Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4141/2025 02.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3, İddiaçı X1 cavabdeh Abasova Nahidə Alı qızına və Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Abasova Nahidə Alı qızına və Cavabdeh qarşı “borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1540 (min beş yüz qırx) manat əsas borc, 104 (yüz dörd) manat faiz borcu və 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 1684 (min altı yüz səksən dörd) manat məbləğində pulun və 37 (otuz yeddi) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 00101 nömrəli 18 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 36 % dərəcəsi ilə 9100 (doqquz min yüz) manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə sifahi müraciət olunmasına, habelə 0025 saylı 11 sentyabr 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Lombard, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş bore məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, lombard öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh və Zamin kredit üzrə cəmi borcu 1684 (min altı yüz qırx dörd) AZN manatı təşkil edir. Bundan 1540 (min beş yüz qırx) AZN manatı əsas, 104 (yüz dörd) AZN manatı faiz, 40 (qırx) AZN manatı cərimə borcu təskil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 00101 nömrəli 18 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 36 % dərəcəsi ilə 9100 (doqquz min yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixnə kimi borcunu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh borcu cəmi 1684 manat təşkil edir. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən Zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Abasova Nahidə Alı qızına və Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Abasova Nahidə Alı qızı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh Abasova Nahidə Alı qızı onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, ümumilikdə 457.56 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Abasova Nahidə Alı qızından və Cavabdeh müştərək qaydada 00101 nömrəli 18 oktyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1540 manat, faiz borcuna görə 104 manat, cərimə borcuna görə 40 manat, cəmi 1684 (min altı yüz səksən dörd) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı X2 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(076)-4141/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4141/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver