Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-915/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat pulun, 50 manat vəkil xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən, özünə məxsus 0,10 ha həyətyanı torpaq sahəsini satmasını bilmiş, bu məqsədlə cavabdehlə görüşmüş və sonuncu ona satacağı torpaq sahəsini göstərmişdir. Eləcə də, torpağın dəyərini 1.900 manata razılaşmışlar. 2023–cü ilin fevral ayında cavabdeh 1.200 manat pulu ondan nağd almış, torpağı oğlunun adına sənədləşdirəcəyini bildirmiş, o da sənədi alan zaman qalan 700 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yarım ay müddətində torpağı sənədləşdirəcəyinə dair vəd vermiş, lakin vədinə əməl etməmişdir. Həmin müddətdə oğlu İlkin xəstələnərək vəfat etmiş, bundan sonra cavabdehə müraciət edərək ödəmiş olduğu 1.200 manatın qaytarılmasını tələb etmişdir. Cavabdeh pulun 900 manatını qaytarsa da, qalan 300 manatı müxtəlif bəhanələrlə qaytarmamışdır. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün vəkil xidmətinə görə 50 manat, dövlət rüsumuna görə 30 manat vəsait xərcləmişdir. Odur ki, Cavabdeh 300 manat pulun, 50 manat vəkil xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2023–cü ilin fevral ayında cavabdehlə Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 1.900 manata satılması barədə razılaşmışlar. Bundan sonra cavabdehə ilkin olaraq 1.200 manat nağd pul vermiş, lakin məlum olmuşdur ki, torpağın sənədləri yoxdur. Bundan sonra cavabdeh qısa müddətdə torpağı sənədləşdirəcəyini bildirmişdir. Lakin cavabdeh vədinə əməl etmədi, eləcə də həmin ərəfədə oğlu xəstələnərək vəfat etmişdir. Oğlunun vəfatından sonra cavabdehə müraciət edərək torpağa görə ödəmiş olduğu 1.200 manat pulunu geri tələb etmişdir. Cavabdeh 900 manatı qaytarsa da, qalan 300 manatı müxtəlif bəhanələrlə qaytarmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 300 manat pulun, 50 manat vəkil xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı ilə torpaq sahəsinin satılması barədə razılaşmış, bu məqsədlə iddiaçı ona 1.200 manat pul ödəmişdir. Lakin iddiaçının oğlu vəfat etdiyindən iddiaçı daha torpaq sahəsini istəmədiyini bildirmiş və pulunu tələb etmişdir. O da 900 manat pulu iddiaçıya qaytarmış, qalan 300 manatı isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Hazırda da maddi imkanı olmadığından pulu birdəfəyə qaytara bilmir. Bununla belə iddiaçıya olan borcunu hər ay hissə–hissə qaytara bilər. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etdi ki, iddiaçı 2023–cü ilin fevral ayında cavabdehlə Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 1.900 manata satılması barədə razılaşmış, bundan sonra cavabdehə ilkin olaraq 1.200 manat nağd pul vermiş, qalan 700 manatı isə torpaq sənədləşdikdən sonra ödəməyi öhdəsinə götürmüşdür. Lakin torpaq sahəsi sənədləşməmiş və iddiaçı torpağa görə ödədiyi pulu cavabdehən tələb etmişdir. Cavabdeh həmin pulun 900 manatını qaytarsa da, qalan 300 manatını qaytarmamışdır. Həmin halı cavabdeh özü də etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 300 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 300 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın “50 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini də əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2025–ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 hesabına 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 50 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 300 manat məbləğində pul, 50 manat vəkil xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində vəkil xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(076)-915/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-915/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver