Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-458/2023 23.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi Nümayəndə1 Cavabdeh: Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı evə çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı evə çəkilmiş xərcin ödənilməsi tələbinə dair ünvan 1 ünvanda yerləşən evin təmir–tikintisinə çəkilmiş 70.800 manat məbləğində xərcin və ödənilmiş 303 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun baldızıdır. Belə ki, o, 1990–cı il tarixdə cavabdehin qardaşı İlqar Ruhullayevlə faktiki olaraq evlənmiş, xx.xx.1992–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Evləndiyi ilk gündən mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Mübahisəli ev 1967– 1987–ci illərdə inşa edilmiş, ümumi sahəsi 129 kv.m, yaşayış sahəsi 3 otaqdan ibarət olmaqla 70,0 kv.m, köməkçi sahəsi 59,0 kv.m–dir. Qayınatası vəfat etdikdən sonra mübahisəli mülk 1993–cü il tarixdə vərəsələr arasında bölünmüş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə digər baldızı Cavabdeh3, 2/25 hissə qayını Cavabdeh2, 2/25 hissə qayını Əli Ruhullayevin və 2/25 hissə X15in paylı mülkiyyətinə verilmişdir. Evin bölünməsinə baxmayaraq, 30 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. X15 xx.xx.2019–cu il tarixdə vəfat etmişdir. Ərinin sağlığında və onun ölümündən sonra mübahisəli evdə daim təmir–tikinti işləri aparmış, evin həyətində naves düzəltdirmiş, otaqları, mətbəxi, hamamı əsaslı təmir etdirmişlər. Baldızlarının və qayınlarının ayrıca evləri olmuş, bu səbəbdən mübahisəli evdə yaşamamış və evin təmir–bərpasına xərc çəkməmişlər. Həmin təmir– bərpa işlərinə 70.000 manat xərc çəkmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–652/2020 saylı qətnaməsi ilə baldızları Cavabdeh1, Cavabdeh3, qayınları Cavabdeh2 və Əli Ruhullayevin ona və uşaqlarına qarşı “Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin qiymətləndirilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X15ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Hazırda mübahisəli ev hərracda Cavabdeh1 tərəfindən alınmışdır. Mərhum ərinin vərəsəsi kimi ona və uşaqlarına evin pulundan 2/25 hissənin pulu çatacaqdır ki, həmin məbləğ onun uzun illər evə çəkdiyi xərcin cüzi hissəsini belə ödəməyəcəkdir. Ona görə də mübahisəli evə çəkdiyi xərcin əvəzinin cavabdehdən alınmasını istəyir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin təmir–tikintisinə çəkilmiş 70.800 manat məbləğində xərcin və ödənilmiş 303 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 1990–cı il tarixdə cavabdehin qardaşı İlqar Ruhullayevlə faktiki olaraq evlənmiş, xx.xx.1992–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Evləndiyi ilk gündən mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Qayınatası vəfat etdikdən sonra mübahisəli mülk 1993–cü il tarixdə vərəsələr arasında bölünmüş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə digər baldızı Cavabdeh3, 2/25 hissə qayını Cavabdeh2, 2/25 hissə qayını Əli Ruhullayevin və 2/25 hissə X15in paylı mülkiyyətinə verilmişdir. Evin bölünməsinə baxmayaraq, 30 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. X15 xx.xx.2019–cu il tarixdə vəfat etmişdir. Ərinin sağlığında və onun ölümündən sonra mübahisəli evdə daim təmir–tikinti işləri aparmış, evin həyətində naves düzəltdirmiş, otaqları, mətbəxi, hamamı əsaslı təmir etdirmişlər. Belə ki, 2009–cu ildən başlayaraq, əsaslı təmir işləri gördürmüş, 2018–ci ildə naves düzəltdirmiş, evin bütün otaqlarını əsaslı təmir etdirmişdir. Baldızlarının və qayınlarının ayrıca evləri olmuş, bu səbəbdən mübahisəli evdə yaşamamış və evin təmir–bərpasına xərc çəkməmişlər. Həmin təmir–bərpa işlərinə 70.800 manat xərc çəkmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–652/2020 saylı qətnaməsi ilə baldızları Cavabdeh1, Cavabdeh3, qayınları Cavabdeh2 və Əli Ruhullayevin ona və uşaqlarına qarşı “Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin qiymətləndirilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X15ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Hazırda mübahisəli ev hərracda Cavabdeh1 tərəfindən alınmışdır. Mərhum ərinin vərəsəsi kimi ona və uşaqlarına evin pulundan 2/25 hissənin pulu çatacaqdır ki, həmin məbləğ onun uzun illər evə çəkdiyi xərcin cüzi hissəsini belə ödəməyəcəkdir. Hesab edir ki, belə olan halda həmin evin təmir–bərpa işlərinə çəkdiyi xərc cavabdehdən alınaraq ona verilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, qeyd edir ki, ərinin vəfatından sonra miras əmlakı rəsmi şəkildə qəbul etməsə də, faktiki olaraq qəbul etmişdir. Lakin, evin satışından əldə edilmiş məbləği qəbul etməmiş və həmin məbləğ hazırda icra orqanının depozitindədir. Belə ki, həmin məbləğ onun uzun illər evə çəkdiyi xərcin cüzi hissəsini belə ödəmir. Odur ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin təmir–tikintisinə çəkilmiş 70.800 manat məbləğində xərcin və ödənilmiş 303 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədn xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, məhkəməyə təqdim etdiyi yazılı etirazında və izahatında göstərdi ki, iddiaçı 1990–cı il tarixdə qardaşı İlqar Ruhullayevlə evlənərək, atasına məxsus olan, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin vaxt ev tam təmirli olmuş, bütün mebel əşyaları ilə təchiz edilmişdir. Belə ki, mübahisəli ev iddiaçı gəlin köçməzdən çox əvvəl, yəni 1987–ci ildə təmir edilmiş, hamam və əl damı inşa edilmiş, evin bütün otaqları əsaslı təmir olunmuşdur. Həmçinin, iddiaçı gəlin köçən zaman evin 1– ci mərtəbəsində 2 otaq dolu tikinti materialları, həyətə 3 sot istixananın boruları, böyük naves, 2 ədəd dəmir darvaza, dəmirdən su çənləri, mişar daşları. qum, sement, xeyli miqdarda kafel–metlaq olmuşdur. Atası vəfat etdikdən sonra həmin evin 2/25 hissəsinə onun payı müəyyən edilmiş, lakin anası öz payını ona bağışlamış, nəticədə payı 17/25 hissədə olmuşdur. Həmçinin, qeyd edir ki, 2002–ci il tarixdə iddiaçı ilə onlar arasında ailə münaqişəsi olmuş, bu səbəbdən iddiaçı evdən getmiş, sonradan isə məhkəmədə evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Onun iddiası təmin edildiyindən evə köçürülmüşdür. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)– 652/2020 saylı qətnaməsi ilə 17/25 hissə ona, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X15ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmiş və həmin ev hərracda satılmışdır. Satışdan əldə edilən vəsait hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitindədir. Hazırda iddianı qəbul etmir. Belə ki, 2002–ci ildən etibarən həmin evdən çıxmış və mübahisəli evdə iddiaçı tərəfindən hər hansı təmir–bərpa işləri aparılmasından məlumatı olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hörgü–suvaq işləri ilə məşğul olur. 1990–cı ildə İddiaçı mübahisəli evə gəlin köçdükdən sonra həmin evdə zirzəminin suvaq işlərini görmüş, 2 il əvvəl isə hasar, suvaq və beton işlərini görmüşdür. Həmin evdə İlqar və onun ailəsini yaşamış, ustalara Aidə qulluq etmiş və çəkilmiş xərci Aidə ödəmişdir. Evdə təmir işləri gedən zaman İradə həmin evdə yaşamamış və İradəni ümumiyyətlə evdə görməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Belə ki, Aidənin yaşadığı mübahisəli ev təmirsiz vəziyyətdə olmuş, lakin o, gəlin köçəndən sonra evin aynabəndini təmir etdirmiş, ikinci mərtəbəni yenidən hördürmüş, qapı–pəncərələri dəyişdirmişdir. Həmçinin, həyətdə naves quraşdırılmış, hamam, mətbəx yenidən əsaslı təmir edilmişdir. Evdə təmir işləri gedən zaman İradə həmin evdə yaşamamış və İradəni ümumiyyətlə evdə görməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 65 ildir ki, iddiaçının yaşadığı evin qonşuluğunda yaşayır. Həqiqətən iddiaçı 1990–cı ildə mübahisəli evə gəlin köçmüş, həmin evdə yalnız iddiaçı ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı gəlin köçəndən sonra mübahisəli ev demək olar ki, sıfırdan təmir edilmişdir. ötən müddət ərzində Aidənin baldızlarını və qayınlarını orada heç vaxt görməmişdir. Aidə əri İlqarla birlikdə ümumi təsərrüfat aparmış, evdə əsaslı təmir–bərpa işləri görmüşlər. Evdə təmir işləri gedən zaman İradə həmin evdə yaşamamış və İradəni ümumiyyətlə evdə görməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, uşaqlıqdan iddiaçının yaşadığı evin qonşuluğunda yaşayır. Həmin evdə İlqar öz ailəsi ilə birlikdə yaşamışdır. Mübahisəli ev əvvəllər təmirsiz olmuş, lakin iddiaçı gəlin köçəndən sonra ev demək olar ki, yenidən əsaslı bərpa edilmişdir. Evdə təmir işləri gedən zaman İradə həmin evdə yaşamamış və İradəni ümumiyyətlə evdə görməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evdə dülgər işini görmüş, ustalara Aidə qulluq etmiş və çəkilmiş xərci də Aidə ödəmişdir. Evdə təmir işləri gedən zaman İradə həmin evdə yaşamamış və İradəni ümumiyyətlə evdə görməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–652/2020 saylı qətnaməsindən görünür ki, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X15ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(104)–3255/2020 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–652/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(102)– 3567/2021 saylı qətnaməsindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020– ci il tarixli 2(104)–3255/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–2166/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı uşaqları ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(104)–2871/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–2166/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Şəmkir Bələdiyyəsinin xx.xx.2022–ci il tarixli arayışından görünür ki, 2017– ci ildən 2022–ci ilədək ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin əmlak və torpaq vergisini İddiaçı bələdiyyə büdcəsinə ödəmişdir. İşdə olan “Azəriqaz” İB–nin X17 İstismarı İdarəsinin xx.xx.2022–ci il tarixli arayışından görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində yaşayan İddiaçı X15 2008–ci ilin iyun ayından abonent kimi qeydiyyatda olmuşdur. İşdə olan X3 xx.xx.2022–ci il tarixli arayışından görünür ki, İddiaçı X15 2009–cu ilin fevral ayından X4 qeydiyyatdadır və ********** saylı sayğac onun istifadəsindədir. İşdə olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022–ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evdə yaşayır. İddiaçı və ailə üzvləri 1990–cı ildən bugünə qədər həmin ünvanda yaşamış və qeyd olunan ünvanda onlardan başqa heç kim yaşamamışdır. İşdə olan Şəmkir rayon Dövlət Notariat ofisinin xx.xx.2022–ci il tarixli arayışından görünür ki, mərhum X2 qalmış miras əmalak dair xx.xx.2020–ci il tarixdə 8V–75 saylı reyesterdə qeydə alınmış vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyən edilmişdir. Lakin mərhum X2 qalmış miras əmalak dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkəti həyata keçirilməmişdir. İşdə olan qaimə fakturalardan görünür ki, müxtəlif tarixlərdə tikinti materialları alınmışdır. İşdə olan xx.xx.2022–ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.0878 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2022–ci il tarixli 10/6381 saylı ekspert rəyindən görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti–təmir işlərinin ümumi məbləği 70.735 manat müəyyən edilir. İşdə olan əlavə məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 10/2882 saylı ekspert rəyindən görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti–təmir işlərinin ümumi məbləği 60.770 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evinin təmir–bərpa işlərinə 70.800 manat vəsait xərclənməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahid ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, iddiaçının 1990–cı ildə mübahisəli evə gəlin köçdükdən sonra evdə əsaslı təmir–bərpa işlərinin aparılmasını konkret şəkildə göstərmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Beləliklə, məhkəmə tərəflərin izahatının və iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, İddiaçı 1990–cı il tarixdə cavabdehin qardaşı İlqar Ruhullayevlə faktiki olaraq evlənmiş, xx.xx.1992–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Evləndiyi ilk gündən mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. X8 vəfat etdikdən sonra mübahisəli mülk 1993–cü il tarixdə vərəsələr arasında bölünmüş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə qaını Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevin və 2/25 hissə İlqar Ruhullayevin paylı mülkiyyətinə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)– 652/2020 saylı qətnaməsi ilə 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə X15ə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmiş, bundan sonra həmin ev hərracda satılmışdır. Satışdan əldə edilən vəsait hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitindədir. Məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evin təmir–bərpa işinə 70.800 manat məbləğində vəsait xərclədiyini iddia etmiş və həmin pulun cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etrməmişdir. Məhkəmə həmin halı işin mübahisə edilən faktiki halı kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı mübahisəli evdə əri ilə birlikdə yaşamaqla, birgə təsərrüfat aparmış və evdə əsaslı təmir–bərpa işləri görmüşlər. Onun vəfatından sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamış və yaşadığı müddətdə də evdə yaxşılaşdırma işləri görmüşdür. Buna baxmayaraq, ərinin ölümündən sonra iddiaçı ərindən qalan miras əmlakı qəbul etməmiş, evin hərracda satışdan əldə edilən vəsait hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitindədir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evində iddiaçı və əri tərəfindən xərc çəkilməklə əsaslı təmir–bərpa işlərinin aparılması miras kütləsinin də artmasına səbəb olmuşdur ki, bu hal da öz–özlüyündə digər vərəsələrin payının artmasına gətirib çıxarmışdır. Göründüyü kimi birgə nikah dövründə mübahisəli evdə əsaslı təmir–bərpa işləri aparılsa da, iddiaçı ərinin vəfatından sonra ondan qalmış mirası qəbul etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli evdə aparılmış yaxşılaşdırmalar birgə nikah dövründə aparıldığı, lakin iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyi üçün evə çəkilmiş xərcin yarısı cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı mərhum əri ilə birgə nikah dövründə qazandıqları vəsait hesabına mübahisəli evdə əsaslı təmir–bərpa işləri aparmışlar. İddiaçının əri vəfat etdikdən sonra iddiaçı mirası qəbul etməsə də, miras əmlakda yaşamağa davam etmişdir. Hazırda iddiaçı birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitin cavabdehdən alınmasını tələb edir. Ona görə də iddiaçı tələbində qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1–ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 214.4–cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Həmin Məcəllənin 217.1–ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 217.3–cü maddəsinə əsasən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli evdə əri ilə birlikdə yaşamaqla, birgə təsərrüfat aparmış və evdə əsaslı təmir–bərpa işləri görmüşdür. Həmin hal məhkəmə iclası zamanı dindirilmiş şahid ifadələri və işin araşdırlmış halları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evdə təbii qazdan və elektrik enerjisindən istifadə etməklə dəyərini ödəmiş və torpaq vergisini ödəmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı əri ilə birlikdə vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində təkbaşına iştirak etmiş, bununla da miras əmlakın kütləsinin əhəmiyyətli dərəcə artmasına səbəb olmuşdur. Bundan başqa cavabdeh məhkəmə iclası zamanı 2002–ci ildən etibarən mübahisəli evdən çıxmasını və evdə iddiaçı tərəfindən təmir–bərpa işlərinin aparılmasından məlumatı olmamasını bildirsə də, cavabdehin mülkiyyətçi kimi həqiqətən təmir–bərpa işlərinin aparılmasından xəbərsiz olmasını məhkəmə ağlabatan hesab etmir və ötən müddət ərzində cavabdehin susaraq təmir işlərinin aparılmasına etiraz etməməsini onun razılığının ifadəsi kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh etiraz ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında evin iddiaçı gəlin köçməmişdən əvvəl əsaslı təmir edilməsini iddia etsə də, məhz cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və evin təmirinin köhnə olması müəyyən edilmişdir. Halbuki, xx.xx.2023–cü il tarixdə məhkəmə tərəfindən mübahisəli evə baxış keçirilmiş və baxış protokolu ilə cavabdehin təqdim etdiyi diskin əlaqəli təhlili zamanı mübahisəli evin əsaslı təmir edilməsi müəyyən edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı ərindən qalan miras əmlakı qəbul etməmiş, mübahisəli evdə aparılmış yaxşılaşdırmalar isə birgə nikah dövründə aparılmış, lakin iddiaçı tərəfindən miras əmlak qəbul edilməmişdir. Belə olan halda, evə çəkilmiş xərcin yarısı mərhum İlqar Ruhullayevin vərəslərinə çatacaq pay olduğundan, digər yarısı, yəni 30.385 manat məbləğində pul cavabdehdən alınmalıdır. Belə ki, iddiaçı çəkilmiş xərcin 70.800 manat olmasını iddia etsə də, əldə edilmiş ekspert rəyinə əsasən Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti–təmir işlərinin ümumi məbləği 60.770 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 30.385 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki və əlavə məhkəmə tikinti–texniki ekspertizaları zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 30.385 (otuz min üç yüz səksən beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 303 (üç yüz üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-458/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-458/2023
23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver