Məhkəmə qərarları › İş №2(076)-451/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-451/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-451/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi Nümayəndə1 Cavabdeh: Cavabdeh, onun vəkili Nümayəndə2 Üçüncü şəxs: Şəmkir rayon Bayramlı Bələdiyyəsinin sədri X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın və tikilmiş evə xərclənilən xərcin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın və tikilmiş evə xərclənilən xərcin bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsinə iki nəfər uşaqları ilə birgə paylarının tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə evlənmiş, gəlin kimi cavabdehin ata evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə məhkəmə qaydasında ayrılmış və uşaqlar onun yanında qalmışdır. Cavabdehlə birgə nikahda olduqları zaman Şəmkir rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan 0.25 ha torpaq sahəsində 3 yataq otağı, 1 zal, sanitar qovşağı və 11 metr uzunluğunda tövlə, əlavə olaraq ayrıca 2 otaqdan ibarət yarımtikili inşa etmişlər. Həmin evi 2007-ci ildə, yəni birgə nikahda olduqları vaxt inşa etməyə başlamış, birgə təsərrüfatı idarə etdiklərindən bir neçə ilə evin inşası başa çatmışdır. Həmin evin tikilməsinə 70.000 manat pul xərcləmişlər. Buna baxmayaraq, cavabdeh onun evə köçüb yaşamasına imkan vermir. Bu səbəbdən evin inşasına çəkilmiş vəsaitdən onun payına düşən hissənin cavabdehdən alınmasını istəyir. Hesab edir ki, iki nəfər uşaqları onunla birlikdə yaşadıqlarında evə çəkilmiş xərcin 2/3 hissəsi ona verilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsinə iki nəfər uşaqları ilə birgə paylarının tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşməsi barədə” əlavə ərizə təqdim edərək, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların iddiaçı ilə qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Toy günü cavabdehin atasına məxsus olan və Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Gəlin köçdüyü ev köhnə ev olmuş, bu səbəbdən birgə nikah dövründə qazanılmış vəsait hesabına həyətdə ikinci yeni ev inşa etmişlər, hasar çəkmiş və tövlə tikmişlər. Həmin evin inşasına onlar yeni evləndikdən sonra başlamış və ev bir neçə ilə tam hazır vəziyyətə gətirilmişdir. Evin inşası zamanı ustalara o, qulluq etmiş, əri müəyyən vaxtlarda Rusiya Federasiyasında və Türkiyədə olmuş, evin inşasına pul göndərmiş, o isə burada lazımi ləvazimatlar almış, eləcə də anası bəzi vaxtlarda onlara maddi yardım etmişdir. Həmçinin, həyətdə yeni evdən başqa mal tövləsi inşa etmişlər. Lakin ailə münasibətlərinin pozulması səbəbindən azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxmışdır. Ev hazırda cavabdehin istifadəsindədir. O, cavabdehdən ayrılıb evdən çıxan zaman mübahisəli fərdi yaşayış evi tam hazır vəziyyətdə olmuşdur. Belə olan halda hesab edir ki, həmin evə çəkilmiş xərcin 2/3 hissəsi cavabdehdən alınıb ona verilməlidir. Çünki birgə nikahdan doğulmuş uşaqları onun himayəsində yaşayırlar. Cavabdeh isə könüllü olaraq onun payına düşən məbləği verməkdən yayınır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların iddiaçı ilə qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən İddiaçı ilə ilə xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Lakin 2020-ci ilin sentyabr ayında iddiaçının təqsiri ucbatından ailə münasibətləri pozulmuş və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Hazırda iddianı qəbul etmir. Belə ki, qeyd olunan ev onların birgə vəsaiti hesabına inşa edilməmişdir. Onun rəsmi iş yeri və qazancı olmadığından günəmuzd fəhləlik etmiş və əldə etdiyi cüzi miqdarda əmək haqqı ilə ailəsini ancaq dolandırmışdır. Onun ev inşa etmək üçün hər hansı vəsaiti olmamışdır. Mübahisəli evi isə qardaşı Qafurdan 7.000 manat məbləğində borc pul almaqla inşa etdirmiş, evin inşasında isə yaxın dostları iştirak etmiş və münasibətləri olduğundan ondan əmək haqqı almamışlar. Həmçinin, qeyd edir ki, iddiaçı ilə birgə nikah dövründə olan zaman evin divarları hörülmüş, şiferi qoyulmuş, damın altı yığılmış, giriş qapısı qoyulmuşdur. Lakin evin döşəməsi və tavanı vurulmamış, daxili qapı-pəncərələr qoyulmamış, elektrik xətləri çəkilməmişdir. Eləcə də, iddiaçı ilə birgə yaşadıqları müddətdə həyətdə hasar və mal tövləsi inşa etdirmişlər. İddiaçı ilə birlikdə həyətdə olan kiçik tikilidə yaşamışlar, iddiaçı məhz həmin evdən çıxıb getmişdir. İddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə evlənmiş, sonradan, yəni ikinci arvadının vəsaiti hesabına evin qalan işləri görülmüş, döşəməsi və tavanı vurulmuş, daxili qapı-pəncərələr qoyulmuş, elektrik xətləri çəkilmiş, suvaq işləri görülmüş və ev tam hazır vəziyyətə gətirilmişdir. Belə olan halda mübahisəli evin inşasına birgə vəsaitlə əldə edilmiş hər hansı qazanc sərf edilməmişdir. Həmçinin, iddiaçı heç bir əsasa istinad etmədən guya evin inşasına 70.000 manat pul xərclənməsini iddia etmişdir. Onun heç bir vaxt bu qədər pulu olmamış, evin tikintisinə daha sərfəli tikinti materialları istifadə olunmuş, ustalar isə dostları olduğu üçün zəhmət haqqı almamışlar. Hesab edir ki, mübahisəli evin birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilmədiyindən iddiaçının payına hər hansı pul düşməməlidir. Həmçinin, qardaşından aldığı 7.000 manat borc pulu belə hələ qaytarmamışdır. Bundan başqa qeyd edir ki, mübahisəli ev bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş və onun evə mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Belə olan halda iddiaçının ondan pul tələb etməsi əsaslı hesab edilə bilməz. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs Şəmkir rayon Bayramlı Bələdiyyəsinin sədri X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayon Bayramlı Bələdiyyəsinin sədridir və mübahisəli evə gedib-gəlmişdir. Mübahisəli torpaq sahəsinin inşa edildiyi və Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsində tərəflərin birgə nikahda olduqları vaxt ev inşa edilməyə başlanmış, lakin evin hasarı hörülməklə, şiferi vurulmuşdur. Həmin vaxt ev hazır olmadığı üçün orada yaşayış olmamışdır. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və Aynurə evdən çıxmışdır. Aynurə evdən çıxdıqdan bir müddət sonra evin yenidən inşasına başlanılmış və ev tam şəkildə inşa edilərək hazır vəziyyətə gətirilmişdir. Həmçinin, qeyd edir ki, mübahisəli torpaq sahəsinə görə Cavabdeh vaxtlı-vaxtında vergi ödəmiş, bu səbəbdən bələdiyyə tərəfindən ona rəsmi bildiriş ünvanlanaraq, evin sənədləşməsi tələb edilmişdir. Hazırda isə iş üzrə yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Aynurənin xalası qızıdır. Aynurə 2007-ci ildə Cavabdehla evlənmiş, toy günü evin həyətində olan vaqona köçmüş, cehiz əşyaları da oraya yığılmışdır. Mübahisəli evi isə tərəflər birgə nikah dövründə inşa etdirmişlər. Belə ki, həmin vaxt Vüsal Rusiya Federasiyasına getmiş və oradan pul göndərmiş, Aynurə isə həmin pul hesabına evi, tövləni inşa etdirmiş, hasar çəkdirmiş, ustalara baxmışdır. Həmçinin, Vüsal onunla birlikdə Türkiyədə işləmiş, ev inşa edilən zaman Vüsalın pulunu Aynurəyə şəxsən o, göndərmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, tərəflər evləndikləri ilk illərdə evin həyətində olan vaqonda yaşamış, sonradan yeni evin inşasına başlanılmışdır. Belə ki, o, usta kimi evin xımını qoymuş, sonradan evin hörgüsü hörülmüş və şifer qoyulmuşdur. Evin daxili qapıları, döşəmə-tavanı hazır olmamışdır. Aynurə evdən gedəndən sonra daxili qapı-pəncərələr qoyulmuş, döşəmə-tavan vurulmuş, sanitar qovşağı hazır edilmişdir. Həmin vaxt Vüsal tikinti materiallarını qardaşından borc pul alaraq almış, o, isə Vüsaldan əmək haqqı almamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mübahisəli evdə hörgü işini görmüşdür. Həmin vaxt Aynurə ilə Vüsal bir yerdə yaşamışlar. Tərəflərin ailə münasibətləri pozulandan sonra isə evin içərisinin qapı-pəncərəsi qoyulmuş, suvaq vurulmuş, sanitar qovşağı tikilmişdir. Digər kiçik tikilinin və mal tövləsinin nə vaxt inşa edilməsi barədə məlumatı olmamışdır. Həmin vaxt Vüsal tikinti materiallarının pulunu qardaşı Qafurdan alırdı. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh onun doğma qardaşıdır. Mübahisəli fərdi yaşayış evi onun maddi köməkliyi ilə inşa edilmişdir. Belə ki, evin inşasına ümumilikdə Vüsala 7.000 manat borc pul vermişdir. Vüsalın dostları isə usta kimi təmənnasız işləmişdir. Aynurə ilə Vüsal birgə ailə şəraitində yaşayarkən evin dam örtüyü vurulmamış, yarımçıq tikili olmuşdur. Təxminən 2 il olar ki, evin dam örtüyü vurulmuş və ev tam hazır vəziyyətə gətirilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1303/2021 saylı qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2021–ci il tarixdə pozulmuşdur. İşdə olan Bayramlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi elektron xəritəyə əsasən Bayramlı Bələdiyyəsinin mülkiyyətinə perspektiv ehtiyat inkişaf fondu kimi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2383 saylı ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilmişdir. Həmin tikinti işlərinin hansı illərdə aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə mübahisəli fərdi yaşayış evinin birgə rəsmi nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Tərəflər birgə rəsmi nikah dövründə əldə etdikləri vəsait hesabına, Şəmkir rayonu, Bayramlı kəndində fərdi yaşayış evini inşa etdirməyə başlamış, tövlə tikmiş və hasar çəkmişlər. Məhkəmə həmin halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin mübahisəli evin tam hazır şəkildə birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilməsi barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Məhkəmə, həmin halı işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı tərəf mübahisəli evin tam hazır şəkildə birgə nikah dövründə qazanılmış vəsait hesabına inşa edilməsini bildirsə də, cavabdeh tərəf iddia tələbini qəbul etməmişdir. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının, şahid ifadələrinin müqayisəli tədqiqi nəticəsinə müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, Cavabdeh Rusiya Federasiyasına getməsini və oradan pul göndərməsini, Aynurənin isə həmin pul hesabına evi inşa etdirməsini, habelə Vüsalın onunla birlikdə Türkiyədə işləməsini, ev inşa edilən zaman Vüsalın pulunu Aynurəyə şəxsən özünün göndərməsini göstərsə də, həmin halı mötəbər mənbədən əldə edilmiş sübutlarla təsdiq edə bilməmiş, yalnız iddiaçının doğma xalası qızı olmaqla, formal mülahizə şəklində iddiaçının maraqlarına cavab verən ifadə vermişdir. Həmçinin, məhkəmə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə qiymət verərək hesab edir ki, həmin şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, tərəflər birgə nikahda olduqları zaman mübahisəli evin hörgüsünün hörülməsini, şiferin vurulmasını, evin giriş qapısının qoyulmasını, hasarın çəkilməsini və tövlənin inşa edilməsini, tərəflər ayrıldıqdan və iddiaçı mübahisəli evdən çıxdıqdan sonra isə evin daxili qapılarının qoyulmasını, döşəmə-tavanın vurulmasını, sanitar qovşağı hazır edilməsini və elektrik xətlərinin çəkilməsini aydın şəkildə göstərmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Beləliklə, məhkəmə, müəyyən etdi ki, mübahisəli evin inşa olunmaqla əldə edilməsi üçün zəruri olan vəsait iddiaçının və cavabdehin birgə gəlirləri hesabına mümkün olmuşdur. Belə ki, cavabdehin və ya iddiaçının təkbaşına mübahisəli evi əldə etməsi üçün zəruri vəsaitə malik olması, o cümlədən həmin vəsaitin bağışlama və ya vərəsəlik qaydasında yalnız tərəflərdən birinin əldə etməsi müəyyən olunmamışdır. Bununla belə mübahisəli evin tərəflərin birgə vəsaiti hesabına tam şəkildə deyil, evin hörgüsünün hörülməsi, şiferin qoyulması, evin giriş qapısının qoyulması, hasarın çəkilməsi və tövlənin inşa edilməsi müəyyən edilmişdir. Hazırda mübahisəli ev cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı isə evi deyil, onun inşasına sərf olunan məbləğin onun payına düşən hissəsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Şəmkir rayonu, Bayramlı kəndində fərdi yaşayış evini inşa etmişlər. Lakin tərəflər ayrıldıqdan sonra iddiaçı həmin evdən çıxmış və ev cavabdehin istifadəsində qalmışdır. İddiaçı isə birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitdən payına düşən hissənin verilməsini tələb edir. Ona görə də iddiaçı tələbində qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı birgə nikah dövründə inşa edilmiş evə 70.000 manat məbləğində vəsait xərclənməsini iddia etsə də, işdə olan ekspert rəyi ilə fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı birgə nikah dövründə evin tam şəkildə inşa edilməsini bildirsə də, işin araşdırılmış halları ilə həmin hal təkzib edilmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evi tam hazır şəkildə inşa etdirməmiş, yalnız evin hörgüsünü hördürmüş, şifer vurdurmuş, evin giriş qapısını qoydurmuş, hasar çəkdirmiş və tövlə inşa etdirmişlər. Bu səbəbdən yalnız həmin tikinti işlərinə sərf edilən məbləğin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 10/2383 saylı ekspert rəyi ilə Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilsə də, məhkəmə araşdırması zamanı tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına yalnız yuxarıda qeyd edilən tikinti işlərini aparması (evin hörgüsünü hörülməsi, şifer vurulması, evin giriş qapısının qoyulması, hasar çəkilməsi və tövlə inşa edilməsi) müəyyən edilmişdir ki, həmin tikinti işlərinə sərf edilən məbləğ cəmi 56.351 manat təşkil etmişdir. Belə olan halda, həmin məbləğin yarısı, yəni 28.175,5 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı evin inşasına çəkilmiş xərcin birgə nikahdan doğulmuş uşaqların iddiaçı ilə qalması nəzərə alınaraq 2/3 hissəsinin cavabdehdən alınmasını tələb etsə də, qanunvericiliyin tələbinə əsasən pay ayrılarkən mülkiyyətçilərin payları bərabər sayılır. Belə olan halda, çəkilmiş xərcin 2/3 hissəsi deyil, yarısı cavabdehdən alınmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mübahisəli evin bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsini göstərsə də, həmin ev hazırda cavabdehin sahibliyində və istifadəsindədir. Bu səbəbdən evin inşasına sərf edilmiş məbləğdən iddaiaçının payına düşən hissənin sonuncuya verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 (iyirmi səkkiz min yüz yetmiş beş manat əlli qəpik) manat məbəğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci və 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar