Məhkəmə qərarları › İş №2(076)-865/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-865/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-865/2023 15.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, İddiaçı MMC–nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 963,79 manat məbləğində vurulmuş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019–cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən cavabdeh İddiaçı MMC–yə 1.000 manat borcunun olmasını etiraf etmiş və həmin məbləği xx.xx.2019–cu il tarixdən hər ay ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin 963,79 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 963,79 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1– ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023–cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan xx.xx.2019–cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, İddiaçı MMC–nin mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə 1.000 manat məbləğində ziyan vurması müəyyən edilmiş, cavabdeh həmin ziyanı etiraf etmiş və cavabdeh xx.xx.2019–cu il tarixdən başlayaraq borcunu 2 ay müddətində hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, xx.xx.2019–cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən Cavabdeh 1.000 manat məbləğində borcu yaranmış, yekun olaraq 963,79 manat borcu qalmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022–ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilmiş, cavabdeh xx.xx.2023–cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC– nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cəmiyyətə 1.000 manat məbləğində ziyan vurmuş, bundan sonra tərəflər arasında xx.xx.2019–cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh İddiaçı MMC–yə 1.000 manat borcunun olmasını etiraf etmiş və həmin məbləği xx.xx.2019–cu il tarixdən başlayaraq 2 ay müddətində hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcun güzəştləri nəzərə alındıqdan sonra, yekun olaraq cavabdehin 963,79 manat borcu qalmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 963,79 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 963,79 (doqquz yüz altmış üç manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı MMC–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar