Məhkəmə qərarları › İş №2(076)-879/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-879/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-879/2023 31.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcun qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin Xaliq oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 2723 ABŞ dolları əsas, 800,26 ABŞ dolları faiz, 3179,46 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konutitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 400,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 126,23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərə 24 ay müddətinə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalan Cavabdeh verdiyi kreditin qalıq məblği konvertasiya edilərək 5870,47 (beş min səkkiz yüz yetmiş dollar qırx yeddi sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh kredit verilərkən Zamin Xaliq oğlu ilə bank arasında 05 avqust 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bənidinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilsəinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq qaytarsalaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Hazırda xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7103,62 ABŞ dolları təşkil edir. Bundan 2723 ABŞ dolları əsas, 800,26 ABŞ dolları faiz, 3179,46 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konutitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 400,90 ABŞ dolları faiz borcu təşkil edir.ona görə də, cavabdehlər Cavabdeh və Zamin Xaliq oğlundan müştərək qaydada əsas borca görə 2723 ABŞ dolları əsas, 800,26 ABŞ dolları faiz, 3179,49 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konutitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 400,90 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 126,23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, İddiaçı ASC ilə onun arasında 24 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İiddia tələbi ilə razı olmadığını, iddia ərizəsində göstərilən məbləğlərin şişirdilmiş məbləğ olduğunu bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinə əsasən cavabdeh Zamin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh izahatını dinləyərək, işin materiallarını araşdırıb, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 24 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuşdur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 56 faiz dərəcəsilə, aylıq isə 4.67 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə cavabdeh Zamin Xaliq oğlu arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında bağlanan 24 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2723 ABŞ dolları əsas, 800,26 ABŞ dolları faiz, 3179,46 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konutitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 400,90 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 7103,62 ABŞ dolları borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/247 nömrəli, 27 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və xx.xx.2015-ci il tarixdən (01 saylı əlavə sazişin tarixindən) xx.xx.2017-ci il tarixədək (müqavilələrin son tarixi) illik 28 fazilə, xx.xx.2017-ci il tarixdən (müqavilənin son tarixi) illik 5 faiz olmaqla faiz borcu hesablanmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 4.108,53 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 3.644,29 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları və faiz borcu üzrə 464,24 ABŞ dolları müəyyən edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə iş materialları və ekspertiza rəyini qarşılıqlı surətdə tədqiq edərək hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır və buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehdən həm iddia ərizəsində nəzərdə tutulan məbləğdə 2723 dollar əsas borc və 400.90 dollar (5 %lə), ekspert rəyində nəzərdə tutulan 0 (sıfır) faiz borcu (28 %lə) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdeh Zamin qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdeh Zamin aid hissədə iddia rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə məbləği əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhk əmə iddia tələbində göstərilən xx.xx.2014-cü il tarixli müqavilə üzrə cərimə məbləğinin 320 (üç yüz iyirmi) ABŞ dolları məbləğində tutulmasını məqsədə müvafiq sayır. Odur ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 126,23 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 126,23 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2723 ABŞ dolları əsas borc, 400.90 ABŞ dolları faiz borcu, 320 ABŞ dolları cərimə olmaqla, cəmi 3443.90 ABŞ dolları (üç min dörd yüz qırx üç dollar doxsan sent) ABŞ dollarının ödəniləcək günə Azərbaycan manatına məzənnəsi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,23 manat alınaraq ləğv prosesində olan LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar