Məhkəmə qərarları › İş №2(077)-120/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-120/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-120/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 476,40 (dörd yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 496,80 (dörd yüz doxsan altı manat səksən qəpik) pulun tutuaraq «İddiaçı» İB-nin xeyrinə (bank hesabları: ABB,Kod 805153, VÖEN**********,M/H AZ03NABZ**********0000002944,SWİFTİBAZAZ2X,İddiaçıB,VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,“İddiaçı" İstehsalat Birliyi ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqavilə əsasında “İddiaçı'’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB tərəfindən “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacı taxılmışdır.Daha sonra Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama əsasında xidməti ərazidə istehlakçıların mənzillərində istismarda olan qaz sayğacına baxış keçirilən zaman istehlakçı Cavabdeh mənzilində istismarda olan qaz sayğacının hesablama mexanizminin ekranı sınıq olduğu aşkar edilmişdir.Aşkar edilmiş nöqsan üzrə istehlakçı Cavabdeh iştirakı ilə 03.02.2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş və sayğac şəbəkədən açılaraq dövlət yoxlamasına göndərilmişdir.Həmçinin mənzilə yeni “Zenner tipli G-4” markalı **********7 nömrəli qaz sayğacı quraşdırılaraq istismara verilmiş və həmin sayğac göstəricisinə əsasən istehlakçının 260,40 manat məbləğində borcu vardır. Mənzildən çıxarılmış qaz sayğacı üzrə dövlət yoxlamasının verdiyi rəydə “Qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin qırıq olduğu,hesabalama mexanizminin barabanının oxdan çıxdığı və sayğac qaz keçirsədə qeydiyyat aparmadığı” qeyd edilmişdir.Verilmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazlarının inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir.Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış,itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 31.05.2020-ci il tarixli qərarı ilə 2160 m3 həcmində,yəni 216 manat müəyyən edilmişdir.Həmçinin istehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl və qüsur aşkar edildikdən sonra istehlakçının qaz sərfiyatları müqayisə edildiyi zaman görünür ki,aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfiyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır.Beləliklə qazdan qanunsuz,yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir.Ona görə də,vurulmuş ziyanın və qazdan istifadəyə görə hesablanmış borcun tutulması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında çıxış edən «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - X5 İstismarı İdarəsinin rəisi ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - «İddiaçı» İstehsalat Birliyinin **********02380 nömrəli abonentin saldosundan müəyyən edilir ki, istehlakçı Cavabdeh təbii qazdan istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə 216 manat qalıq olmaqla,cəmi 486,40 manat məbləğində borcu yaranmışdır. - «İddiaçı» İstehsalat Birliyinin 31.05.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki,İddiaçı İB-nin işçilərinin və Cavabdeh iştirakı ilə “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacının «İddiaçı» İBnin 22.05.2020-ci il tarixli MSK-29/1710-01381-2 saylı aktına əsasən hesablama mexanizminin qoruyucu şüşəsinin qırıq olduğu,hesabalama mexanizminin barabanının oxdan çıxdığı və sayğac qaz keçirsədə qeydiyyat aparmadığı qeyde edilmişdir. - X3 ödənilmiş 16.11.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq müəyyən etmişdir ki,“İddiaçı" İstehsalat Birliyi ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və istehlakçı istifadə etdiyi qaz sərfiyatı əsasında hesablanmış 260,40 manat məbləğində borcunu ödəməmişdir.Həmçinin istehlakçının yaşadığı ünvanda istismarda olan “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacının hesablama mexanizminin ekranının sınıq olduğu aşkar edildiyindən sayğac şəbəkədən ayrılaraq dövlət yoxlamasına göndərilmiş və rəydə “Qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin qırıq olduğu,hesabalama mexanizminin barabanının oxdan çıxdığı və sayğac qaz keçirsədə qeydiyyat aparmadığı” qeyd edilmişdir.İddiaçı tərəf qaz sərifiyatı nəticəsində ödənilməmiş 260,40 manat məbləğində borcun və vurulmuş 216 manat məbləğində ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki,iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi faktını sübuta yetirmədiyindən, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi 216 manat təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı hissədə təmin edilməməlidir. Həmçinin,məhkəmə müəyyən etmişdir ki,Cavabdeh öz mənzilində təbii qazdan istifadə etmiş,istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə 260,40 manat məbləğində borcu yaranmışdır.Bununla da,cavabdeh istehlakçı olaraq “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmuşdur.İddiaçı “İddiaçı” İstehsalat Birliyi abonentin saldosunda istehlakçının 486,40 manat məbləğində borcu olduğunu qeyd etsə də,iddia ərizəsində tələb etdiyi məbləğ 476,40 manat məbləğində qeyd edilmişdir.Ona görə də,məhkəmə hesab edir ki, təbii qazdan istifadə nəticəsində ödənilməmiş 260,40 manat məbləğində pul cavabehdən tutularaq iddiaçı “İddiaçı” İstehsalat Birliyinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10 manatı Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 260,40 manat borc və ödənilmiş 10 manat dövlət rüsumunu Cavabdeh tutularaq “İddiaçı" İstehsalat Birliyinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 260,40 (iki yüz altmış manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq “İddiaçı" İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim imza Cəmilə Səfiyeva Əsli ilə düzdür Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar