Məhkəmə qərarları › İş №2(076)-874/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-874/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-874/2023 04.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Cavabdehlər: Cavabdeh və X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehdən 9.709,08 manat əsas kredit borcu, 1.471,64 manat faiz borcu, 410,27 manat cərimə borcu olmaqla, cəmi 11.590,99 manat məbləğində pulun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 23 % ödəmək şərtilə 12.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh X4 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 9.709,08 manat əsas kredit borcu, 1.471,64 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımı qaydada yerinə yetirmədiyinə görə cavabdehə 410,27 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlərdən 9.709,08 manat əsas kredit borcu, 1.471,64 manat faiz borcu, 410,27 manat cərimə borcu olmaqla, cəmi 11.590,99 manat məbləğində pulun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən ona 36 ay müddətinə illik 23 % ödəmək şərtilə 12.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh X4 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən maddi imkanı olan kimi borcunu ödəməyə söz verir. Əlavə olaraq qeyd edir ki. hesablanmış cərimə borcu ilə razı deyildir. Hesab edir ki, cərimənin məbləği artıq hesablanmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək əsasən digər Cavabdeh ilə eyni məzmunlu izahat verdi və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 23 % ödəmək şərtilə 12.500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2021–xx.xx.2024–cü il ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2023–cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixədək cavabdehin 9.709,08 manat əsas kredit borcu, 1.471,64 manat faiz borcu, 410,27 manat cərimə borcu olmaqla, cəmi 11.590,99 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə illik 23 % ödəmək şərtilə 12.500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh X4 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 9.709,08 manat əsas borcu və 1.471,64 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımı qaydada yerinə yetirmədiyinə görə cavabdehə 410,27 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh X4 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin, məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 27 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 27 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Odur ki, məhkəmə hesab edir ki, 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh və X1 müştərək qaydada əsas kredit borcu üzrə 9.709,08 manat, faiz borcu üzrə 1.471,64 manat, cərimə borcu üzrə 27 manat olmaqla, cəmi 11.207,72 manat məbləğində pul və 125 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2021–ci il tarixli CC/22438/82/29 nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə cavabdehlər Cavabdeh və X1 əsas kredit borcu üzrə 9.709,08 manat, faiz borcu üzrə 1.471,64 manat, cərimə borcu üzrə 27 manat olmaqla, cəmi 11.207,72 (on bir min iki yüz yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh və X1 125 (bir yüz iyirmi beçş) manat pul müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar