Məhkəmə qərarları › İş №2(076)-3664/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3664/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3664/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 234 manat sabit pul məbləği həddində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən 2015-ci il tarixdə təyin olunmuş aliment məbləği hazırda uşağın saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik, tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Məhkəmənin təyin etdiyi aliment məbləği uşağın bugünki tələbatına kifayət etmir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun cavabdehlə rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin verilməsi barədə qətnamə qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən 2015-ci il tarixdə təyin olunmuş aliment məbləği hazırda uşağın saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik, tələbatı, sağlamlığı və ümümiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Mövcud vəziyyətdə uşaqları tək başına saxlaya bilmir. Odur ki iddianın təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 234 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.O, həmin qətnamə ilə müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəyir, lakin alimentin məbləği artırılacağı təqdirdə ödəməkdə çətinlik çəkəcəkdir. Belə ki, X2 ilə rəsmi nikahda olmuş, onunla birgə nikahından iki nəfər uşaqları var və məhkəmənin qətnaməsi ilə həmin uşaqlarında saxlanması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment müəyyən olunmuşdur. Beləliklə də, o ayda dörd uşaq üçün cəmi 400 manat aliment ödəyir. O özü heç yerdə işləmir, günəmuzd fəhləlik edib fərdi əməklə məşğul olur və ayda 400 manat aliment pulunu zorla ödəyir. Hazırda maddi imkanı yoxdur. Odur ki hazırkı iddia ərizəsinə etiraz etdiyini bildirərək, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 sentyabr 2011–ci il tarixdə Toğrul və 18 avqust 2010–cu il tarixdə Rinat adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-770/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-2042/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında mediasiya prosesində iştirak etməmişdir. İşdə olan EMS portal çıxarışından görünür ki, Cavabdeh himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015ci il təvəllüdlü X3 adlı uşaqları var. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 06 may 2010–cu il tarixdə faktiki olaraq evlənməklə, rəsmi nikah qeyd etdirmişlər. Tərəflərin birgə nikahından 08 sentyabr 2011–ci il tarixdə Toğrul və 18 avqust 2010–cu il tarixdə Rinat adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehin digər nikahdan 11 sentyabr 2014-cü il təvəllüdlü X6 və 27 avqust 2015-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşaqları vardır və cavabdehdən həmin uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaqlar ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 100 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–770/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar