Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-747/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ondan nisyə aldığı mallara görə cəmi 618 manat məbləğində borcun və 31 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında əldə edilmiş razılığa əsasən 798 (yeddi yüz doxsan səkkiz) manat borc yaranmışdır. Həmi borcu cavabdeh qaytarmamışdır. Razılığa görə cavabdeh ondan aldığı mobil telefonun pullarını hissə-hissə ödəməliydi. Lakin cavabdeh dediyi müddət ərzində həmin borcun bir hissəsini qaytarmamışdır. Dəfələrlə məlumat verilməsinə baxmayaraq həmin pulu geri qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək əlavə olaraq bildirdi ki, telefonun qiyməti 888 manat təşkil etmiş, 888 manatdan 90 manat ilkin ödəniş, növbəti aylarda 90 manat olmaqla 2 dəfə ödəniş etmiş, cəmi 270 manat ödəmişdir. Bu səbəbdən də Cavabdeh ondan nisyə aldığı mallara görə cəmi 618 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək 618 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 3 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh satıcı İddiaçı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat olan Samsung A-52 markalı mobil telefonu, 90 manat ilkin ödənişlə almış, qalıq borc 798 manatı 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında yazılı formada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 888 manat dəyərində mobil telefonu nisyə qaydada satmışdır. Daha sonra cavabdeh həmin borcdan ilkin ödəniş kimi 90 manat, sonrakı aylarda isə 90 manat olmaqla 2 ay, cəmi 270 manat ödəniş etmiş və onun iddiaçıya cəmi 618 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcun qalan hissəsini ödəməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qiyabi qətnamə qəbul edilərək cavabdehdən 618 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 618 (altı yüz on səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-747/2023
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-747/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver