Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-105/2025 12.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, Cavabdeh 19250 manat pulun və 148 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlayaraq cavabdehə məxsus “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini kredit yolu ilə əldə etmişdir. Razılaşmaya əsasən taksi fəaliyyəti ilə məşğul olmaq üçün əldə etdiyi avtomobilin müqabilində 1000 manat ilkin ödəniş, günlük 25 manat olmaqla 36 ay ödəniş etməli idi. Müqavilənin rəsmi qaydada bağlanmasını tələb etdiyi üçün cavabdeh onu həmin tarixdə Günəşlidə yerləşən Notariat ofisinə çağırmış, guya müqavilənin rəsmi qaydada bağlanması formasını yaratmış və hüquqi savadının olmamasından istifadə edərək qeyd edilən müqaviləni imzalamışdırlar. İlk öncə heç bir problem yaşamadan günlük ödənişləri ödəyirdi. Hətta iki ildən artıq müddət ərzində avtomobilin texniki problemlərini və zamanla əmələ gəlmiş problemlərini də öz vəsaiti hesabına təmir etdirmişdir. İki il ərzində ara-sıra səhhətində yaranan problemlərdən və şəxsi vəziyyətindən dolayı günlük ödənişlərin ödənilməsində bəzən bir həfətəyə qədər fasilələr olsa da, Nurlan narahat olmamasını bildirərək ödəniş üçün vaxt vermişdir. Lakin 24 ay müddətində heç bir zaman borclu qalmamışdır. Taksi fəaliyyəti ilə məşğul olmadığı günlər üçün də ödənişi etmişdir. Lakin ötən ilin 5 fevral tarixdə bir neçə nəfər tanımadığı başqa adamlarla birlikdə yaşadığı ünvana gələrək avtomobili əlindən məcburi şəkildə almışdır. Səbəb kimi isə 90 manat borcunun olmasını göstərmişdir. Lakin cavabdehin özü qeyd edilən borcun ödənilməsi üçün vaxt vermişdir. Belə ki, ağır xəstə olduğu üçün bir neçə gün işə çıxa bilməyəcini Nurlana bildirmiş, o isə problem olmadığını bildirmişdir. Lakin məlum olmayan səbəblərdən qəfil şəkildə borcu tələb etmiş, yaxın günlərdə ödəyəcəyini bildirsə də, razılaşmadan avtomobili aparmışdır. Daha sonra anlamışdır ki, cavabdeh tərəfindən ona qarşı əvvəldən hazırlanaraq dələduzluq əməli törədilmişdir. Çünki cəmi 19250 manat ödəniş etdiyi bir zamanda avtomobilin əlindən alınmasında başqa bir məna görmür. Qeyd edilən avtomobilin bazar qiyməti 10000 manatdan çox deyildir. İki avtomobilin dəyərini ödədikdən sonra cəmi 90 manata görə avtomobil əlindən alınmış, pulları da mənimsənilmişdir. Üstəlik qeyd edilən “müqavilə” üzrə 11 ay ödəniş etdikdən sonra avtomobil onun mülkiyyətinə keçməli idi. Cavabdehin bu hərəkətlərindən pulu qaytarmayacağını anladığı üçün məcbur qalıb Daxili işlər Nazirliyinin “102” xidmətinə müracət etmişdir. Müraciəti əsasında Nərimanov rayon Polis İdarəsində aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh onun haqqında yalan olan ifadələr işlətməklə yanaşı ödənişdən guya imtina etdiyini bildirmişdir. Nəticədə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Beləliklə hesab edir ki, savadsızlığından və ailə vəziyətində olan problemlərdən dolayı cavabdehin aldığı 19250 manat vəsait əsassız şəkildə əldə edildiyindən geri qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yerləşdirdiyi elanla əlaqədar olaraq İddiaçı mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq elanda göstərilmiş “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nömrəli avtomobili almaq istədiyini bildirmişdir. Həmin tarixdə günorta saatlarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən notariusda aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı avtomobili almaq üçün ilkin olaraq 1000 manat, daha sonra isə hər gün 25 manat olmaqla 36 ay müddətinə ödəniş etməsi, ödənişi tam şəkildə etdikdən sonra avtomobilin onun adına keçirilməsi, ödəniş zamanı gecikmə günləri 1 gündən artıq olduqda isə avtomobilin geri alınması nəzərdə tutulmuşdur. Bundan sonra iki il ərzində Natiqə dəfələrlə ödəməli olduğu ödənişi gecikdirmiş, lakin xanım olduğu, ailəisini dolandırmaq məcburiyyətində qaldığı üçün ona bu barədə heç nə deməmişdir. 2023-cü ilin dekabr və 2024-cü il yanvar ayı ərzində bu hal mütəmadi olaraq baş vermiş, İddiaçı borcu yaranmışdır. Müqavilədə 1 gün göstərilsə də, İddiaçı xəstə olduğu üçün onu 1 həftə gözləmişdir. 1 həftədən sonra, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı zəng edərək ödəniş barəsində məlumat almaq istəyərkən ona hazırda işdə olduğunu, günün sonuna qədər ödəniş edəcəyini bildirmişdir. Saat 19:00 radələrində yenidən zəng edərək ödəniş barəsində soruşduqda Natiqə artıq bezdiyini, avtomobili yandırcağını heç bir ödəniş etməyəcəyini bildirmişdir.O, Natiqədən ödənişi nə vaxt edə biləcəyini soruşduqda Natiqə ona qəti şəkildə heç vaxt ödəniş etməyəcəyini bildirmişdir. Bu səbəbdən Natiqənin avtomobilə ziyan vuracağını düşünərək xalası oğlu X3 ilə birlikdə İddiaçı yaşadığı ünvanın qarşısına getmiş və mobil telefon vasitəsi ilə zəng edərək avtomobilin yanına gəlməsini xahiş etmişdir. Bir neçə dəqiə sonra əvvəlcə İddiaçı həyat yoldaşı, daha sonra isə özü gələrək avtomobildə olan özünə məxsus bütün əşyaları götürmüş və avtomobilin açarını ona təqdim edərək daha işləmək istəmədiyini, həmçinin avtomobili qaytarmaq istədiyini bildirmişdir. Bu səbəbdən avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmışdır. Göstərilənləri nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh (bundan sonra “Avtomobilin sahibi”) ilə İddiaçı (bundan sonra “Sürücü”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Avtomobil sahibi” “Sürücü”yə “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə ilə müvəqqəti sürməyə ilkin olaraq 1000 manat, gündəlik 25 manat olmaqla 36 ay müddətinə vermişdir. Müqavilənin şərtlərinə əsasən, “Sürücü” gündəlik gedişlərin edilməsinə və ona görə yığılan ödənişlərin gündəlik edilməsinə görə məsulliyyət daşıyır (bənd 7). “Sürücü” müqavilədə qeyd olunan gündəlik gedişlərə görə ödənişləri ən gec növbəti gün aparmadığı (apara bilmədiyi) təqdirdə avtomobili “Avtomobil sahibi”nə geri qaytarır (bənd 8). İddiaçı müqavilə ilə tanış olduğunu, məsuliyyətini tam dərk etdiyini bildirmiş və razılığını imzası ilə təsdiq etmişdir (bənd 15). İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-nin 102 XZM və Nərimanov RPİ-nin 16-cı PBnə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə aralarında imzaladıqları müqaviləyə əsasən hər gün 25 manat ödəniş etməklə,ümumilikdə 36 ay ödəniş etdikdən sonra “Toyota Prius” markalı 77-BU- 901 d.q.n. avtomobilin onun adına keçirəcəyi barədə razılaşdıqlarını, lakin 2 il ödəniş etdikdən sonra müəyyən gecikmələr olduğundan Cavabdeh avtomobili xx.xx.2024-cü il tarixdə məcbur olaraq geri almasını, nəticədə ona ümumilikdə 18250 manat maddi ziyan dəydiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, təxminən 2022-ci ilin yanvar ayında işləmədiyi və ailəsindən ayrıldığı üçün taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Bu səbəbdən “Toyota Prius” markalı avtomobil axtarmağa başlamışdır. Qeyd etdiyi tarixdə Nurlan adlı şəxsin ilkin ödəniş etmək və sonda avtomobilin qalmaq şərti ilə elan yerləşdirdiyini görmüş və elanda qeyd edilən mobil nömrə ilə əlaqə saxlamışdır. Aralarında danışıq olduqdan və razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə Suraxanı rayonunda yerləşən notarisuda o Nurlana 1000 manat ilkin ödəniş etmiş, aralarında Nurlan tərəfindən tərtib edilmiş müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə hər gün 25 manat olmaqla 36 ay müddətinə o Nurlanın verdiyi kart hesabına ödəniş etməli və ödənişi tam etdikdən sonra “Toyota Prius” markalı **-BU-*** d.q.n. avtomobil ona qalmalı idi. Bundan sonra hər gün 25 manat Nurlanın ona verdiyi kart hesabına ödəmişdir. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayı ərzində onun Nurlana ümumilikdə 140 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə Nurlan ona zəng edərək ödəniş etməyini bildirmişdir. O, Nurlana günün sonunda ödəniş edəcəyini bildirmiş, Nurlan ilk öncə onunla razılaşmış, lakin həmin tarixdə saat 19 radələrində əvvəllər tanımadığı Vüsal adlı şəxs ona zəng edərək özünü Nurlanın müdiri kimi təqdim etmiş və ondan ödəniş etməyini tələb etdikdə o Vüsalı tanımadığını bildirmiş, bu zaman onlar telefonla sözlü mübahisə etməyə başlamışlar. Daha sonra saat 20 radələrində o Nurlanın verdiyi bank hesabına 50 manat ödəniş etmiş və yaşadığı ünvana getmişdir. İdarə etdiyi avtomobildə GPS olduğundan Nurlan və Vüsal onun evdə olduğunu bildikdən sonra yaşadığı ünvana gəlmişlər. Daha sonra ilk öncə həyat yoldaşı, sonra isə o evdən çölə çıxmışlar. Bu zaman Nurlan həyat yoldaşına onun nalayiq ifadə işlətdiyinə görə avtomobili geri alacağını və bu səbəbdən evakuator çağırdığını bildirmişdir. Daha sonra o Nurlana etiraz edərək nalayiq ifadə işlətmədiyini bildirmişdir. Daha sonra o Nurlanın evakuator çağırdıqını, avtomobili aparacağını bidiyinə görə avtomobilin açarını Nurlana təqdim etmişdir. Nurlan avtomobili ondan alıb apardıqdan sonra avtomobilin içərisində ona məxsus dəyəri 250 manat olan bir ədəd gün eynəyi, bir ədəd “Samsung J2” markalı mobil telefon, bir ədəd dəyəri 70 manat olan səs yazan və hər birinin dəyəri 125 manat olan “Lassa” markalı 4 ədəd təkər qalmışdır. Hadisə nəticəsində ona ümumilikdə 19250 manat maddi ziyan dəymişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yerləşdirdiyi elanla əlaqədar olaraq İddiaçı onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq “Toyota Prius” markalı **-BU-*** d.q.n. avtomobili almaq istədiyini qeyd etmişdir. Bu səbəbdən onlar həmin tarixdə günorta saatlarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən notariusda görüşmüşlər. Aralarına olan razılaşmaya əsasən İddiaçı avtomobili almaq üçün ilkin olaraq 1000 manat,daha sonra isə hər gün 25 manat olmaqla 36 ay müddətinə ödəniş etməli, ödənişi tam şəkildə etdikdən sonra avtomobil onun adına keçirilməli, ödəniş zamanı gecikmə günləri 1 gündən artıq olduqda isə Cavabdeh tərəfindən avtomobil geri alına bilər. Qeyd edilənlərə görə qarşı tərəfin məsuliyyət hiss etməsi üçün onun tərəfindən müqavilə tərtib edilmiş, hər iki tərəf müqavilənin şərtlərinə razılıq verərək müqaviləni imzalamışlar. Bundan sonra iki il ərzində Natiqə dəfələrlə ödəməli olduğu ödənişi gecikdirmiş, lakin o xanım olduğu, ailəisini dolandırmaq məcburiyyətində olduğu üçün İddiaçı bu barədə heç nə deməmişdir. 2023-cü ilin dekabr və 2024-cü il yanvar ayı ərzində bu hal artıq demək olar ki, mütəmadi olaraq baş vermiş, İddiaçı ona borcu yaranmışdır.xx.xx.2024-cü il tarixdə o İddiaçı zəng edərək ödəniş barəsində məlumat almaq istəyərkən Natiqə ona hazırda işdə olduğunu, günün sonuna qədər ödəniş edəcəyini bildirmişdir. Saat 19 radələrində yenidən Natiqəyə zəng edərək ödəniş barəsində soruşduqda Natiqə artıq bezdiyini, avtomobili yandırcağını, heç bir ödəniş etməyəcəyini bildirmişdir. O Natiqədən ödəniş nə vaxt edə biləcəyini soruşduqda Natiqə ona heç vaxt etməyəcəyini bildirmişdir. Bu səbəbdən o Natiqənin avtomobilə ziyan vuracağını düşünərək qohumu X3 ilə birlikdə İddiaçı yaşadığı ünvanın qarşısına getmiş və mobil telefon vasitəsi ilə zəng edərək avtomobilin yanına gəlməsini xahiş etmişdir. Bir neçə dəqiə sonra əvvəlcə İddiaçı həyat yoldaşı, daha sonra isə özü gələrək avtomobildə olan özünə məxsus əşyaları götürmüş və avtomobilin açarını ona təqdim edərək daha işləmək istəmədiyini, həmçinin avtomobili qaytarmaq istədiyini bildirmişdir. Bu səbəbdən o avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmışdır. O Natiqədən avtomobili təhvil alarkən Natiqə əvvəlcə avtomobilin içərisindən özünə məxsus əşyaları götürmüş, daha sonra avtomobili ona təhvil vermişdir. O avtomobili xx.xx.2022-ci il tarixdə İddiaçı verərkən avtomobilin üzərində 4 ədəd təkər var idi və İddiaçı da iki il ərzində ondan aldığı avtomobili idarə etmiş və bu səbəbdən də avtomobilin təkərləri nasaz vəziyyətdə olduğundan yenisi ilə əvəz etmişdir. Lakin o avtomobili Natiqədən təhvil alarkən avtomobilin təkərlərinin hansı vəziyyətdə olduğuna, hansı marka olduğuna baxmamışdır. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, tərəflər arasında olan münasibətlərin mülki xarakterli olduğunu nəzərə alaraq İddiaçı tələbi ilə əlaqədar məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.1-ci maddəsinə görə isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış hallarından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nömrəli avtomobilin ilkin ödəniş 1000 manat, gündəlik icarə haqqı 25 manat olmaqla, 36 ay müddətinə icarəyə götürülməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilədə nəzərdə tutulmasa da, tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, tərəflər şifahi olaraq bütün ödənişlər edildikdən sonra qeyd olunan avtomobilin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlmişlər. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağalnmış müqavilə özündə icarə və lizinq müqaviləsinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əmlak kirayəsi, icarə və lizinq müqavilələrinə dair normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə görə isə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 691.4-cü maddəsinə daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.4.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; 691.4.2. əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarında göstərilmişdir ki, “Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.” Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarına görə, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-BU-*** dövlət qeydiyyat nömrəli avtomobilin ilkin ödəniş 1000 manat, gündəlik icarə haqqı 25 manat olmaqla, 36 ay müddətinə icarəyə götürülməsi ilə bağlı müqavilə imzalanmışdır. İddiaçı avtomobildən istifadə etmiş və bunun müqabilində icarə haqqı ödəmişdir. Lakin, sonradan müqavilə şərtləri iddiaçının özü tərəfindən pozularaq icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsində gecikmələrə yol verilmiş, cavabdeh müqavilə və mülki qanunvericiliklə ona verilmiş hüquqlardanb istifadə edərək, mülkiyyətində olan avtomobili geri tələb etmiş və almışdır. Məhkəmənin qənaətinə görə, iddiaçının savadsızlığı və ailə vəziyətində olan problemlərlə bağlı müqavilə şərtləri ilə tanış olmaması barədə gətirdiyi mülahizələr əsassız olmaqla, özünümüdafiə xarakteri daşıyır. Belə olan halda, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 19250 manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(077)-105/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-105/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver