Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4731/2025 19.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 980 (doqquz yüz səksən) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi xeyli müddətdir tanımışdır. Əvvəl aralarında olan münasibətlər normal olmuş və Cavabdeh onun iş yoldaşı olmuşdur. Cavabdeh onunla birlikdə hərbiçi olmuş və özünə inam yaratmaqla ondan ümumilkdə cəmi 980 manat pul almışdır. Həmin pulun ödənilməsi üçün artıq iki ilə yaxın bir vaxtdır heç bir təşəbbüs etmir. Əksinə müddət uzatmaqla ona pulun verilməsindən yayınır. Bu şəxsin tək ona deyil başqa şəxslərə də borcu var və pulun ödənilməməsi qərəzli xarakter daşıyır. Artıq 2 ilə yaxın bir vaxtdır ki, cavabdehin hərəkətləri nəticəsində ziyan dəymiş və bu şəxsin qərəzli hərəkətləri səbəbindən maddi ziyanla bərabər mənəvi ziyanda çəkir. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onun hərəkətləri nəticəsində xeyli müalicə olunmuşdur. Əsəbləri korlanmış və daimi müalicələrdə olmuşdur. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 1000 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o cavabdehə 1200 manat borc vermişdir. Cavabdeh borcdan 220 manat ödəmiş və onun 980 manat borcu qalmışdır. O cavabdehdən dəfələrlə pulu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan 1200 manat borc almışdır. Həmin borcdan 220 manat ödəmiş və onun iddiaçıya 980 manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı Cavabdeh 980 manat məbləğində borc pul verməsi halı sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş votsap yazışmalarından görünür ki, İddiaçı Cavabdeh 980 manat borcunun ödəməsini tələb etmiş, cavabdeh isə ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarından görünür ki, cavabdeh iddiaçıya olan borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 980 manat məbləğində pul vermiş, cavabdeh sözügedən məbləğdə puldan heç bir məbləğdə pul qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 980 manat məbləğində pulun verilməsi və həmin məbləğdən heç bir məbləğdə pul qaytarılmaması öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 980 (doqquz yüz səksən) manat məbləğində pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 980 (doqquz yüz səksən) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4731/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4731/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver