Məhkəmə qərarları › İş №2(076)-363/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-363/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-363/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi X3 Cavabdeh: Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh tərəfindən ona məxsus “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşına vurulmuş ziyanın əvəzi olaraq 8.560 manat maddi ziyanın, 111 manat dövlət rüsumunun və 550 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021–ci il tarixdə idarə etdiyi “BMW 5281” markalı 99–TO–969 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdikdə yol hərəkəti qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində onun avtomaşınına maddi ziyan dəymişdir. Eləcə də, cavabdeh baş vermiş yol–nəqliyyat hadisəsində təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sığorta şirkəti tərəfindən onun avtomaşınına dəymiş ziyan ilkin olaraq 13.392 manat müəyyən edilmiş, həmin pulun 4.800 manatını sığorta şirkəti ödəmişdir. Hadisədən sonra cavabdeh ona vurduğu maddi ziyanı ödəməyə söz versə də, hazırki vaxta qədər həmin ziyanı ödəməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün 111 manat dövlət rüsumu ödəmiş, 550 manat vəkilə xidmət haqqı ödəmişdir. Odur ki, iddianın təmin edilərək, cavabdeh tərəfindən ona məxsus “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşına vurulmuş ziyanın əvəzi olaraq 8.560 manat maddi ziyanın, 111 manat dövlət rüsumunun və 550 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2021–ci il tarixdə idarə etdiyi “BMW 5281” markalı 99–TO–969 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdikdə yol hərəkəti qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşınla toqquşmuşdur. Yol–nəqliyyat hadisəsindən sonra cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda isə cavabdeh maddi məsuliyyətdən yayınmaq istəyir. Halbuki, o, cavabdehə qarşılıqlı razılaşma təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Bu səbəbdən də məhkəmədə iddia qaldırmışdır. Çünki o, cavabdehi bir müddət gözləmiş, lakin cavabdeh ona vurduğu ziyanı ödəmək istəməmiş, habelə ona qarşı etinasız münasibət bəsləmişdir. Cavabdeh təqsirli olduğunu səmimi etiraf etməli olduğu halda, avtomobilə vurduğu zərərin az olmasını və yaxud da heç olmamasını iddia etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün 111 manat dövlət rüsumu, 550 manat vəkilə xidmət haqqı ödəmişdir. Odur ki, iddianın təmin edilərək, cavabdeh tərəfindən ona məxsus “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşına vurulmuş ziyanın əvəzi olaraq 8.560 manat maddi ziyanın, 111 manat dövlət rüsumunun və 550 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, məhkəmə qərardadına əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur. Həmin rəyə əsasən iddiaçıya məxsus “Subaru İmpreza” markalı 10–ZS–150 nömrəli avtomaşına vurulmuş ziyanın məbləği 8.852 manat müəyən edilmişdir. Eləcə də, baş vermiş yol– nəqliyyat hadisəsindən sonra “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən iddiaçıya 4.872 manat sığorta ödənişi olmuşdur. Hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən sığorta ödənişi çıxıldıqdan sonra qalan 3.980 manat məbləğin cavabdehdən tutulması əsaslıdır. Odur ki, iddianı qismən, yəni 3.980 manat hissədə qəbul edir və həmin hissədə iddianın təmin edilməsinı etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan AD 813073 saylı X1 Şəhadətnaməsindən görünür ki, “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan xx.xx.2021–ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021–ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi “BMW 5281” markalı 99–TO–969 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində hərəkətdə olarkən inzibati xəta törətmiş, onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş Hesabatdan görünür ki, “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 13.392 manat müəyyən edilmişdir. İşdə olan və Cavabdeh tərəfindən xx.xx.2018–ci il tarixdə Bakı şəhəri BPİ–in DYPİ–nə verilmiş yazılı izahatdan görünür ki, o, xx.xx.2021–ci il tarixdə idarə etdiyi “BMW 5281” markalı 99–TO–969 dövlət qeydiyyat nişanlı avtomaşınla Həsən Əliyev küçəsində hərəkətdə olarkən yol qaydasını pozaraq “Subaru İmpreza” markalı 10–ZS– 150 dövlət qeydiyyat nişanlı avtomaşını vurmasını və tərtib edilmiş protokolla razı olmasını etiraf etmişdir. İşdə olan və “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 23730 saylı sığorta ödənişi haqqında aktdan görünür ki, İddiaçı 4.872 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan və cavadehin vəsatəti əsasında məhkəmənin 20 sentyabr 2022–ci il tarixli qərardadı ilə təyin edilmiş, məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2022–ci il tarixli 9/7436 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" LLC–nin xx.xx.2021–ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2007–ci il buraxılışlı “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomobilin təmir–bərpa xərcləri hadisə baş verən tarixə təxminən 8.852 manat müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh xx.xx.2021–ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi “BMW 5281” markalı 99–TO–969 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində hərəkətdə olarkən manevr etmə qaydasını pozmuş və İddiaçı idarə etdiyi “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. xx.xx.2021–ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2022–ci il tarixli 9/7436 nömrəli ekspert rəyində iddiaçıya məxsus “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomobilin təmir–bərpa xərci nəzəri hesablama yolu ilə, 8.852 manat müəyyən edilmişdir. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, baş vermiş hadisədən sonra “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı 4.872 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol–nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Həmçinin, məhkəmə nəzərə alır ki, Cavabdeh Bakı şəhəri BPİ–in DYPİ–nə yazılı izahat verərkən, xx.xx.2021–ci tarixdə idarə etdiyi avtomaşınla yol qaydasını pozaraq pozaraq “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomaşını vurmasını və tərtib edilmiş protokolla razı olmasını etiraf etmişdir. Bununla belə məhkəmə işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, müvafiq ekspert rəyi ilə iddiaçıya məxsus avtomaşına 8.852 manat maddi ziyan dəyməsi müəyyən edilsə də, “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı 4.872 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda iddiaçıya məxsus avtomaşına dəymiş ziyanın məbləğindən sığorta ödənişi çıxılmalı, qalan məbləğ (8.852–4.872=3.980) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 3.980 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “550 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2022–ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2022–ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 hesabına 550 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 250 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin vəsatəti əsasında təyin edilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Subaru İmpreza” markalı 10–ZS–150 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 3.980 (üç min doqquz yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 111 (bir yüz on bir) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar