Məhkəmə qərarları › İş №2(076)-50/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-50/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-50/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Cavabdeh iştrakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh 6058,17 manat əsas, 1332,7 manat faiz, cəmi 7390,87 manat məbləğində vəsaitin və ödənilmiş 93,90 manat dövlət rüsumunun tutulmaraq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4130598A147 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6130 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 6058,17 manat əsas, 1332,7 manat faiz, cəmi 7390,87 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, qızı tələbə olduğu müddətdətəhsil haqqını ödəmək üçün pula ehtiyacı olduğundan İddiaçı ASC-dən kredit götürmüşdür. Lakin sonradan öz səhhətində olan probelmlərlə bağlı banka olan borcun ödəyə bilməmişdir. Hazırda imkanı yoxdur pulun tam şəkildə ödənilməsinə və ona görə də iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, ekspert rəyini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, GTKR4130598A147 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6130 manat kredit xətti ayrılmışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə 6058,17 manat əsas, 1332,7 manat faiz, cəmi 7390,87 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışıdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli, GTKR4130598A147 saylı kredit müqaviləsinə əsasən 6058,17 manat əsas, 1332,7 manat faiz, cəmi 7390,87 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərərfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5036 nömrəli, 10 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli, GTKR4130598A147 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia qaldırılan müddətə yəni xx.xx.2022-ci il tarixinə banka olan 6059.06 manat əsas borc, 1325.01 manat faiz borcu müəyyən edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə iş materialları və ekspertiza rəyini qarşılıqlı surətdə tədqiq edərək hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır və buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehdən həm iddia ərizəsində nəzərdə tutulan məbləğdə 6058.17 manat əsas borc və ekspert rəyində nəzərdə tutulan 1325.01 manat faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 93.90 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 93,90 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR4130598A147 saylı kredit müqaviləsinə əsasən 6058,17 manat əsas, 1325,01 manat faiz, cəmi 7383,18 manat pul və 93,90 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar