Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-672/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən, birgə ailə həyatlarında olmuş, onun himayəsində yaşayan xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağın saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-236412019 saylı qətnaməsi ilə təyin edilmiş ayda 40 (qırx) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq ayda 220 (iki yüz iyrmi) manat sabit pul məbləğində alimentin və Medasiya prosesi üçün tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş arvadıdır. Cavabdehlə ailə münasibətləri pozulmasına görə ayrılmışlar, birgə nikahlarından olmuş və onun himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağın 18 yaşa çatanadək maddi cəhətdən saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim, sədrlik edən X1) xx.xx.2019-cu il tarixli 2(104)- ********* saylı qətnaməsi ilə ayda 40 (qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə Kollegiyasının həmin qətnaməni çıxaran vaxtlar o 2-ci qrup əllliyinə görə dövlətdən aldığı pensiya ilə uşağını maddi təminatını təmin etməyə çalışırdı. Ancaq, artıq 2 ildir ki, onun pensiyası kəsilmiş, anası da müəllimə kimi fəaliyyəti pensiyaya çıxmasına görə dayanmışdır. Ona görə himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağı maddi təminatında çətinlik yaranmışdır. Cavabdeh isə pensiya alaraq normal maddi imkana malik olmasına baxmayaraq uşağı maddi təminatı üçün əlavə yardım etmir. Ona görə uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasına dair məlum iddianı qaldırmalı olmuşdur. Cavabdehdən aldığı alimentin məbləğinin artırılması tələbi üzrə Mediasiya Şurasına müraciət etmiş, ancaq cavabdehin ilkin mediasiya sessisyasında iştirak etməməsinə görə mediasiya prosesini davam etdirməyin mümkün olmamasına dair ona xx.xx.2023-cü il tarixli MSG\MT003212023-01792 saylı arayış təqdim edilmişdir. Qeyd edilənlərə əsasən onun himayəsində yaşayan xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağın saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-236412019 saylı qətnaməsi ilə təyin edilmiş ayda 40 (qırx) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq ayda 220 (iki yüz iyrmi) manat sabit pul məbləğində alimentin və Medasiya prosesi üçün tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianı qismən təmin edilməsin xaiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz təqdim edərək, bildirdi ki, iddiaçı ilə 2015-ci ildə qeyri-rəsmi ailə qurmaqla nikahları rəsmi qeyd etdirməmişlər. Birgə yaşadığı müddətdə xx.xx.2016-cı il təvəllüdlü Lamiyə adlı qızı doğulmuşdur. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmuş, lakin, bir müddət sonra münasibətləri pozulmuşdur. O ailə qurmamışdan əvvəl, yəni 2014-cü ildən «paranoid cǝngolma tutmaları nəticəsində yaranmış ağıl zəifliyi, tez-tez cəngolma tutmaları nəticəsində yaranmış ağıl zəifliyi, tez-tez cəngolma tutmaları, paroksizmal forma» diaqnozu ilə Şəmkir rayon poliklinikasının psixiatrik kabinetində qeydiyyatdır. 2017-ci ilin dekabr ayında xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicədə olmuşdur. 2018-ci ilin yanvar ayında xəstəliyinə görə iddiaçı ilə aralarında narazılıqlar olmuş, anası onu müalicə etdirmək üçün öz evinə aparmışdır. O məcbur olaraq uşağını iddiaçının yanında qoyub evdən getmidir. Həmin vaxtdan da uşağı iddiaçının himayəsində qalmışdır. Valideyninin evinə qayıtdıqdan sonra o «Uşaq və aliment» tələbi ilə məhkəməyə müraciət etmişdir, lakin, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə xəstəliyi əsas səbəb kimi göstərilərək iddia tələbi rədd edilmişdir. Şəmkir rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(076)-987/2019 saylı qətnaməsi ilə ondan uşağın saxlanması üçün hər ay 80 (səksən) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, ondan hər ay 40 (qırx) manat alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı hazırda iddia tələbində aldığı alimentin məbləğinin artırılaraq uşağı yetkinlik yaşına çatanadək hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyini tələb edir. O heç bir yerdə işləmir, heç bir yüksək gəliri, qazancı yoxdur. Aldığı pensiya cəmi 150 (yüz əlli) manatdır. Həmin pensiyanın 40 manatı da alimentə tutulur. Qalan pensiya isə heç onun özünün müalicə xərclərini ödəmir. Valideynlərinin maddi yardımı ilə çətinlikliklə dolanır. Anası şəkər xəstəsidir, ürəyindən əməliyyat olunub, atası isə xərçəng xəstəsidir. İddiaçı özü də bilir ki, onun ailə vəziyyəti çox acınacaqlıdır. Onun maddi durumu ondan çox-çox yaxşıdır. O aliment verməkdən boyun qaçırmır, lakin, iddiaçının tələb etdiyi alimentin məbləği çox yüksəkdir, onun hər ay iddiaçıya 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Əgər, iddiaçı onun uşağına baxa bilmirsə, onun özünə versin, o valideynlərinin köməkliyi ilə ona baxmağa hazırdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3178 nömrəli 12 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağın atası qrafasında İddiaçı, anası qrafasında isə Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan Gəncə Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-2364/2019 saylı qətnaməsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(076)-987/2019 saylı qətnaməsi dəyişdirilmiş, 30 yanvar 2019-cü il tarixdən başlayaraq, 22 avqust 2016-cı ildə anadan olmuş Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-15819/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ qrup əlilliyə görə 150,00 manat müavinət alır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2023-01792 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 14:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (40 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 4 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdə cavabdehin səhhətini (Şəmkir Rayon Poliklinikasında psixonevroloji kabinetdə qeydiyyatda olmasını və 3-cü qrup əlil olmasını) nəzərə almış, bundan sonra cavabdehin səhhətində hər hansı dəyişiklik olmamış, eyni zamanda tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyi halda, 2024-cü il üçün bu məbləğ 235 manat həddində müəyyən edilmişdir. (75 manat artmışdır) Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 60 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2364/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2016-cı il təvəllüdlü Ləman adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq X3 ödənilsin. Cavabdeh 30 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-672/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-672/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver