Məhkəmə qərarları › İş №2(076)-838/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-838/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-838/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona bir başa yetirilmiş əmlakların dəyəri olan maddi ziyanı ödənilməklə xeyrinə 1365 manat və məhkəməyə iddia verilmə dövlət rüsumunun ödənilməsinə görə 34 manat cəmi, 1399 manat məbləğində pulun tutulub verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın fəaliyyət göstərdiyi vaxtda oraya giriş qapısından daxil olub İddiaçı iş otağının qapısının açıq olmasından və otaqda digər şəxslərin olmamasından istifadə etməklə həmin otağa qanunsuz daxil olaraq otaqdakı oturacağın üzərindən içərisində 785 manat dəyərində halqası 2,5 qram çəkidə 750 əyarlı olmaqla digər hissəsi 6 qram çəkidə 585 əyarlı qızı! brelok, 500 manat nağd pul, zərərçəkmişin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla cəmi 50 manat dəyərində 05 ədəd "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASCyə aid plastik kartlar olan 30 manat dəyərində pul qabını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1365 manat məbləğində maddi giyan vurmaqla oğurluq etmişdir. Ona qörə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinirək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-161/2023 nömrəli xx.xx.2023-cü il tarixli HÖKM ilə 02 (iki) il 04 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəzanın icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə tapşırılmışdır Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabder Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 161/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın fəaliyyət göstərdiyi vaxtda oraya giriş qapısından daxil olub İddiaçı iş otağının qapısının açıq olmasından və otaqda digər şəxslərin olmamasından istifadə etməklə həmin otağa qanunsuz daxil olaraq otaqdakı oturacağın üzərindən içərisində 785 manat dəyərində halqası 2,5 qram çəkidə 750 əyarlı olmaqla digər hissəsi 6 qram çəkidə 585 əyarlı qızıl brelok, 500 manat nağd pul, zərərçəkmişin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla cəmi 50 manat dəyərində 05 ədəd "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-yə aid plastik kartlar olan 30 manat dəyərində pul qabını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1365 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-161/2023 saylı hökmündən görünür ki, Cavabdeh iddiaçıya ümumilikdə 1365 manat məbləğində ziyan vurmaqla onun əmlakını gizli olaraq talamış, bununla da AR Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni ona cavabdeh tərəfindən ziyan vurulmuş olduğu hökmdə təsdiq olunduğundan, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməli, iddiaçıya dəymiş ziyan cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflər arasında bölüşdürülməli, ödənilmiş dövlət rüsumunun 34 manat Cavabdeh tutularaq iddiaçıya verilməli, 11 manat isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1365 (min üç yüz altmış beş) manat maddi ziyanın əvəzi və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 34 (otuz dörd) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar