Məhkəmə qərarları › İş №2(076)-403/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-403/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-403/2023 31.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsi və kredit razılaşması üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasının ləğv edilməsi, həmin razılaşma üzrə cavabdehlərdən 2.200,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu, 971,20 manat dəbbə pulu olmaqla, cəmi 3.200,56 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015–ci il tarixli 034L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə bankla Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasına əsasən cavabdehə 60 ay müddətinə, illik dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 2.200,01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur, Belə ki, Cavabdeh1 götürdüyü kredit borcunu ödəməkdən yayınmışdır. Hazırda onun banka 2.200,01 manat əsas kredit borcu, 29,35 manat isə faiz borcu vardır. Cavabdeh borcunu ödəmədiyinə görə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin ödəmədiyi kredit borcunun qalığına 0,1 faiz cərimə tətbiq edilmiş, nəticədə onun banka 971,20 manat dəbbə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasının ləğv edilməsi, həmin razılaşma üzrə cavabdehlərdən 2.200,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu, 971,20 manat dəbbə pulu olmaqla, cəmi 3.200,56 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə “İddia həcminin azaldılması barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh tərəfindən əsas borc üzrə qismən ödəniş edilmişdir. Həmçinin, cavabdehlərdən Cavabdeh3 vəfat etmişdir. Odur ki, Cavabdeh3 cavabdehlikdən çıxarılmaqla, digər cavabdehlərdən 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşması üzrə 1.600,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu, 971,20 manat dəbbə pulu olmaqla, cəmi 2.600,56 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM–in 53–cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh banka olan borcundan qismən ödəniş etmiş, bu səbəbdən iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaltmaq barədə ərizə vermişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 19 iyun 2015–ci il tarixli 034L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə üzrə bankla arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasına əsasən ona 60 ay müddətinə, illik dərəcəsi 1% olmaqla, 2.200,01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən maddi imkanı olan kimi borcunu ödəməyə söz verir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015–ci il tarixli 034L**********16 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan 19 iyun 2015–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015–ci il tarixli 034L**********16 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşlər. İşdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik dərəcəsi 1% olmaqla, 2.200,01 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC–yə aid məxaric orderindən görünür ki, 18 dekabr 2019–cu il tarixdə Cavabdeh1 2.200,01 manat məbləğində pul verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasına əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2020–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021–ci il tarixə banka 2.200,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu, 971,20 manat dəbbə pulu olmaqla, cəmi 3.200,56 manat məbləğində borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2019–cu il tarixdə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015–ci il tarixli 034L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə bankla Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşmasına əsasən cavabdehə 60 ay müddətinə, illik dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 2.200,01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh götürdüyü kredit borcundan qismən ödəniş etmiş, bu səbəbdən cavabdehin iddiaçı banka 1.600,01 manat əsas kredit borcu, 29,35 manat isə faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 971,20 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşması ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşması ləğv edilməli, həmin razılaşma üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.600,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu və 50 manat dəbbə pulu olmaqla, cəmi 1.679,36 manat pul alınıb İddiaçı QSC– yə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşması ləğv edilsin. 18 dekabr 2019–cu il tarixli 016R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.600,01 manat əsas kredit borcu, 29,35 manat faiz borcu və 50 manat dəbbə pulu olmaqla, cəmi 1.679,36 (bir min altı yüz yetmiş doqquz manat otuz altı qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar