Məhkəmə qərarları › İş №2(077)-119/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-119/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-119/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 12500 (bir on iki min beş yüz) manat məbləğində pulun alınıb ona ödənilməsi və ödənilmə vaxtına kimi olan müddətdə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2010-cu ilin əvvəllərindən Cavabdeh ilə bir yerdə işləyərkən tanış olmuşlar.Cavabdeh onunla birgə iş qurmağı təklif etmişdir. Onlar belə razılığa gəlmişlər ki,iddiaçı cavabdehə pul versin,cavabdeh iş qursun,iddiaçının pulunun danışdıqları vaxt geri qaytarsın.İddiaçı cavabdehə pul verməmişdən əvvəl onlar arasında yazılı qəbz yazılmışdır.Cavabdeh qəbzdə 10 fevral 2019-cu il tarixdə iddiaçıdan 11000 manat pul aldığını və həmin pulu 31.04.2019-cu il tarixə kimi tam şəkildə qaytarcağını qeyd etmişdir.Cavabdeh iddiaçıdan aldığı 11000 manata “ Mərasim evi” kirayə götürüb işlədəcəyini və ona əlavə olaraq 1500 manat pul lazım olduğunu bildirmişdir.İddiaçı cavabdehə əlavə olaraq 1500 manat pul da vermişdir.Cavabdehin qəbzdə qeyd etdiyi müddət tamam olduqda cavabdehlə əlaqə saxlayıb pulunu istədikdə,Cavabdeh əlavə bir neçə gün müddət istəmişdir.Hər dəfə iddiaçı cavabdehdən pulunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirir və onunla görüşməkdən yayınırdı.Cavabdehin borcunu qaytarmalı olduğu vaxtdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq o,öhdəliyini yerinə yetirmir.Hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən yayınır.İddiaçı cavabdehlə aralarında qəbz yazarkən faiz borcunu nəzərdə tutmamışdır, belə ki,cavabdeh aldığı borcu tez qaytaracağına söz vermişdir.Cavabdeh 2 ilə yaxın müddətdə onun pulunu qanunsuz saxlamqla ona vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçının izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Cavabdeh ilə İddiaçı arasında imzalanmış 10.02.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10 fevral 2019-cu il tarixdə almış olduğu 11000 manat borc pulu 31.04.2019-cu il tarixə kimi tam şəkildə qaytarcağını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh yazılı qəbz formasında 11000 manat pul vermiş,cavabdeh həmin borc pulu 10.02.2019-cu il tarixdə qəbul edərək 31.04.2019-cu il tarixədək qaytarcağını bildirmişdir.Daha sonra iddiaçı şifahi borc müqaviləsi əsasında cavabdehə 1500 manat əlavə pul vermişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh 12500 manat məbləğində borcu pul verdiyini bildirsə də,tərəflər arasında yazılan qəbzdən görünür ki, iddiaçı cavbdehə 11000 manat borc pul vermişdir.Ona görə də,məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələləbinin borc pulun ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi barədə hissəsinə gəldikdə iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 11000 manat məbləğində borc alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11000 (bir on bir min) manat məbləğində borc alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar