin mülkiyyətində olan, Şəmkir şəhəri, Şəmkir küçəsi, 24 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofik qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi boşaldılaraq İddiaçı QSC–yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar