Məhkəmə qərarları › İş №2(076)-768/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-768/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-768/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4 (dörd) tonluq dəmir su çəninin dəyəri olan 800 (səkkiz yüz) manat pulun, 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqının, su sayğacının və su təchizatının bərpa olunması üçün cavabdehlərə "xxxx" ASC-nin 8 nömrəli Regional Sukanal idarəsi tərəfində yazılmış 144 (bir yüz qırx dörd) manat borcun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "Satıcı" adlanan Cavabdeh1 və Cavabdeh2, onlara məxsus olmuş və ünvan 3 fərdi yaşayış evini "Alıcı" adlanan İddiaçı satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman müqaviləyə əsasən evi bir ay müddətində ona təhvil verəcəkləri barədə öhdəlik götürmüşlər. Həmçinin şifahi razılaşmaya əsasan evin həyətində yerləşən 4 (dörd) tonluq su çəni ona verilmişdir. Lakin cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında icra etmǝyǝrǝk evi 1 (bir) ay ərzində ona təhvil verməmişlər. Buna görə də cavabdehlərlə aralarında narazılıq yaranmışdır. Cavabdehlər evi ona 18 iyun 2023-cü il tarixdə yəni müqavilə bağlanıldıqdan 3 ay sonra təhvil vermişlər. Evi təhvil alarkən cavabdehlərlə razılaşdığı kimi onda qalmalı olan 4 (dörd) tonluq dəmir su çəninin həyətdə olmadığını görmüşlər. O, cavabdehlərə su çəninin onda qalacağı ilə bağlı razılaşma olduğunu və dəmir su çəninin geri verilməsini tələb etmişdir. Lakin, cavabdehlər onun tələbinə əhəmiyyət verməmişlər və bu günədək su çənini geri qaytarmamışlar. Hazırda 4 (dörd) tonluq dəmir su çəninin bazar dəyəri 800 (səkkiz yüz) manatdır (1 tonluq dəmir su çəninin alınması 200 manatdır). Cavabdehlərə dəfələrlə su çəninin qaytarılmasına və ya dəyərinin verilərək yenisinin alınması barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Həmçinin o xx.xx.2023-cü il tarixdə evi təhvil alarkən Cavabdeh2, onun oğlu X10 və digər şəxslərin iştirakı ilə evdə yerli baxış aktı tərtib etmişlər və iştirakçılar imza etmişlər. Baxış zamanı dəmir su çəninin olmamasını Cavabdeh2 öz imzası ilə təsdiq etmişdir. Su çənin ünvanında olmasını təsdiq edən video çəkiliş, foto və sputnik peyk vasitəsi ilə çəkilmiş foto şəkilləri də vardır. Bundan başqa cavabdehlərlə alqı-satqı müqaviləsi bağlamamışdan əvvəl cavabdehlər ona su sayğacının yararsız olduğunu və evi təhvil verənə qədər təmir etdirəcəklərini və təmirlə bağlı yarana biləcək xərcləri qarışlayacaqlarını bildirmişlər. Lakin, cavabdehlər evdə yaşadıqları müddətdə su sayğacı yararsız olduğundan kənar xətdən istifadə etmişlər. Buna görə də "xxxx" ASC tərəfindən cavabdehlərə qanunsuz istifadəyə görə 144 (bir yüz qırx dörd) manat məbləğində cərimə məbləği hesablanmışdır. Lakin cavabdehlər həmin borcu ödəmədikləri üçün su sayğacı əvəzlənməyərək su təchizatı bərpa olunmamışdır. Cavabdehlərdən evi təhvil aldıqdan sonra su sayğacının və su təchizatının bərpa olunması üçün "xxxx" ASC-nin Şəmkir rayon idarəsinə müraciət etmişdir. İdarədən 144 (bir yüz qırx dörd) manat borcu ödənildikdən sonra su sayğacının əvəzlənəcəyi və su təchizatının bərpa olunacağı ona bildirilmişdir. Cavabdehlər xx.xx.2023-cü il tarixli müqavilənin 10-cu bəndi üzrə üzərlərinə düşən öhdəliklərini icra etməkdən yayınırlar. xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10-cu bəndində göstərilir ki, "Alıcı”-nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi "Satıcı”-nın üzərinə düşür. Bundan başqa cavabdehlər alqı-satqı müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında icra etməyərək evi ona 1 ay müddətində deyil 3 ay müddətində təhvil vermişlər. Hesab edir ki, cavabdehlər əlavə olaraq 2 ay müddətində evdən qanunsuz istifadə edərək yaşamışlar. Hesab edir ki, cavabdehlər tərəfindən ona 2 aylıq kirayə haqqı ödənilməldir. Hazırda Şəmkir şəhər ərazisində həyət yanı 3 (üç) otaqlı fərdi yaşayış evinin bir aylıq kirayə haqqı orta hesabla 300 (üç yüz) manat təşkil edir. Cavabdehlərin alqı-satqı müqaviləsi üzrə və digər qaydada üzərlərinə götürdükləri öhdəlikləri icra etməməsi barədə Şəmkir RPŞ-nə yazılı qaydada şikayət vermişdir. Lakin, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması haqqında qərarla cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olması ilə əlaqədar şikayət rədd olunmuşdur. Hesab edir ki, iddiası qanuni və əsaslıdır. Cavabdehlərin ona vurduqlar ziyan əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4(dörd) tonluq dəmir su çəninin dəyəri olan 800 manat pulun, 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqının və ödənilmiş 36 dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh2 ilə 20 oktyabr 2015-ci ildən ayrılmışlar. Şəmkir rayon Məhkəməsinin 2(076)-2179/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 3 fərdi yaşayış evindən onun və Cavabdeh2 payı 1/2 hissədə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onlara məxsus olmuş və ünvan 3 fərdi yaşayış evini İddiaçı satmışlar və mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Onlar evi satdıqdan sonra Cavabdeh2 3 ay müddətində həmin evdə yaşamışdır. O özü ev satıldıqdan sonra orada yaşamamışdır. Onlar evi satarkən həyətdə onun tərəfindən alınmış 4 tonluq su çəni olmuşdur. Həmin çəni Cavabdeh2 götürmüşdür. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın ona aid hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, keçmiş əri Cavabdeh1 ilə birlikdə onlara məxsus olmuş ünvan 3 fərdi yaşayış evini İddiaçı 52000 manata satmağa razılaşmışlar. Alqı-satqı müqaviləsini Tovuz rayon Asan Xidmət Mərkəzində xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında rəsmiləşdirmişlər. O evi İddiaçı satarkən həyətdə olan su çənini satmağa dair onlar arasında razılaşma olmadığından su çənini iddiaçıya verməmişdir. Eyni zamanda qeyd edir ki, həmin evdə başqa su çəni olmamışdır. İddiaçı evi satın aldıqdan sonra onunla aralarında olan razılaşmaya əsasən həmin evdə 3 ay yaşamışdır. Evdən çıxarkən isə akt tərtib edilmişdir. Ona görə də iddianı tamamilə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcılar Cavabdeh1 və Cavabdeh2 alıcı X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147.4 kv.m olan fərdi yaşayış evini 52000 manata satmışlar. Müqavilənin 11-ci bəndində qeyd edilmişdir ki, satıcılar (Cavabdeh1 və Cavabdeh2) daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı-İddiaçı faktiki sahibliyinə verməyinin öhdəsinə götürür. İş materiallarında **********87-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən əmlakın hüquqi sahibi tam şəkildə İddiaçıdur. İş materiallarında məktubdan görünür ki, 4 tonluq yeni dəmir su çəninin(4mm dəmir list) orta bazar qiyməti hal hazırda 1100-1200 manat və istifadə edilmiş 800-950 manat arasında dəyişir. İş materiallarında olan İddiaçı, Cavabdeh2, X2, X3, X7 və X10 tərəfindən 18 iyun 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 18 mart 2023-cü il tarixdə satılmasına baxmayaraq 18 iyun 2023-cü il tarixdə Cavabdeh2 tərəfindən evdə heç bir əşya qalmadan təhvil vermişdir. Mənzilin alqısatqısında vanna otağının su çəni olmasına baxmayaraq evi təhvil verərkən su çəni olmamışdır. Məhkəmə baxış iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirdi ki, X9 onun oğludur. Oğlu Vüqar cavabdehlərdən fərdi yaşayış evi almışdır. Evi almaq üçün baxarkən və alqı-satqı edən zaman həyətdə su çəni də olmuşdur. Cavabdehlər fərdi yaşayış evini oğluna satarkən su çəni də alqı-satqının içində olmuşdur. Lakin evi alqı-satqıdan sonra 3 ay Cavabdeh2 həmin evdə yaşadığından evi iyun ayında təhvil alınmış, təhvil alındıqda su çəni həyətdə olmamışdır. Məhkəmə baxış iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində bildirdi ki, X4 dostudur. İddiaçı cavabdehlərdən evi aldıqdan sonra həmin evin yerləşdiyi həyətdə su çəni görmüşdür. Cavabdehlər evi dostu Vüqara təhvil verərəkən iştirak etməmişdir. Məhkəmə baxış iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirdi ki, X4 dostudur. Cavabdehlər evi satdıqdan sonra dostu Vüqara təhvil verərəkən tərtib edilmiş akta imza etmişdir. Həmin vaxt evin həyətində su çəni olmamışdır. Onların arasında su çəninə görə narazılıq olmuşdur. Məhkəmə baxış iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirdi ki, X4 bibisidir. Vüqar evi cavabdehlərdən alarkən evin həyətində su çəni olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 52000 manat məbləğində pula satın almışdır. Cavabdehlər fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verməyi öhdələrinə götürmüşlər. Qeyd olunan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı tam mülkiyyətinə verilmişdir. Cavabdeh2 yeni ev tapana qədər 3 ay müddətində həmin evdə qalmaqla bağlı tərəflər qarşılıqlı razılığa gəlmişlər. Tərəflərin izahatları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə həmçinin, fərdi yaşayış evi cavabdehlər tərəfindən iddiaçıya satılarkən həmin evin həyətində 1 ədəd 4 tonluq su çəni olduğu, lakin 18 iyun 2023-cü il tarixdə iddiaçı evi təhvil götürərkən həmin su çəninin həyətdə olmadığı müəyyən edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4(dörd) tonluq dəmir su çəninin dəyəri olan 800 manat pulu və 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlardan məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satarkən evin həyətində yerləşən 4 tonluq dəmir su çəni olmuş, lakin cavabdehlər sonradan evi iddiaçıya təhvil verərkən, həmin su çəni Cavabdeh2 tərəfindən götürülmüş və iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 onlara məxsus fərdi yaşayış evini satarkən iddiaçı ilə aralarında 4 tonluq dəmir su çəninin də ona satılmasına dair hər hansı razılaşma olmadığını göstərmiş olsa da, fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçıya bütövlükdə satıldığı halda həmin torpaq sahəsində yerləşən satılan daşınmaz əmlakın bir hissəsini təşkil edən 4 tonluq dəmir su çəninin satılmaması barədə Cavabdeh2 izahatını inandırıcı hesab etmir. Həmçinin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci bəndində də alıcının qiymətini bəyənib razılaşdığı vəziyyətdə daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə verməyi öhdələrinə götürmələri qeyd olunmuşdur. Məhkəmə Cavabdeh2 izahatı fonunda iddiaçının və onun təqdim etdiyi şahidlərin izahatını daha inandırıcı hesab edir və sübut kimi qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin alqı-satqı müqaviləsindən sonra fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini təhvil verərkən orada yerləşən 4 tonluq dəmnir su çənini iddiaçıya təhvil verməmələri kimi hərəkətləri onların iddiaçı qarşısında mülki məsuliyyətin yaranmasına səbəb olan, təqsirli, hüquqazidd əməl kimi qəbul edilməli və mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə, iddia tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2 ay müddətində evdə yaşadıqları müddət üçün 600 (altı yüz) manat kirayə haqqı hissəsində əsassız hesab edir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehlər tərəfindən mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıya satıldığı, həmin alqı-satqı müqaviləsində cavabdehlərin 1 ay müddətinə daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə iddiaçının faktiki sahibliyinə verməyi öhdələlərinə götürmələri, buna baxmayaraq 18 iyun 2023-cü il tarixdə yəni 3 ay sonra iddiaçıya təhvil vermələri müəyyən edilmiş olsa da, məhkəmə hesab edir ki, tərəflər arasında fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin həmin evdə müvəqqəti yaşamaları ilə bağlı kirayə müqaviləsi mövcud olmadığından və ya kirayə müqaviləsi ilə bağlı tərəflər arasında hər hansı öhdəliklər yaranmadığından hazırda iddiaçının cavabdehlərdən ona məxsus evdə yaşamaqlarına görə 2 aylıq kirayə haqqını tələb etmək tələbi əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və X1 800 (səkkiz yüz) manat dəyərində 4 (dörd) tonluq dəmir su çəni, özü olmadıqda isə onun dəyəri olan 800 (səkiiz yüz) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və X1 800 (səkkiz yüz) manat dəyərində 4 (dörd) tonluq dəmir su çəni, özü olmadıqda isə onun dəyəri olan 800 (səkkiz yüz) manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar