Məhkəmə qərarları › İş №2(077)-13/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-13/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-13/2022 03.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsi üzrə 4621,41 (dörd min altı yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc, 338,01 (üç yüz otuz səkkiz manat bir qəpik) manat məbləğində faiz borcu olmaqla,ümumilikdə 4959,42 (dörd min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manat pulun və ödənilmiş 69,60 (altmış doqquz manat altmış qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə biznes məqsədi ilə 36 ay müddətinə illik 25% hesablanmaqla 6000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı zaminlik müqaviləsi bağlanmışdır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Ona görə də,tərəflər arasında 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsinə 24 fevral 2021-ci il tarixli əlavə saziş imzalanmış və kredit müqaviləsinin müddəti 17.05.2023-cü il tarixədək uzadılmışdır.Həmçinin zaminlik müqaviləsinədə 24 fevral 2021-ci il tarixli əlavə saziş imzalanmışdır.Hazırda cavabdehin kredit müqaviləsi üzrə 15.10.2021-ci il tarixinə 4621,41 manat əsas borc və 338,01 manat faiz borcu hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməlidir. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, 17 fevral 2020-ci il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlamış və 6000 manat məbləğində kredit götürmüşdür. Kredit üzrə ödənişini vaxtlı-vaxtında etmişdir.Sonradan maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri dayandırmışdır.Borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin rəyini nəzərə alaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki,iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0- 91-20 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə biznes məqsədləri üçün 36 ay müddətinə illik 25% hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. - 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh1 6000 manat məbləğində almış olduğu krediti 17.03.2020-ci ildən başlayaraq hər ay 238,56 manat ödəniş etməklə 17.02.2023-cü il tarixədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0- 91-20 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0- 91-20 saylı kredit müqaviləsinə 24 fevral 2021-ci il tarixli əlavə sazişdən görünür ki,kredit müqaviləsinin müddəti 17.05.2023-cü il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0- 91-20 saylı zaminlik müqaviləsinə 24 fevral 2021-ci il tarixli əlavə sazişdən görünür ki,Cavabdeh2 kredit müqaviləsinin müddətinin 17.05.2023-cü il tarixədək uzadılmasına razılıq vermişdir. - İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 27.09.2021-ci il tarixli KBD-16435 saylı xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X3 ödənilmiş 20.10.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 69,60 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı ASC-nin maliyyə arayışından görünür ki,Cavabdeh1 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsi üzrə 27.09.2021-ci il tarixində 30,96 manat 69,04 manat məbləğində olmaqla,əsas borcdan 1572,72 manat və faiz borcundan 1611,31 manat ödəniş etmişdir.Hazırda 15.10.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 4621,41 manat əsas borc və 338,01 manat faiz borcu olmaqla,ümumilikdə 4959,42 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə,Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 4621,41 manat əsas borc və 338,01 manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0-91-20 saylı kredit müqaviləsi ləğv edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4621,41 manat əsas borc,338,01 manat faiz borcu olmaqla,ümumilikdə 4959,42 manat borc və ödənilmiş 69,60 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 3-MZ-1-0- 91-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4621,41 (dörd min altı yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində əsas borc,338,01 (üç yüz otuz səkkiz manat bir qəpik) manat məbləğində faiz borcu olmaqla,ümumilikdə 4959,42 (dörd min doqquz yüz əlli doqquz manat qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş 69,60 (altmış doqquz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar