Məhkəmə qərarları › İş №2(076)-648/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-648/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-648/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim - Heydərova Nazlı Azər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3440 manat əsas, 266 manat faiz, 100 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 59 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 36 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir.xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh borc öhdəliyi “Qərb Finans “ MMC-yə yönəldilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 0007 saylı 10 dekabr 2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. xx.xx.2024-cü il tarixli Tələbin güzəşti haqqında 002BB nömrəli müqaviləyə və həmin müqailənin tərkib hissəsi olan 001AA nömrəli xx.xx.2024-cü il tarixli nömrə 01 saylı müqaviləyə əsasən və Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 194.1 maddəsinə əsasən Cavabdeh Valeryin borc öhdəliyi "Qərb Finans” MMC-yə ötürülmüşdur. Lombard, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, lombard öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3806 (üç min səkkiz yüz altı) AZN manatı təşkil edir. Bundan 3440 (üç min dörd yüz qırx) AZN mantı əsas, 266 (iki yüz altmış altı) AZN manatı faiz, 100 (bir yüz) AZN manatı cərimə borcu təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 36 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli Tələbin güzəşti haqqında 002BB nömrəli müqaviləyə və həmin müqailənin tərkib hissəsi olan 001AA nömrəli xx.xx.2024-cü il tarixli nömrə 01 saylı müqaviləyə əsasən və Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 194.1 maddəsinə əsasən Cavabdeh Valeryin borc öhdəliyi "Qərb Finans” MMC-yə ötürülmüşdür. İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 3440 manat, faiz borcu üzrə 266 manat, cərimə borcu üzrə 100 manat, cəmi 3806 manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan 0007 saylı 10 dekabr 2024-cü il tarixli göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 iş günü müddətinə icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 194.1 maddəsinə əsasən Cavabdeh Valeryin borc öhdəliyi "Qərb Finans” MMC-yə ötürülməsi bildirilmişdir. 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən, xx.xx.2027-ci il tarixədək hər ay 160.31 manat ödəməklə 3500 (üç min beş yüz) manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonunda anadan olmuş və Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 61 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 36 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı MMC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüş, lakin cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3440 manat əsas, 266 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 3806 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 59 manat məbləğində vəsait İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02636 nömrəli, 26 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 3440 (üç min dörd yüz qırx) manat əsas, 266 (iki yüz altmış altı) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 3806 (üç min səkkiz yüz altı) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat məbləğində vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar