Məhkəmə qərarları › İş №2(076)-51/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-51/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-51/2024 06.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi’' tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18450 (on səkkiz min dörd yüz əlli) manat əsas məbləğ, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat, ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 002 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Ford Mustang” markalı, **-RT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 150 (yüz əlli) manat olmaq şərti ilə icarəyə verilmişdir. xx.xx.2021-ci il saat 21:40 radələrində Şəmkir rayonu Kür qəsəbəsində Cavabdeh tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Dəymiş zərərin bir qismi sığorta tərəfindən qarşılanmışdır. Lakin, icarə müqaviləsindən irəli gələn öhdəliklərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında 18450 (on səkkiz min dörd yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh ilə aralarında bağlanılmış müqavilənin 4.6-cı bəndinə əsasən nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir. Nəqliyyat vasitəsi 60 gün istifadəsiz (təmirxanada) qalmışdır. Avtomobili günlük 150 (yüz əlli) manata verilmiş və 9000 (doqquz min) manat fayda əldən çıxmışdır. Əlavə olaraq sözü gedən qəzada nəqliyyat vasitəsi 9450 (doqquz min dörd yüz əlli) manat bazar dəyərini itirmişdir. Qəza baş verən zaman Cavabdeh dəymiş zərəri tezliklə ödəyəcəyinə dair söz vermişdir. Lakin, cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir səy göstərməmişdir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 18450 (on səkkiz min dörd yüz əlli) manat əsas məbləğ, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat, ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə etdi və iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 002 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Ford Mustang” markalı, **-RT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 150 (yüz əlli) manat olmaq şərti ilə Cavabdeh 6 günlük, yəni xx.xx.2021-ci il tarixə kimi icarəyə verilmişdir. Cavabdeh avtomobilin 4 günlük icarə haqqını, hər gün üçün 150 manat olmaqla əvvəlcədən ödəmişdir. Lakin, cavabdeh avtomobili iki gün idarə etdikdən sonra xx.xx.2021-ci il saat 21:40 radələrində Şəmkir rayonu Kür qəsəbəsində Cavabdeh tərəfindən qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Dəymiş ziyanın bir hissəsi Sığorta şirkəti tərəfindən ödənilmişdir. Lakin, cavabdeh icarə müqaviləsinin şərtlərindən irəli gələn, həmçinin avtomobilə dəymiş zərərin bir hissəsini ödəməmişdir. Lakin “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində bazar dəyərini itirmişdir, həmçinin qeyd edilən avtomobil təmirdə olduğu müddət ərzində "xxxx" MMC zərərə uğramış və avtomobil sahibinə pul ödəmişdir. Hazırda Cavabdeh iddiaçıya “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində itirdiyi bazar dəyəri olaraq 9450 (doqquz min dörd yüz əlli) manat və avtomobilin 60 gün istifadəsiz (təmirxanada) qalmasına görə 9000 (doqquz min) manat əldən çıxmış fayda, ümumilikdə 18450 manat borcu vardır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlarda olan bütün sübutlar məhkəməyə təqdim edilmişdir, iş üzrə təkrar ekspertiza təyin edilməsinə lüzum yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 002 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Ford Mustang” markalı, **-RT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 150 (yüz əlli) manat olmaq şərti ilə Cavabdeh 6 günlük, yəni xx.xx.2021-ci il tarixə kimi icarəyə verilmişdir. Cavabdeh avtomobilin 4 günlük icarə haqqını, hər gün üçün 150 manat olmaqla əvvəlcədən ödəmişdir. Lakin, cavabdeh avtomobili iki gün idarə etdikdən sonra xx.xx.2021-ci il saat 21:40 radələrində Şəmkir rayonu Kür qəsəbəsində həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Avtomobilin dəyərinin düşməsi ilə bağlı iddiaçı tərəf 9450 manat arayış təqdim etmiş, lakin əmlakın hazırki dəyəri ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin avtomobilin təmiri ilə bağlı 60 gün ustada olması ilə bağlı arayışın doğruluğunu müəyyən etmək istəyirlər. 2015-ci ilin avtomobili ekspert rəyi ilə hesablanarsa 22050 manat olmuşdur. Lakin hazırda həmin markalı avtomobil o qiymətə satıla bilməz. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X4 ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı icarə müqaviləsindən görünür ki, X3 ona məxsus olan “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH4F5375655 BAN nömrəli avtomobili "xxxx" MMC icarəyə vermiş, icarəçi isə nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına icarəçinin istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən vurulmuş ziyana görə üçüncü şəxsə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddia tələbi irəli sürmək, dəymiş ziyanın, əldən çıxmış faydanın, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinin məhkəmə qaydasında təmin olunmasını tələb etmək öhdəliyini götürmüşdür. İş materiallarına əlavə edilmiş “İcarəyəverən” X3 və “icarəçi” "xxxx" MMC-nin direktoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İcarəyəverən “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH4F5375655 BAN nömrəli avtomobili İcarəçinin xidməti ehtiyacları üçün icarəçinin istifadəsində icarəyə verilir, İcarəçi isə həmin nəqliyyat vasitəsini icarəyə qəbul edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı avtomobilin icarə müqaviləsindən görünür ki, "xxxx" MMC “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixə kimi-6 gün müddətinə gündəlik qiyməti 150 manata Cavabdeh idarə etmək üçün icarəyə verir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən icarədarın ehtiyatsızlığı ucbatından avtomobilə zərər vurulmuşsa avtomobilin təmirinə ayrılmış xərc əvvəlcədən icarədar tərəfindən ödənilməlidir. Nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEM/M-65-238/22 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, X2 məxsus “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəza nəticəsində itirilmiş əmtəə dəyəri 15 mart 2022-ci il tarixinə 9450.0 (doqquz min dörd yüz əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 17750 (on yeddi min yeddi yüz əlli) manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-nə avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 18450 manat borcunun yarandığını və həmin borc məbləğinin ödənilməsini təmin etməyi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 6 saylı Hüquq Məsləhətxanasının hesabına 200 (iki yüz) manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından və sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən Turan Əliməmmədovun hesabına “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 13700.00 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/9130 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/4292 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/8445-8/3340 saylı ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır; nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Mustang” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14509.0 manat müəyyən edilir; “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 34000.0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% -34000.0 manat (3400.0 manat x10%) aşağı olması istisna edilmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 ilə "xxxx" MMC-nin direktoru X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı icarə müqaviləsinə əsasən Turan Əliməmmədov ona məxsus olan “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı, 1FA6P8TH4F5375655 BAN nömrəli avtomobili "xxxx" MMC icarəyə vermişdir. "xxxx" MMC-nin direktoru X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002 saylı avtomobilin icarə müqaviləsinə əsasən isə "xxxx" MMC “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021ci il tarixə kimi-6 gün müddətinə gündəlik qiyməti 150 manata Cavabdeh idarə etmək üçün icarəyə vermişdir. Cavabdeh avtomobilin 6 günlük icarə haqqını 900 manatı əvvəlcədən ödəmiş və avtomobili təhvil almış, avtomobili iki gün istifadə etdikdən sonra xx.xx.2021-ci il tarixdə “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə maddi zərər vurmuşdur. İddiaçı "xxxx" MMC iddia tələbində “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində itirdiyi bazar dəyəri olaraq 9450 (doqquz min dörd yüz əlli) manat pulun və avtomobilin 60 gün istifadəsiz (təmirxanada) qaldığını qeyd edərək 9000 (doqquz min) manat əldən çıxmış fayda, ümumilikdə 18450 manat pulu və vəkilə ödənilmiş 200 manat pulu Cavabdeh onların xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində itirdiyi bazar dəyəri olaraq 9450 (doqquz min dörd yüz əlli) manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ƏEM/M-65-238/22 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəza nəticəsində itirilmiş əmtəə dəyərinin 9450 manat olduğu göstərilmiş, lakin iş üzrə xx.xx.2023-cü il tarixli, 9/8445-8/3340 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyində “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 34000.0 manat müəyyən olunmuş və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% -34000.0 manat (3400.0 manat x10%) aşağı olması istisna edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə xx.xx.2023-cü il tarixli, 9/8445-8/3340 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməli, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində itirdiyi əmtəə dəyərinin 10% yəni 3400 (üç min dörd yüz) manat müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 002 saylı avtomobilin icarə müqaviləsinin şərtlərinin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Belə ki, qeyd olunan müqavilənin şərtlərindən görünür ki, icarədarın ehtiyatsızlığı ucbatından avtomobilə zərər vurulmuşsa avtomobilin təmirinə ayrılmış xərc əvvəlcədən icarədar tərəfindən ödənilməlidir. Nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətə icarə haqqı daxildir. İşin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC Cavabdeh icarəyə götürdüyü “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra nasazlıqla əlaqədar avtomobilin istifadəsiz qaldığı müddətdə əldə edəcəyi qazancından məhrum olmuşdur. Lakin, buna baxmayaraq iddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdən sonra nəqliyyat vasitəsinin 60 gün istifadəsiz (təmirxanada) qaldığını göstərməklə, 9000 manat əldən çıxmış fayda tələb etmiş olsa da, tərəflər arasında olan müqavilədə nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı konkret hansı müddətə icarə haqqının ödənilməsi nəzərdə tutulmamış, eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi ilə nəqliyyat vasitəsinin təmir müddətinin müəyyən edilməsi qeyri-mümkün olmuş, həmçinin digər iş materialları ilə Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdən sonra “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin 60 gün müddətində istifadəsiz qalıb təmirxanada olması öz təsdiqini tapmamış və səbəbləri göstərilməməklə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan müqavilədə nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı konkret hansı müddətə icarə haqqının ödənilməsi nəzərdə tutulmadığından, həmçinin həmin müddətin 60 gün olması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, avtomobilin təmir olunması üçün ağlabatan müddətin 30 gün qəbul edilməsi ədalətli nəticə ola bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə tərəflər arasında olan müqavilə şərtlərinə uyğun olaraq nasazlıqla əlaqədar avtomobilin istifadəsiz təmirdə qaldığı müddətə icarə haqqını daxil etməklə, həmçinin Cavabdeh altı günlük icarə haqqını əvvəlcədən ödədikdən sonra iki gün avtomobildən istifadə etməsini və avtomobillə qəza törətməsini, həmin gündən sonra avtomobilin 30 gün təmirdə olmasını və dörd gün üçün əvvəlcədən ödənilmiş və istifadə edilməmiş icarə müddətini, müqavilədə göstərilmiş gündəlik icarə haqqını nəzərə almaqla əldən çıxmış faydanın 4200 manat olduğu qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd edir ki, “FORD MUSTANG” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin hansı səbəbdən 60 günə yekunlaşması, bu müddətin zəruri səbəblərdən yaranması, təmir müddətinin daha qısa müddətə baş verməsinin mümkünsüzlüyünü, əldən çıxmış fayda olaraq ona dəymiş zərərin miqdarının daha artıq olmasını təsdiq edən sübutlar iddiaçı "xxxx" MMC tərəfindən əsaslandırılmamış və buna dair sübutar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəf hesab olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 146 manat dövlət rüsumu, 200 manat ekspertiza tədqiqatlarının dəyəri və 200 manat vəkilə ödənilmiş xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməli, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, "xxxx" MMC-dən və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği, 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. "xxxx" MMC-dən və Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. İddia tələbi digər hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar