Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-436/2024 14.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı qaldırdığı alimentin miqdarının artırılmasına dair iddianın təmin edilməs, yəni Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş Cavabdeh birgə nikahları dövründə olan övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün müəyyən edilmiş 160 manat alimentin artırılaraq yəni mediasiyaya müraciət etdiyi tarixdən yəni xx.xx.2023cü il tarixdən artırılaraq hər uşaq üçün 230 manat, cəmi 460 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə və mediasiya xidmətinə ödədiyi 50 manat xidmət haqqının da cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən nikahları dövründə doğulan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanılması üçün bir uşağa 160 manat aliment tutulması yəni cəmi 320 manat aliment tutulması müəyyən olunmuşdur. Cavabdeh alimentdən başqa uşağın saxlanılmasında heç bir köməklik etmir. Hazırda həmin məbləğdə olan alimentlə uşağı saxlamaqda və maddi ehtiyaclarını təmin etməklə çox çətinlik çəkir. Çünki yaşayış minumumu artıb, qiymətlər qalxıb və uşaqda böyüdüyündən onun maddi tələbatlarıda artmışdır. Buna görə də alimentin miqdarının artırılması zərurəti hesab edir ki, yaranıbdır və cavabdeh bir manat da olsun uşağın geyimlərinin alınmasına köməklik etmir. Cavabdeh kifayət qədər gəlirə və qazanca malikdir. Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş hər uşağa görə 160 manat aliment uşağın saxlanılmasına kifayət etmir və uşaqlar böyüdükcə uşaqların qayğıları da artır və maddi ehtiyacları da artır, buna görə də alimentin miqdarının artırılması barədə məhkəmədə iddia qaldırılmalı olub və hesab edir ki, yaşayış minimumu həddində cavabdeh tərəfindən ona aliment ödənilməlidir və məhkəmə tərəfindən hesab edir ki iddiası təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh Amerikadadır, orada işləməyə gedib. Qazancı yaxşıdır. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, alimenti ödəməyə gücü çatmır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin nikahlarından xx.xx.2010-cu ildə X7 və xx.xx.2012ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış 12 oktyabr 2010-cu il, 341 nömrəli nikahın pozulması, xx.xx.2010-cu ildə doğulmuş X7 və xx.xx.2012-ci ildə doğulmuş X2 İddiaçı yanında qalması, 19 aprel2022-ci il tarixdən başlayaraq 13 noyabr 2010-cu ildə doğulmuş X7 və 23 oktyabr 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə evliliklərindən anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən məhkəmə qətnaməsi ilə hər ay hər uşağa 160 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, cavabdeh həmin məbləği vaxtlıvaxtında ödəyir, lakin hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, uşaqların saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşağa 200 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, mediasiya xərci isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 960 manat (80 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-436/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-436/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver