Məhkəmə qərarları › İş №2(076)-371/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-371/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-371/2023 25.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili X10 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 26.000 manat məbləğində pulun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 2020–ci ilin oktyabr ayından 2021–ci ilin mart ayınadək ondan 26.000 manat pul istəmiş, o da X3 həmin pulu alaraq cavabdehə vermişdir. Cavabdeh isə həmin pulu faizi ilə qaytaracağına dair söz vermişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən X2 Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ondan 25.080 manat məbləğində pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən narazı qalaraq şikayət vermiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş və ondan 21.330 manat pulun alınıb X4 verilməsi qət edilmişdir. Bundan sonra dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də, sonuncu müxtəlif vəd və bəhanələrlə onun pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində o, əlverişsiz vəziyyətə düşmüşdür. Hazırda cavabdeh əsassız olaraq onun hesabına varlanmışdır. Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməmiş, hazırda da ödəməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan ona məxsus pul qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, vəkilin çıxışını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, cavabdeh onun qızı ilə rəfiqə olduğundan onlara gəlib–getmiş, bu səbəbdən cavabdehi tanımışdır. İddiaçını da pul məsələsi ilə bağlı tanımışdır. Belə ki, təxminən 2 il əvvəl X1 pul alaraq cavabdehə vermişdir. Lakin pulun hansı məbləğdə olmasını konkret bilməmişdir. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022–ci il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı 25.080 manat məbləğində pul almasını etiraf etmiş, toplanmış materail üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(104)–725/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi dəyişdirilərək, iddia qismən təmin edilmiş və İddiaçı 21.330 manat məbləğində pulun alınıb X4 verilməsi qət edilmişdir. İşdə olan və cavabdeh tərəfindən xx.xx.2022–ci il taridə yazılmış iltizamdan görünür ki, o, İddiaçı pul götürməsini, həmin pulu hər ay 3.750 manat olaraq qaytarmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 26.000 manat məbləğində pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahid ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahid keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, cavabdehin iddiaçıdan borc pul almasını konkret şəkildə göstərmişdir. Ona görə də məhkəmə həmin şahid ifadəsini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin məhkəmə borcun məbləği barədə olan halı işin mübahisə edilən faktiki halı kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı cavabdehə 26.000 manat pul verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 26.000 manat deyil, yalnız ibtidai araşdırma zamanı cavabdehin etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 25.080 manat miqdarda qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qanun normasında borc müqaviləsin predmetinin məbləğinin üç min manatdan çox olması halında borc müqaviləsinin yazılı formada bağlanması qeyd edilsə də, eləcə də, iddiaçı cavabdehə 26.000 manat məbləğində pul verməsini iddia etsə də, işin hallarından, o cümlədən cavabdehin ibtidai araşdırma zamanı verdiyi izahatından görünür ki, o, iddiaçıdan 25.080 manat pul almasını etiraf etmişdir. Ona görə də məhkəmə bu halı cavabdehin iddiaçıdan borc pul almasını etiraf etdiyinə görə tərəflər arasında borc müqaviləsinin bağlanması kimi qiymətləndirir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 25.080 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 25.080 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh yazılı iltizamda borcundan hər ay iddiaçıya 3.750 manat pul ödəməsini bildirsə də, həmin halı təsdiq edən və mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 25.080 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.080 (iyirmi beş min səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar