Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-389/2025 17.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 814/2023 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə ailə həyatından 08 yanvar 2018-ci ildə Əsgərli Yusif pasif oğlu adlı uşağı doğulmuşdur. Rəsmi nikah olmadığından Cavabdeh ərizəsi əsasında azyaşlı uşağın atalığı müəyyən edilmişdir. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və azyaşlı uşaq onun yanında qalmışdır. Cavabdeh azyaşlı övladlarının maddi cəhətdən saxlanması üçün ona köməklik etmədiyinə görə o, Mediasiya Təşkilatına aliment tələbi ilə müraciət etmişdir. Cavabdehlə aralarında bağlanmış Mediasiya Təşkilatında bağlanmış 11 dekabr 2021-ci il tarixli, MŞİH- 09359 saylı Barışıq Sazişinə əsasən Cavabdeh 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 150 (bir yüz əlli) manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəmədiyindən o, məcbur olub barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində 11 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi Cavabdeh 01 yanvar 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 150 (bir yüz əlli) manat alimenti ödəməyi öhdəsinə götürməsi hissəsində təsdiq edilmişdir. O, hazırda azyaşlı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Azyaşlı övladı böyüdükcə maddi tələbatları artır, orta məktəbdə təhsil alır, getdikcə xərcləri çoxalır. O, özü səhhətində olan narahatçılıqlarla bağlı cərrahi əməliyyat olmuşdur, hazırda daimi olaraq həkim müayinə və müalicələrində olur. Həmçinin uşağın səhhətində də problemlər yaranmışdır. Hazırda azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azyaşlı uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. O, alimentin məbləğinin artırılması tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh alimentin məbləğinin artırılmasına razı olmadığına görə ona ilkin mediasiya Sessıyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının cavabdehlə rəsmi nikahından 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşağı anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2023 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 manat alimentin verilməsi barədə qətnamə qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ çox aşağı bir məbləğdir, hazırda uşağın saxlanması üçün kifayət etmir. İddiaçı xərçəng xəstəliyinə tutulmuş, cərrahi əməliyyat keçirmişdir. Hazırda daimi müalicə və müayinələrdədir. Uşağın özünündə gözündə xəstəlik aşkar edilmiş və mütəmadi həkim müayinəsi altındadır. Mövcud vəziyyət dəyişdiyindən, iddiaçı xəstəliyi ilə bağlı qazancının xeyli miqdarı dərmanlara müayinələrə xərcləndiyindən, uşağı tək başına saxlaya bilmir, əlavə xərcləri çoxalmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh, məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikahdan 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-814/2023 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. O, həmin qətnamə ilə müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəyir, lakin alimentin məbləği artırılacağı təqdirdə ödəməkdə çətinlik çəkəcəkdir. Özü xəstədir, ağ ciyərlərindəki xəstəlikdən əziyyət çəkir. Hazırda maddi imkanı yoxdur, iddiaçı ən yaxşı halda 180 manat aliment ödəyə bilər. Odur ki hazırkı iddia ərizəsinə etiraz etdiyini bildirərək, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İşdə olan 18 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, 08 yanvar 2018-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-814/2023 saylı qətnaməsinin surətindən görünür ki, 01 yanvar 2022-ci il tarixdən başlayaraq 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləği aliment cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Hərbi Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, müayinə sənədindən görünür ki, İddiaçı xəstəliklə əlaqədar həkim müayinəsində olmuşdur.Vəzi total trioidektomiyalı olduğunu bildirir. 16X7 mm ölçüdə vəziyə aid ola biləcək txouam izlənilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı düyünlü ür diaqnozu qoyulmuşdur. Rəy: tireoid sağ payda: limfostik tireoidit fonunda atipik hüceyrə proliferiyası. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sənəddən görünür ki, İddiaçı skelet sistemi və bədənin digər hissələrində fizioloji biopaylanması müşahidə edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-814/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarı: 8.4–1-Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1- Alimentin məhkəmə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğininin tutulmasına da şamil edilir.Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələr sırasına aid edilməmişdir. 8.13- alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, aliment kəsiləndən sonra bir müddət sonra aliment alan tərəfin (iddiaçının) vəziyyətində dəyişiklik baş vermiş, o, endokrinoloji xəstəliyə tutulmuş, xəstəliyi ilə əlaqədar xərcləri çoxalmış, maddi vəziyyəti pisləşmişdir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda movcüd olmuş vəziyyətinin dəyişməsi ilə əlaqədar həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının müraciət məhkəməyə daxil olduğu xx.xx.2024–cü il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2024-cü il üçün minimum əmək haqqı məbləğinin 0,58 misli həddində ( 345x0,58=200) sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay xx.xx.2024–cü il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2024-cü il üçün minimum əmək haqqı məbləğinin 0,58 misli həddində sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Həmçinin, məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2400 manat (200 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 227, 233, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 26 noyabr 2024 cü il tarixdən başlayaraq, 08 yanvar 2018-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-814/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2024–cü il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,58 misli həddində sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-389/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-389/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver