Məhkəmə qərarları › İş №2(076)-851/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-851/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-851/2023 05.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı Qarayeva (Cəfərova) Türkan Xaliq qızının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qarayeva (Cəfərova) Türkan Xaliq qızı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə 09 mart 2010-cu ildə doğulmuş Zəhra və 21 noyabr 2011-ci ildə doğulmuş Hüseyn adlı uşağın saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(076)-2330/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş 110 (bir yüz on) manat sabit pul formasında alimentin artırılmasına, hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində tutulmasına, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə 09 mart 2010-cu ildə doğulmuş Zəhra və 21 noyabr 2011-ci ildə doğulmuş Hüseyn adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün cavabdehin hesabından onun nəfinə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment müəyyən olunub. Lakin hesab edir ki, həmin məbləğ bu gün üçün yetərli deyil. Belə ki, uşaqlar böyüyüb və xərcləri çoxalıb. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə uşaqların saxlanması üçün müəyyən olunmuş alimenti artırsın və hər ay bir uşaq üçün 200 manat məbləğində sabit pul formasında müəyyən etsin. Çünki cavabdehin qazancı sabit deyil. O, fərdi əməklə məşğul olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləliklə məşğul olur. O razı deyil alimentin artırılmasına, çünki ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş 09 mart 2010-cu il təvəllüdlü Zəhra və 21 noyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Şəmkir rayon məhkəməsinin 2(076)- 2330/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2016-cı ildən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra arvada Qarayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 762013 nömrəli və AZ-İİ seriyalı, 472027 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə və X8 xx.xx.2010-cu il tarixdə Şəmkir rayonunda doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. İşdə olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu, Könüllü kəndində yaşayır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1-00162 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması tələbinə dair” mübahisə üzrə xx.xx.2023-cü il tarixində, saat 11:15-də mediator X9 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Şəmkir rayon məhkəməsinin 2(076)-2330/2016 saylı, xx.xx.2016ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı ildən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş 110 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 110 manat məbləğində aliment xx.xx.2016-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən altı ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 09 mart 2010-cu il təvəllüdlü Zəhra və 21 noyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı Qarayeva (Cəfərova) Türkan Xaliq qızının xeyrinə Şəmkir rayon məhkəməsinin 2(076)-2330/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Qarayeva (Cəfərova) Türkan Xaliq qızının xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərcini iddiaçı ödəmiş, cavabdeh isə ilkin müdiasiya sessiyasında iştirak etməməmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq, cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği min manatadək olduğundan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilmə və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2330/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 09 mart 2010-cu il təvəllüdlü Zəhra və 21 noyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, anaları Qarayeva (Cəfərova) Türkan Xaliq qızının xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar