Məhkəmə qərarları › İş №2(076)-356/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-356/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-356/2024 15.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən o, ondan ayrı-ayrı vaxtlarda 2000 (iki min), 1000 (bir min) və 1000 (bir min) manat olmaqla ümumilkdə 4000 (dörd min) manat məbləğində borc almışdır. Cavabdeh almış olduğu borcları qısa zamanda qaytarmağı öhdəsinə götürsə də bu günə kimi borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsəm də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X2 məhkəmə iclasında verdiyi izahatda cavabdehin hazırda 4000 (dörd min) borcu olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında tarixsiz əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 1000 manat borc pulu ehtiyacı olduğu üçün götürmüşdür. İş materiallarında olan digər tarixsiz əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 1000 manat borc pulu ehtiyacı olduğu üçün götürmüşdür. İş materiallarında digər tarixsiz əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 2000 manat borc pulu ehtiyacı olduğu üçün götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən yazılmış və imzalanmış üç ədəd əlyazmalarda 1000 manat, 1000 manat və 2000 manat məbləğində pulu iddiaçıdan götürməsini etiraf etdiyindən, iddia təmin edilməli və cəmi 4000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 4000 (dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X1 xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar