Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-564/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması, uşağın ali təhsil müəssisində oxumasına görə pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə həyatlarında olan və onun himayəsində yaşayan xx.xx.2005-ci il təvəllüdlü Zeynəb və xx.xx.2007-ci il təvəllüdlü Dünyamalı adlı uşaqların yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmaları üçün Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1415/2020 saylı qətnaməsi əsasında təyin edilmiş ayda hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin artırılaraq ayda hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, Dünyamalı adlı uşağın təhsil haqqının ödənilməsi üçün 200 (iki yüz) manat və mediyasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ila xx.xx.2004-cü il tarixdə faktiki olaraq evlənmiş, xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. xx.xx.2011-ci ildə Şəmkir rayon məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı 2 uşaqları doğulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. O, maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə ona yardım göstərmir. Şəmkir rayon məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qat olunmuşdur. Lakin, hazırda həmin vaxtdan onun maddi vəziyyəti pisləmişdir. Belə ki, uşaqlar böyüdüklərindən geyim, ərzaq və s. tələbləri daha da artmışdır. Əksinə, məhkəmə qətnaməsi verildikdən sonra cavabdehin maddi vəziyyəti isə daha da yaxşılaşmışdır. Belə ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə belə Rusiya Federasiyasına gedib gəlir, sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmaqla yüksək gəlir əldə edir. Yəni cavabdehin uşaqlarına yüksək məbləğdə aliment vermək imkanı vardır. Cavabdehə qarşı alimentin artırılması və uşağın təhsil haqqının ödənilməsinə görə pul tələbi barədə mediasiya müraciət etmiş, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilməməsi mümkün olmamışdır. X2 Dövlət Universitetinin nəzdində Regional Kollecinin "Turizm və iqtisadiyyat" şöbəsinin "Mühasibat uçotu" ixtisasının 1 (birinci) kursu 453 A1 qrupunda əyani ödənişli əsaslarla təhsil alır. Onun təhsil ödənişini o tam ödəyə bilmir. Ona görə onun təhsil ödənişinin ödənilməsində köməklik göstərilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbini azaldaraq cavabdehlə birgə həyatından olmuş və onun himayəsində yaşayan xx.xx.2007-ci il təvəllüdlü Dünyamalı adlı uşağı yetkinlik yaşına çatana kimi maddi cəhətdən saxlanılması üçün Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1415/2020 saylı qətnaməsi əsasında təyin edilmiş ayda 130 manat sabit pul məbləğində alimentin artırılaraq ayda 220 manat sabit pul məbləğində alimentin artırılması və Zeynəb adlı uşağı təhsil haqqının ödənilməsi üçün 200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz təqdim edərək, bildirdi ki, Şəmkir rayon Məhkəməsinə İddiaçı ona qarşı iki uşağı saxlanılması üçün hər ay hər tutulan alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda o həmin iddia ilə razı deyil və rədd edilməsini istəyir. Belə ki, o ikinci dəfə rəsmi ailə həyatı qurmuş və nikahdan iki azyaşlı uşağı var. Biri bacı biri anası olmaqla iki nəfər 1-ci qrup əlilə baxır. Özü də 2-ci qrup əlilidir. Hər uşağa 140 manat alimenti güc bəla ilə ödəyir. Hazırda aliment borcu da var. İddiaçı iddia ərizəsində səhvən və ya bilərəkdən hər uşağa 130 manat ödǝdiyini qeyd etmişdir. Hazırda Zeynəb adlı uşağın 18 yaşı tamam olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 448 nömrəli 01 fevral 2022-ci il tarixli arayışlardan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşaqların atası qrafasında Cavabdeh, anası qrafasında isə X7 qeyd olunmuşdur. İş materiallarında olan 2(076)-1415/2020 saylı 05 iyun 2020-ci il tarixli Şəmkir rayon Məhkəməsinin qətnaməsinə əsasən, xx.xx.2005-ci ildə anadan olmuş X8 və xx.xx.2007-ci il ildə anadan olmuş X5 adlı uşaqların yetkinik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2032/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 110 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa 130 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Dövlət Universiteti X10 xx.xx.2023-cü il tarixli 07/524 nömrəli arayışından görünür ki, X8 universitetin əyani (ödənişli)şöbə üzrə X10 Xarici dil müəllimliyi (alman dili) 1-ci kurs tələbisidir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Gülay Rüstəmovanın və xx.xx.2016-cı il təvəllüdlü Xəzər Rüstəmovun atası Cavabdeh, anası Nargilə Əliyevadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X11 ilə xx.xx.2013-cü il tarixdə Şəmkir rayonu Təzəkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 01193-2023 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (130 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 3 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, cavabdehin N. Rüstəmova ilə olan nikahından 1 uşağı (qətnamə 2015-ci il, 2015-ci il tarixdən sonra 1 uşağı- Xəzər Rüstəmov adlı uşağı doğulmuşdur) olmuş, bundan əlavə tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edildiyi halda, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. (65 manat artmışdır) Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. xx.xx.2005-ci il təvəllüdlü X4 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb edilmə barədə hissədə isə iddia təmin edilməməlidir. Belə ki, X8 yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmış uşağı X4 əmək qabiliyyətini itirməsi müəyyən edilmədiyindən onun saxlanılması üçün cavabdehdən hər hansı vəsaitin tutulması üçün əsas yoxdur. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1415/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-564/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-564/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver