Məhkəmə qərarları › İş №2(076)-919/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-919/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-919/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Dəymiş maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı, Cavabdeh qarşı “Dəymiş maddi və mənəvi ziyan tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, dəymiş maddi ziyana görə 14000 (on dörd min) manat və mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayon Mollabayramlı kənd qeydiyyatındadır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır, xidmətini nömrəli hərbi hissədə davam edən vaxt, xəsarət almışdır və nəticədə tibb mənətəqəsinə müraciət etmişdir, müraciəti əsasında ona laqeyid yanaşaraq əlində barmağın ambultasiyasına gətirib çıxarmışdır və hərbi xidmtə yararlı kimi onu ehtiyata buraxılmışdır, lakin o, işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikasının Daxilişlər Nazirliyinin, Kəlbəcər rayon polis şöbəsinə polis nəfəri kimi işə düzəlməyi üçün müraciət etmiş, hətta əmisi oğlu şəhid olduğu üçün bir şəhid ailəsi kimi onun müraciətini nəzərə aldılar və tibbi müyinə zamanı əl barmağın apultasiya olmağını nəzərə alıb onun müraciətini əsassız saydılar, o, dərhal Sumqayıt hərbi prokurorluğuna ərizə ilə müraciət edərək həkim səhlənkarlığı nəticəsində ona maddi və mənəvi ziyan dəyməsi və cinayət törətmiş şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir və hətta ekspertiziyadan keçmişdir və təsdiqləndi ona dəyən maddi və mənəvi ziyana görə Bakı hərbi məhkəməsinə müraciət etmişdir, lakin ona rəsmi olaraq bildirdilər ki, cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət etməlidir. Cavabdeh səhlənkarlığı ucbatından ona maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək ona dəymiş maddi və mənəvi ziyan üçün pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı Sumqayıt Hərbi prokurorluğuna müraciəti əsasında araşdıma aparılmışdır. Araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir. Belə ki, İddiaçı Müdafiə Nazirliyinin Hərbi Hava qüvvələrinin Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsinin ərazisində yerləşən 955 nömrəli hissəsinin mühafizə bölüyündə əsgər hərbi rütbəsində xidmətdə olarkən 2020-ci ilin noyabr ayının birinci on günlüyündə şəxsi heyətə verilmiş tapşırığa əsasən hərbi hissənin raket sından sursat yeşiklərində olan ağır artilleriya silahlarının mərmilərini "MAZ" markalı hərbi nəqliyyat vasitəsinə yüklədiyi vaxt sağ əlinin ikinci barmağı içərisində mərmilərin olduğu sursat ilə avtomobilin yük hissəsinin arasında qaldığından barmağında ağrı hiss etmiş, ağrını hesab etmədiyindən, eləcə də müharibə günləri olduğundan tibb məntəqəsinə müraciət etməyərək mərmilərin yüklənməsi tapşırığını sona qədər icra etmiş, növbəti günlərdə barmağında artan ağrılar və şişkinlik olduğundan 13 noyabr 2020-ci il tarixdə hərbi hissənin tibb ləqəsinə müraciət etmiş, özünə problem yaranmaması səbəbindən tibb məntəqəsinə müraciət edərkən barmağının sursat yeşiyinin altında qalması barədə tibb məntəqəsinə heç bir məlumat vermədən barmağının müayinə edilməsini xahiş etmiş, müraciətinə tibb xidməti rəisi-tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Cavabdeh tərəfindən müayinə edilərək ona "sağ əlin ikinci barmağının infeksiyalaşmış yarası" diaqnozu araq barmağına iltihablaşma və infeksiya əleyhinə olan "vişnevski mazı vurulmuş çinin "ampissilin" adlı dərman preparatı verilməklə ambulator müalicə təyin edilmişdir. növbəti gün, yəni 14 noyabr 2020-ci il tarixdə tibb məntəqəsinin rəisi Cavabdeh ailə vəziyyəti ilə əlaqədar 5 günlük, yəni 19 noyabr 2020-ci il tarixədək məzuniyyətə gedərkən onun vəzifələrinin icrası hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin tibb məntəgəsinin aptek rəisi-feldşeri, gizir Yusif Canızadəyə həvalə edilmiş, Şamxal eynov məzuniyyətə getməmişdən öncə gizir Yusif Canızadəyə əsgər İddiaçı sağ ikinci barmağını mütəmadi nəzarətində saxlamasını, barmağında hər hansı patoloji şiklik, şişkinlik və digər şübhəli hallar aşkar edəcəyi təqdirdə İddiaçıı dərhal ixtisaslı müəssisəsi kimi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə etməsini tapşırmışdır. İddiaçı növbəti günlərdə ambulator müalicəsinə uyğun olaraq tibb məntəqəsinə getdikdə tibb məntəqəsində məsul vəzifədə olan X1 Vəliyevin barmağındakı ağrıların və şişkinliyin artmasına baxmayaraq barmağına yenidən maz vurmaqla kifayətlənərək onu hərbi hospitala təxliyyə etmək üçün tədbirlər görməmişdir. Yalnız 19 noyabr 2022-ci il tarixdə tibb xidməti rəisi Cavabdeh məzuniyyət müddətini bitirib hərbi hissəyə qayıtdıqda əsgər İddiaçı sağ əlinin ikinci barmağının şişdiyini, dırnaq hissəsinin pisləşdiyini və barmağının sağalmadığını görüb həmin gün onun silahlı qüvvələrin baş klinikasına təxliyəsini təmin etmiş, 19 noyabr 2020-ci il tarixdə İddiaçı stasionar müalicəyə qəbul edilərək barmağı əməliyyat edilmiş sonra həmin barmağın orta falanqasının 1/3 amputasiya edilmişdir. Araşdırma materialına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin komisyon məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1-2023 nömrəli rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı onda "Sağ əlin İİ (ikinci) barmağının orta falanqasının orta 1/3-i hissəsindən amputasiyası (xx.xx.2020)" aşkar edilmişdir. İddiaçı hal-hazırda bu diaqnoz ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər” 67ç maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən, "Hərbi xidmətə yararlı" hesab edilmişdir. Həmin rəyə əsasən İddiaçı özünün dediyi kimi istər bir neçə əvvəl, istərsə də rəsmi olaraq hərbi hissənin tibb məntəqəsində qeydiyyata düşdüyü 11.2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyi halda, ona göstərilən yardımlar xəstəliyinin müalicəsi üçün qeyri-adekvat və qənaətbəxş olmamışdır, xəstə tibb təqəsinə daxil olduqdan sonra ilk üç gün ərzində ixtisaslı tibb müəssisəsinə göndərilməli olduğu halda, təxliyəsi gecikdirilmişdir və barmaqda olan iltihab prosesi osteomielitlə başlayaraq barmağın distal falangasının yumşaq toxumalarının nekrozuna səbəb olmuşdur. Xəstənin vaxtında təxliyə olunmaması ilə osteomielit və yumşaq toxumaların nekrozlaşması arasında səbəbli əlaqə vardır. İddiaçı hər iki halda hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən ilk üç gün ərzində təxliyə olunması təmin olunduğu halda, sonrakı etapda servativ müalicə effektiv olmaqla, müsbət nəticə verə bilərdi və bununla da barmağın anatomik tamlığını saxlamaq mümkün olardı. "Sağ əlin İl barmağının sümük dolaması təyin olunan hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsində müalicə oluna bilməzdi, yəni ixtisaslı müayinə və müalicə üçün hospitalizasiya olunmalı idi. İddiaçı barmağında olan patoloji prosesin ilkin kliniki əlamətlərinin 2020-ci ilin ilk on günlüyündə inkişaf etməsi inkar edilmir, lakin onun travmatik mənşəli olması tibbi sənədlərdə olan məlumatlarla təsdiq edilməmişdir. İddiaçı tibb xidməti əməkdaşlarının öz xidməti borclarına vicdansız və ya laqeyd münasibət bəsləmələri nəticəsində törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sağ əlinin ikinci barmağının orta falanqasının orta 1/3-nin əməliyyat edilərək amputasiya edilməsi barədə müraciətə baxılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlışdiaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərinvurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59-cu maddəsinə əsasən Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı cavabdeh tibb müəssisəsində düzgün müayinə olunmaması əsası ilə ona maddi və mənəvi zərər dəyməsinə istinad etmişdir. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoyur. Hazırki işdə də zərərin həkimin təqsiri üzündən baş verməsi cinayət işinin başlanmasınən rədd edilməsi qərarı ilə təsdiq edilir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətdə olarkən xəsarət almış, tibb mənətəqəsinə müraciət etmişdir. Tibb məntəqəsinin rəisi vəzifəsini icra edən tibb xidməti leytenantı Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı sağ əlinin ikinci barmağını müayinə edib, ona ilkin tibbi yardım göstərdikdən sonra onun ixtisaslı tibb müəssisəsinə göndərməli olduğu halda göndərməmişdir. Bunun nəticəsində İddiaçı sağ əlinin ikinci barmağının orta falanqasının orta 1/3 hissəsi amputasiya edilmişdir. İddiaçı onun səhhətində yaranmış ağırlaşmalar nəticəsində gündəlik həyatında məhdudiyyətlər ilə qarşılaşmış, onun vəziyyəti ona fiziki olaraq da iztirablar yaşatmışdır. Buna görə də iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə iddianın maddi ziyan hisəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tələb edilən maddi ziyanın məbləği sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulması, onun hazırda da gündəlik həyatını məhdudiyyətsiz yaşamaq, sərbəst hərəkət etmək imkanından məhrum edildiyi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı mənəvi sarsıntı və fiziki iztirabları ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mənəvi zərərin həcmi 50.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 8.000 manat məbləğində müəyyən edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hazırkı iddianın qiyməti 8000 manatdır. İddia təmin edildiyindən ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar