Məhkəmə qərarları › İş №2(076)-408/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-408/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-408/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8.802,25 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2003–cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərməklə, Fransa–Azərbaycan birgə müəssisəsi olaraq lak–boya məhsullarının istehsalı və satışı ilə məşğul olur. Cavabdehlə olan razılaşmaya əsasən MMC–yə məxsus lak–boya məhsulları cavabdehə təqdim olunmuş, lakin cavabdeh həmin məhsulları sataraq pulunu mənimsəmişdir. Belə ki, razılaşmaya əsasən cavabdeh guya yaxşı biznes əlaqələri və alıcı kütlələri ilə münasibəti olduğundan şirkətin məhsullarını satacaq, məhsulun dəyərini şirkətə ödəyəcək, özü isə satışa uyğun gəlir götürəcəkdir. Cavabdeh şirkətin etibarını qazanmaq məqsədilə ilk əvvəllər götürdüyü məhsulların dəyərini qismən ödəmiş, lakin sonradan ödəniş etməmişdir. Nəticədə cavabdehin 8.802,25 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 8.802,25 manat məbləğində pulun alınıb İddiaçı MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh təmsil etdiyi cəmiyyəti əlverişsiz vəziyyətə salmış, nisyə aldığı məhsulların dəyərini tam şəkildə ödəməmişdir. Bu səbəbdən cavabdehin 8.802,25 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 8.802,25 manat məbləğində pulun alınıb İddiaçı MMC– nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən İddiaçı MMC–dən nisyə lak–boya məhsulları almış və həmin məhsulları sataraq pulunu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin işləri yaxşı getməmiş, maddi vəziyyəti pisləşmiş, bu səbəbdən iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırda da iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən maddi imkanı olan kimi borcunu ödəməyə söz verir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və xx.xx.2022–ci il tarixdə Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı MMC–yə olan 8.000 manat borcunu 6 ay ərzində ödəmək üçün icazə istəmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin 3 ay ödəniş etdikdən sonra, qalan aylar üzrə ödəniş etməmiş, bu səbəbdən ödənilməmiş 8.802,25 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə lak–boya məhsullarının nisyə verilməsini, həmin məhsulun dəyəri olan 8.802,25 manat pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı cəmiyyət lak–boya məhsullarını cavabdehə nisyə vermiş, cavabdeh isə həmin məhsulu sataraq pulunu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qismən ödəsə də, qalan 8.802,25 manat pulu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı lak–boya məhsullarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 8.802,25 manat borcunu iddiaçıya ödəməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh lak–boya məhsullarını İddiaçı MMC–dən nisyə alması, həmin məhsulunun dəyərinin bir hissəsini qaytarsa da, 8.802,25 manat pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 8.802,25 manat məbləğində pul alınaraq İddiaçı MMC–yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8.802,25 (səkkiz min səkkiz yüz iki manat iyirmi beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar