Məhkəmə qərarları › İş №2(076)-633/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-633/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-633/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iştirakı ilə, İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit, kreditin faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada iddiaçının xeyrinə 9300 manat əsas, 4267,83 manat faiz, 600,62 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 14168,45 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 132,51 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100 000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2021-ci il tarixli əlavə kredit müqavüəsi üzrə cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi) Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalan mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Zamin1 və Zamin2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə göndərərək, onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o pulu pomidor əkib becərmək üçün götürmüşdür. Krediti götürdükdən sonra Rusiyaya göndərdiyi mal yolda xarab olduğundan ziyana düşmüş, ona görə də borcunu ödəyə bilməmişdir. Borc məbləği ilə bağlı heç bir etirazı yoxdur, lakin cərimənin azaldılmasını istəyir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zamin1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o Cavabdeh qardaşının arvadıdır. O, kredit müqaviləsi üzrə zamin olaraq müqaviləni imzalamışdır. Borc məbləği ilə bağlı etirazı yoxdur, lakin cərimənin azaldılmasını istəyir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zamin2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o Cavabdeh bacısıdır. O, kredit müqaviləsi üzrə zamin olaraq müqaviləni imzalamışdır. Borc məbləği ilə bağlı etirazı yoxdur, lakin cərimənin azaldılmasını istəyir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 100 000 manat 120 ay müddətinə kredit hesabı açılmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh Unibank KB ASC-nin xeyrinə 9300 manat əsas, 4267,83 manat faiz, 600,62 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 14168,45 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Zamin1 və Zamin2 ilə Unibank KB ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi üzrə 100.000 manat 120 ay müddətinə kredit hesabı açılmış və xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi) Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalan mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu Zamin1 və Zamin2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlərə (zaminlərə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 600.62 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 9300 manat əsas, 4267,83 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 13867.83 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş 0,40 manat xidmət haqqı və 132,51 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0,40 manat xidmət haqqı və 132,51 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 9300 manat əsas, 4267,83 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 13867.83 (on üç min səkkiz yüz altmış yeddi manat səksən üç qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 132,91 (bir yüz otuz iki manat doxsan bir qəpik) manat tutularaq Unibank KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən.Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar