Məhkəmə qərarları › İş №2(076)-424/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-424/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-424/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 339,9 manat, cərimə borcu üzrə 50,9 manat olmaqla, cəmi 390,8 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 06 ay müddətinə ödəmək şərti ilə dəyəri 509,9 manat olan 1 ədəd “EPSON” markalı printeri nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı əşyaya görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun ödənilməmiş 339,9 manat əsas borcu qalmışdır. Eləcə də, nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu hesablanmış və cavabdehin 509 manat cərimə borcu yaranmışdır. Bununla belə həmin cərimənin 90 faizi güzəşt edilmiş və cavabdeh tərəfindən cərimənin yalnız 10 faizi, yəni 50,9 manat ödənilməsi tələb edilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 339,9 manat əsas borc, 50,9 manat cərimə borcu olmlaqla, cəmi 390,8 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC– nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC– dən 06 ay müddətinə ödəmək şərti ilə dəyəri 509,9 manat olan 1 ədəd “EPSON” markalı printeri nisyə almış, borcunu müqavilə üzrə hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2 ay ödəniş etdikdən sonra qalan borcunu ödəməmişdir. Bu səbəbdən təmsil etdiyi cəmiyyət məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Əlavə olaraq qeyd edir ki, cavabdeh qüsurlu məhsulun ona verilməsini iddia etsə də, onun iddiasını qəbul etmir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində printeri onlardan təhvil almış, sonradan isə həmin məhsulu qüsurlu olması səbəbindən geri qaytarmışdır. Bundan sonra həmin məhsul rəsmi servisdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Bu səbəbdən printer cavabdehə geri qaytarılmışdır. Hesab edir ki, cavabdeh borcu ödəməmək üçün belə bir əsassız halı irəli sürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 06 ay müddətinə ödəmək şərti ilə dəyəri 509,9 manat olan 1 ədəd “EPSON” markalı printeri nisyə almış, borcunu müqavilə üzrə hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin printeri alarkən çap sürətinin dəqiqədə 33 səhifə, növü print, copy, scan (rəngli) olması qeyd edilmişdir. Lakin printeri alıb istifadə edərkən məlum olmuşdur ki, printeri xüsusiyyətləri ona təqdim olunan kimi deyildir. Belə ki, printer dəqiqədə nəinki 33 səhifə, heç 27 səhifə beləe çap etmədi. Bundan sonra printeri qüsurlu olması səbəbindən İddiaçı MMC–yə geri qaytarmış, həmin məhsul rəsmi servisdə yoxlanılmış, lakin heç bir qüsur aşkar edilməmişdir. Bundan sonra printer ona qaytarılmışdır. Lakin printerin işləməsindən narazı qaldığı üçün yenisi ilə əvəz edilməsinə dair təkrarən İddiaçı MMC–yə müraciət etmiş, buna baxmayaraq, onun müraciəti cavabsız qalmışdır. O, printerin yenisi ilə əvəz olunacağını düşündüyündən iddiaçıya cəmi 2 ay ödəniş etmişdir. Hazırda qeyd etdiyi əsaslara görə iddianı qəbul etmir. Çünki ona qüsurlu məhsul verilmiş, o isə həmin məhsuldan istifadə edə bilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Həmçinin, cavabdeh məhkəmə iclası zamanı sualları cavablandırarkən göstərmişdir ki, həmin printer hazırda onun evindədir və printeri istifadə etmir. Məhkəmə, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC–dən dəyəri 509,9 manat olan 1 ədəd “EPSON” markalı printeri nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022–xx.xx.2022–ci il ərzində hər ay 85 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 31 yanvar 2022–ci il tarixli ********* saylı nisyə alqı–satqı müqaviləsi üzrə xx.xx.2021–ci il tarixədək 339,9 manat əsas borc, 509 manat cərimə borcu olmlaqla, cəmi 848,90 manat məbləğində borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən dəyəri 509,9 manat olan 1 ədəd “EPSON” markalı printeri nisyə almışdır. Alıcı pulu 06 ay müddətində hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcundan ödəniş etməmiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 50,9 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh İddiaçı MMC tərəfindən ona qüsurlu məhsul verilməsini iddia etsə də, həmin hal mötəbər məbədən əldə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə tərəflər arasında 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi bağlanmış, həmin müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Belə ki, müqavilənin 3.1.2–ci bəndinə əsasən satıcı alıcıya nisyəsatılan malı yoxlayıb təhvil verməyi, 3.2.5–ci bəndinə əsasən isə alıcı nisyə alınan malı yoxlayıb qəbul etməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilənin 3.4.2–ci bəndinə əsasən alıcının nisyə alınan malı yoxlayıb qəbul etmək hüququnun olması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinin şərtləri cavabdehə məlum olmuş və cavabdeh həmin müqaviləni şəxsən imzalamışdır. Həmin vaxt isə məhsulu əldə etmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh mübahisəli məhsulu alarkən yoxlamış və hər hansı qüsur müəyyən edilməmişdir. Bundan sonra cavabdeh həmin məhsulu iddiaçıdan təhvil almışdır. Belə olan halda, cavabdehin aldığı məhsulun qüsurlu olması işin araşdırılmış halları ilə təsdiq olunmamış, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 339,9 manat əsas borc, 50,9 manat cərimə borcu olmaqla, cəmi 390,8 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 31 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə Cavabdeh 339,9 manat əsas borc, 50,9 manat cərimə borcu olmaqla, cəmi 390,8 (üç yüz doxsan manat səksən qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar