Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-817/2025 29.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat miqdarında pulun alınaraq ona veilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh onun tanışıdır. Belə ki, cavabdeh X3 19 noyabr 2022-ci ildə təxminən 6 (altı) ay müddətinə, yəni 19 may 2023-cü ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 15000 (on beş min) manat miqdarında borc pul almışdır. Göstərilən müddət tamam olduqda o Cavabdeh pullarının qaytarmasını tələb etməyə başladı. Lakin cavabdehə verdiyi borc pulunu qaytarmaqdan imtina etdi. Buna görə də o pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli oldu. Məhkəmə cavabdehin ondan borc pul adı altında aldığı 15000 manat miqdarında pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə verərək bildirir ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 2022-ci ilin noyabr ayında uşağı xəstələndiyi üçün onun müalicəsi üçün 1000 manat pul lazım olmuş, maaşı isə həmin məbləği ödəməyə kifayət etməmişdir. Xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçuları bundan xəbər tutaraq faizlə pul verən İddiaçı müraciət etməsini məsləhət bilmişlər. İddiaçıla görüşüb vəziyyəti ona bildirmiş, o isə 6 ay müddətinə ona 1000 manat pul faizlə olmaqla, yəni əlavə olaraq üzərində isə 500 manat faiz ödəmək şərti ilə verə biləcəyini bildirmişdir. Bildirmişdir ki, həmin müddətdə qaytarmasa 15000 manat tələb edəcək. Həmin vaxt pul lazım olduğundan iddiaçının diktəsi ilə qeyd edilən məzmunda qəbzi yazmışdır. Bundan sonra 2 dəfə 200 manat olmaqla cəmi 400 manat ödəmiş, müddət başa çatdıqda isə 1000 manat düzəldib iddiaçıya vermişdir. İddiaçı isə 1000 manatı götürməyərək gecikdirdiyi üçün 15000 manat ödəməsini tələb etmişdir. İddiaçı tək ona yox, bir çox şəxsə qarşı eyni hərəkəti etmişdir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirdi ki, İddiaçı və Cavabdeh tanıyır. Cavabdeh Fəzli Səyyadov onun kapitanı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin İlhamdan 1000 manat pul almasını və 15000 manat pul istəməsini eşitmişdir. İlham bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğli sənədə imza etdirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Fizuli onun iş yoldaşı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin İlhamdan 1000 manat pul almasını və 15000 manat pul istəməsini eşitmişdir. İlham bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğli sənədə imza etdirməsini eşitmişdir. Məhkəmə cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat məbləğində borc almasını, qeyd edilən qəbzi özü yazmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2022ci il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 15000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Eyni zamanda məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 və X1 ifadələrinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, şahid qismində dindirilmiş şəxslər cavabdehin iddiaçıdan 1000 manat alması zamanı şəxsən iştirak etməmiş, sonradan həmin məlumatı cavabdehdən eşitdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 15000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış əlyazma həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 15000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan və iddianın qiyməti 15000 manat olduğundan, iddiaçı isə müharibə veteranı statusunda olduğu üçün müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən azad edildiyindən, 135 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 135 (bir yüz otuz beş) manat dövlət rüsumu tutularaq dövlət hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-817/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-817/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver