Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-10/2022 10.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Ezzati Hossein,onun vəkili və nümayəndəsi X3 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ezzati Hosseinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ezzati Hossein Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 76700 (yetmiş altı min yeddi yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması” barədə ərizə verərək,Cavabdeh 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 İslam Respublikasının vətəndaşıdır,2015ci il tarixdən etibarən müvafiq icazə ilə Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur.Cavabdeh özünün və arvadının dişlərini düzəltdirmək məqsədilə "xxxx" stomotoloji klinikasında olarkən oranın sahibi kimi tanımış və aralarında yaxşı münasibət yaranmışdır.2020-ci ilin avqust ayının sonlarında Cavabdeh ona klinikanın fəaliyyətini genişləndirmək məqsədilə pula ehtiyacının olduğunu bildirmiş və 20000 manat məbləğində borc pul istəmişdir.Onun tərəddüd etdiyini görüb Cavabdeh həmin məbləği 1 il müddətinə verəcəyi təqdirdə hər ay 1500 manat qazanc ödəyəcəyini,sonda isə 20000 manatı tam qaytaracağını vəd etmişdir.Aralarındakı razılaşmanın etibarlı olması məqsədilə hər tərəfdən bir nəfər şahid olmaqla yazılı müqavilə tərtib etməyi və möhürlə təsdiq etməyi razılaşdırmışlar.Bu məqsədlə 01 sentyabr 2020-ci il tarixdə borc müqaviləsi imzalamışlar və o "xxxx" MMC adından,Cavabdeh isə "xxxx" MMC adından müqaviləni möhürləmişlər.Bir neçə gün sonra Cavabdeh həmin məbləğin görüləsi işlərə kifayət etmədiyini,yenidən 23000 manat məbləğində borc lazım olduğunu bildirmiş və həmin məbləği də 1 il müddətinə verəcəyi təqdirdə hər ay 1700 manat qazanc ödəyəcəyini,sonda isə 23000 manatı tam qaytaracağını vəd etmişdir.Yenə eyni qaydada 19 sentyabr 2020-ci il tarixdə borc müqaviləsi imzalamışlar və o "xxxx" MMC adından,Cavabdeh isə "xxxx" MMC adından müqaviləni möhürləmişlər.Bundan sonra Cavabdeh 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə iki ay 1500 manat olmaqla,cəmi 3000 manat və 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 1700 manat pul ödəmişdir.Sonradan Cavabdeh maddi vəziyyətinin pisləşdiyini,borcun ödənilməsində çətinliklər çəkdiyini və müqavilənin son ödəmə tarixində onunla hesablaşacağını bildirmişdir.Lakin hazırda hər iki müqavilənin müddətinin başa çatmasına baxmayaraq Cavabdeh 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 20000 manat əsas borc,10 ay üçün ödəməli olduğu 15000 manat qazanc və 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 23000 manat əsas borc,11 ay üçün ödəməli olduğu 18700 manat qazanc olmaqla,cəmi 76700 manat borcu geri qaytarmamışdır. Bundan başqa,Cavabdeh tərəfindən ona əlavə ziyan vurulmuşdur.Belə ki,2020-ci ilin avqust ayında dişlərinin müalicəsi ilə bağlı Cavabdeh yanında olarkən ona “implant diş” qoymaq üçün lisenziya aldığını bildirmişdir.Bu səbəbdən onun və arvadının hər birinə 3 ədəd olmaqla,6 ədəd “implant diş” qoyulması barədə razılığa gəlmişlər və Cavabdeh bir neçə dəfəyə cəmi 11300 manat məbləğində pul ödəmişdir.Lakin Cavabdeh yalnız onun özünə 3 ədəd “implant diş” qoymuş və arvadının dişinin müalicəsini tamamlamamışdır.Bununla əlaqədar başqa həkimlərə müraciət etdikdən sonra ona məlum olmuşdur ki,Cavabdeh “implant diş” qoymağa lisenziyası olmamış və ona Koreya istehsalı “implant diş” qoymuşdur.Həmin dişin qiymətidə 700 manat olduğu halda,cavabdeh ondan 7100 manat artıq pul almışdır.Ona görə də,cavabdehdən əlavə olaraq 7100 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ezzati Hossein iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı Ezzati Hosseinin vəkili və nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki,Cavabdeh Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC-də stomotoloq işlədiyi müddətdə iddiaçı Ezzati Hosseini tanımış,iddiaçının və onun arvadının dişlərini müalicə etmişdir.İddiaçının "xxxx" MMC-yə ödədiyi 11300 manat pulun 7100 manatını tələb etməsinə dair iddiası əsassızdır.Belə ki, Cavabdeh 2020-ci ilin əvvəllərində tərəflərin arasındakı razılaşmaya əsasən iddiaçının və onun arvadının dişlərini müalicə etmiş,diş yerlərinə “implant diş” düzəltmişdir.O zaman iddiaçıdan və ya onun arvadı tərəfindən dişlərin müalicəsinə dair hər hansı şikayət olmamışdır.Həmçinin,iddiaçının və onun arvadının dişlərini müalicə edən zaman Ezzati Hossein klinikanın texniki təminatında müəyyən işlər görülməsi lazım olduğunu və iş şəraitinin daha yüksək səviyyədə təşkil edilməməsinin səbəbini soruşmuş, Cavabdeh isə maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. İddiaçı da bu sahənin gəlir gətirən sahə olduğunu və belə olan halda vəsait qoya biləcəyini bildirmişdir.Cavabdeh isə tədricən işləyərək pulu hissə-hissə ona qayataracağını bildirmişdir.Bu məqsədlə tərəflər arasında 01 sentyabr 2020-ci il tarixdə borc müqaviləsi bağlanmış,lakin Cavabdeh müqavilənin 1.2-ci bəndinə etiraz edərək,klinikanın hər ay bu qədər gəlir əldə etmədiyini iddiaçıya bildirmişdir.İddiaçı isə öz növbəsində “əgər gəlir olmazsa,onda qazanc verməz” demişdir.İddiaçının verdiyi pul vəsaiti bəzi avadanlıqların,diş düzəltmək üçün komponentlərin alınmasına sərf ediləsə də,həmin vəsait klinikanın qurulmasına kifayət etməmişdir.Ona görə də,ikinci dəfə Cavabdeh təşəbbüsü ilə yenidən tərəflər arasında 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə 23000 manat məbləğində pul vermişdir.Həmin məbləğ klinikaya avadanlıq alınması üçün başqa şəxslərə verilmiş,lakin pul geri qaytarılmadığından klinikaya avadanlıq alınması mümkün olmamışdır.Belə çətinlikləri olması barədə iddiaçıya məlumat vermiş və ona əsas borc məbləğini qaytaracağına söz vermişdir. Ümumilikdə 14300 manat məbləğində pulu Ezzati Hosseinin tapşırığına əsasən onun arvadı Ezzati Nahidinin bank hesabına köçürmüş və bu barədə bank çıxarışları məhkəməyə təqdim olunmuşdur.Lakin sonradan COVİD-19 pandemiyası ilə əlaqədar Poliklinika işləmədiyindən maddi vəziyyəti pisləşmiş,bu barədə dəfələrlə iddiaçı ilə həm telefonla,həm də üzbəüz danışıqlar aparmış və bildirmişdir ki,maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmir və iddiaçıdan vaxt tələb etmişdir.Hazırda hər iki razılaşmaya əsasən iddiaçıya ümumi borcundan 31000 manat məbləğində borcu vardır və iddia tələbini həmin hissədə qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ № 00***** nömrəli vəsiqədən görünür ki,Ezzati Hosseinin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazəsi vardır. - "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 01.09.2020-ci il tarixli borc müqaviləsindən görünür ki,borc verən Ezzati Hossein 20000 manat pul vəsaitini hər ay 1500 manat xeyir vermək şərtilə və 1 ildən sonra 20000 manatı tam qaytarmaq şərtilə Borcalan Cavabdeh vermişdir. - "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 19.09.2020-ci il tarixli borc müqaviləsindən görünür ki,borc verən Ezzati Hossein 23000 manat pul vəsaitini hər ay 1700 manat xeyir vermək şərtilə və 1 ildən sonra 23000 manatı tam qaytarmaq şərtilə Borcalan Cavabdeh vermişdir. - "xxxx" ASC-nin 01.10.2018-ci il tarixdən 14.12.2021-ci il tarixədək olan çıxarışından görünür ki,"xxxx" MMC-yə məxsus AZ26GUNA******************** və AZ69GUNA******************** nömrəli hesablardan "xxxx" MMC-yə heç bir məxaric olunmamışdır. - "xxxx" MMC-nin təsisçisi X2 məhkəməyə ünvanladığı 02.02.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC və ya İran İslam Respublikasının vətəndaşı Ezzati Hossein arasında hər hansı maliyyə əməliyyatları aparılmamış,həmin hüquqi şəxs və Ezzati Hossein tərəfindən "xxxx" MMC-yə heç vaxt,o cümlədən 2020-ci ilin sentyabr ayından və ondan sonra hər hansı məbləğdə pul vəsaiti mədaxil olmamış,habelə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə və ya Ezzati Hosseinin hesabına pul vəsaiti məxaric olunmamışdır. - "xxxx" ASC-yə ödənilmiş 30.09.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı Ezzati Hossein ilə Cavabdeh arasında borc müqavilələri bağlanmış, bunu öz razılıqları ilə iddiaçının təsisçisi olduğu "xxxx" MMC ilə cavabdehin direktoru olduğu "xxxx" MMC arasında bağlanmış müqavilələr kimi rəsmiləşdirməklə 01 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən Ezzati Hossein Cavabdeh 20000 manat məbləğində və 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manat məbləğində pul vəsaiti vermişdir.Cavabdeh borc müqavilələri üzrə cəmi 14300 manat məbləğində pulu iddiaçı Ezzati Hosseinin icazəsi ilə onun arvadı Ezzati Nahidinin bank hesabına köçürdüyünü bildirsə də,bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, onun təqdim etdiyi pul köçürmələri barədə hesabdan çıxırışın məhkəmə iclasında tədqiqatı zamanı onun izahatını təkzib etmişdir. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən Cavabdeh borc öhdəliyi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borc müqavilələri üzrə borcun tutulması tələbi əsaslıdır.Ona görə də,Cavabdeh 01 sentyabr 2020-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat və 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsi üzrə 23000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Ezzati Hosseinə ödənilməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə iki ay 1500 manat olmaqla,cəmi 3000 manat və 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 1700 manat olmaqla fayda olaraq iddiaçıya ödəmişdir. İddiaçı hazırda Cavabdeh 01 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 10 ay üçün ödəməli olduğu 15000 manat qazanc və 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 11 ay üçün ödəməli olduğu 18700 manat qazanc olmaqla maddi ziyan tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilə onların sərbəst iradə ifadələri olub,MM-nin yuxarıda qeyd edilən normalarının tələblərinə tam uyğun olmadığından müqavilə üzrə ziyan tələbi əsas borc məbləğinin 5% hesabı ilə ziyan tələbi təmin edilməli,01 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 20000 manata görə bir il üçün iddiaçıya 5% hesabı ilə 10 ay üçün 833,30 manat və 19 sentyabr 2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manata görə 11 ay üçün 1191,30 manat olmaqla,cəmi 2024,60 manat məbləğində pul ziyan olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının dişlərinin müalicəsi ilə əlaqədar cavabdehə ödəmiş olduğu 11300 manat pulun 7100 manat hissəsinin geri qaytarılması” hissəsində qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı,yəni işin keyfiyyətsiz görülməsi,razılaşdırılmış implant diş materiallarından istifadə olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş,cavabdeh tərəf isə bunu etiraf etmədiyindən məhkəmə hesab edir ki,iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 43000 manat məbləğində borc məbləği,2024,60 manat məbləğində ziyan olmaqla,cəmi 45 024,60 (qırx beş min iyirmi dörd manat altmış qəpik) manat məbləğində borc və ödənilmiş 15 manat dövlət rüsumuna görə pul tutularaq Ezzati Hosseinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 43000 (qırx üç min) manat məbləğində borc, 2024,60 (iki min iyirmi dörd manat altmış qəpik) manat məbləğində maddi ziyana görə olmaqla,cəmi 45024,60 (qırx beş min iyirmi dörd manat altmış qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq Ezzati Hosseinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-10/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-10/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver