Məhkəmə qərarları › İş №2(076)-3710/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3710/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3710/2024 22.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit (Borc) və Girov müqaviləsi üzrə yaranmış 587,77 manat əsas borc və 194,94 manat faiz borcu olmaqla, ümumilikdə 782,71 (yeddi yüz səksən iki manat yetmiş bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit (Borc) və Girov müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilik 36,78% ödəmək şərtilə istehlak məqsədi ilə 3320 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit (Borc) müqaviləsinin 4-cü maddəsinə görə borcverən bu müqavilədə razılaşdırılımış kreditin məbləğini, müqavilə imzalandıqdan sonra müqavilə üzrə göstərilən ssuda hesabına köçürür və borcalan isə bu müqavilənin şərtlərinə vaxtında və layiqincə əməl etməyi öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazım qaydada icra etməyərək, götürdüyü kredit məbləğindən heç bir ödəniş etməmişdir. Ona görə də, cavabdehə rəsmi qaydada məlumat verilərək, ona məxsus qızıl-zinət əşyaları xx.xx.2024cü il tarixdə 3191.50 manata satılmış və cavabdehin borcunun ödənilməsinə yönəldirilmişdir. Lakin, həmin məbləğ cavabdehin iddiaçıya olan borcunun tam ödənilməsi üçün yetərli olmamışdır. Cavabdehə qalıq borcunu ödəməsi şifahi qaydada bildirilsə də, o maddi imkanı olmadığını bildirərək, borcunu ödəməkdən imtina etmişdir. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə 25 iyun 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. 20 sentyabr 2024-cü il tarixə Cavabdeh 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit (Borc) müqaviləsi üzrə 06 sentyabr 2024-cü il tarixində "xxxx" MMC-nə əsas borc üzrə 587.77 manat, faiz borcu üzrə 194.94 manat məbləğində borcu yaranmışdır. Ona görə də tələblərini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməli olmuşdurlar. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh (borcalan) 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli Kredit (Borc) və Girov müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, ilik 36,78% ödəmək şərtilə istehlak məqsədilə ilə 3320 manat məbləğin də kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1.1-ci bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda, Bank bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh (borcalan) 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli Kredit (Borc) və Girov müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh məxsus (2 ədəd 15.5 qram-585 prob olan qolbağı, 2 ədəd 10.10 qram-585 prob olan boyunbağı klonla, 3 ədəd - 15.30 qram olan Sırğa, 3 ədəd 8.20 qram-585 proba olan üzük) qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi "xxxx" MMC-nə olan borcundan hər ay 285,08 manat, sonuncu ayı isə 305,38 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Satış aktından görünür ki, 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli Kredit (Borc) və Girov müqaviləsinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsinin təmiantı olaraq girov qoyulmuş əşyalar satışa çıxaralaraq 3191,5 manat məbləğində qiymətləndirilərək satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu - əsas məbləğ üzrə 587,77 manat əsas borc və 194,94 manat faiz borcu olmaqla, ümumilikdə 782,71 manat təşkil edir. İş materiallarında olan, bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 13 dekabr 2023-cü il tarixli, PLK007414 nömrəli kredit (Borc) və Girov müqaviləsi üzrə yaranmış 587,77 manat əsas borc və 194,94 manat faiz borcu olmaqla, ümumilikdə 782,71 (yeddi yüz səksən iki manat yetmiş bir qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMC -yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar