Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-141/2025 23.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6406 manat məbləğində avtomobilimə dəyən maddi zərərin əvəzinin və 85 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 12:25 radələrində etibarnamə ilə idarə etdiyi “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Xətai rayon ərazisində Ukrayna dairəsi ilə üzü M. Hadi küçəsi istiqamətində hərəkətdə olarkən sağdan Neapol küçəsi ilə hərəkət edən “Nissan Juke minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Yol ver” nişanının tələbini pozaraq hərəkətə davam etmiş, onun idarə etdiyi avtomobilin hərəkət zolağına daxil olduğu üçün avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi “Nissan Juke minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edən Cavabdeh tərəfindən AR İXM-nın 327.1-327.6-cı maddələri ilə nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir və təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. “Haval Azərbaycan” şirkətinin ekspertləri yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınına 11.406 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. "xxxx" ASC ona dəymiş ziyanın 5.000 manatını ödəmiş, 6.406 manat isə ödənilməmişdir. Belə olan halda, avtomobilinə dəymiş ziyanın yerdə qalan 6.406 manatı cavabdeh ödəməlidir. Bu günə qədər cavabdeh nə zənglərinə cavab verir, nə də ki, dəymiş maddi ziyanı ödəyir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, dəymiş maddi zərərin müəyyən edilməsi üçün 2 dəfə eksertiza təyin edilmişdir və hər birinə ayrılıqda 300 manat olmaqla, ümumilikdə 600 manat ödəmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh avtomobilinə dəyən maddi zərərin əvəzi qismişdə 6406 manat, eksertiza xərci olaraq ödənilmiş 600 manat və 85 manat dövlət rüsumu olmaqla, cəmi 7091 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iş üzrə müstəqil ekspertiza təyin olunmuşdur və hər iki expertiza rəyi nəqliyyat vasitəsi artıq təmir olunduğu üçün "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən aparılan ilkin qiymətləndirmə aktina əsaslanaraq verilmişdir. Nəzərə alınsa ki, HAVAL şirkətinin apardiğı qiyymətləndirmə ümumi qiymətləndirmədir (müntəzəm servisdə dəyişilməsi tələb olunan hissələr qeyd edilmişdir və bunun sığorta hadisəsinə heç bir aidiyyəti yoxdur) və qəza nəticəsində dəymiş zərər öz əksini tapmır və həddən artıq qəzaya aidiyyəti olmayan hissələr qiymətləndirmədə öz əksini tapmışdır. Qəza nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalıdır. Dediklərinə sübut olaraq qeyd etmək istəyir ki, qəza nəticəsində ilk olaraq nəqliyyat vasitəsinin həssas hissələri, faraları zərər görməlidir. Ancaq qarşı tərəfin özünün də təstiq etdiyi kimi, nəqliyyat vasitəsinin faralari cüzi zərər görmüş, şüşəsi, içi zərər görməmiş və ideal vəziyyətdə olduğunu təsdiq edir (hər iki fara Tap Az online satış platformasında 1500 AZN qiymətə satılmışdır və sübut kimi şəkillər əlavə edilmişdir). Belə olan halda nəqliyyat vasitəsinin matorxanasında yerləşən digər hissələrin zərər görməsi həqiqəti əks etdirmir. Yuxarda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğu izahat verib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyöun izahat verərək, təqdim olunmuş ekspert rəyləri ilə də razı olmadığını bildirmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı zibati xəta haqqında protokolunun və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:25 radələrində Cavabdeh “Nissan Juke minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, M.Hadi küçəsi, Ukrayna dairəsi ilə hərəkət edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində İddiaçı tərəfindən idarə olunan “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi zədələnmişdir. "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 125255 saylı “İlkin qiymətləndirmə aktı”nın surətindən görünür ki, “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 11800 manat ziyan dəyməsi müəyyən edilmişdir. “Qeyd” hissəsində “Təmin zamanı qiymət artımı gözlənilir” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, 179 nömrəli saylı çekin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" QSC (HAVAL Azərbaycan) şirkətinin hesabına 11406,60 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, CLM**********252 saylı “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması məqsədi ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X2” MMC-yə həvalə edilmişdir. “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, 75 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, xx.xx.2024-cü il tarixdə baş vemiş yol-nəqliyyat hadisəsi nəticəsində “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, avtomobilin amortizasiyası nəzərə alınmaqla, iş materialları əsasında 10,762.50 manat olaraq müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması məqsədi ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli QXM/487M saylı Qiymətləndirmə hesabatından görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar zamanı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Haval Jolion minik'’ markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, avtomaşının amortizasiyası nəzərə alınmaqla qüsur aktında göstərilən qiymətə uyğun olaraq 11406 manat müəyyən edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, FİÇ seriyalı, 369619 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixli, 75 saylı rəyin verilməsi üçün iddiaçı X3 tərəfindən 300 manat məbləğində ekspertiza xərci “X2” MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QXM/487M saylı məktubundan görünür ki, iddiaçı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, QXM/487M saylı Qiymətləndirmə hesabatının xidmət haqqı 300 manat tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarının tələbina görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Beləliklə, məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:25 radələrində “Nissan Juke minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, M.Hadi küçəsi, Ukrayna dairəsi ilə hərəkət edərkən yolnəqliyyat hadisəsi törədərək, İddiaçı tərəfindən idarə olunan “Haval Jolion minik” markalı, **- SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi, Hadisə nəticəsində iş materialları və təqdim olunmuş ekspert rəylərinə əsassən sonuncuya 11406 manat məbləğində ziyan yetirməsi, həmin məbləğdən 5000 manatının sığorta ödənişi şəklində iddiaçıya ödənilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi təmin edilərək 11406 manat məbləğdə pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə, Cavabdeh İddiaçı tərəfindən “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş ön işıqlarının (faralarının) Tap Az online satış platformasında 1500 manata satılması, bununla da iddiaçıya daha az məbləğdə ziyanın dəyməsi ilə bağlı mülahizələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh qeyd olunan avtomobil faralarının iddiaçı tərəfdən 1500 manata satılması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülkiprosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə cavabdehin etirazında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalı” olması ilə bağlı gətirdiyi dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, sığortaçı "xxxx" Sığorta Şirkəti ASC, xx.xx.2025-ci il tarixli, CLM**********252 saylı “Sığorta aktı”nda “Haval Jolion minik” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" QSC (HAVAL Azərbaycan) şirkəti tərəfindən aparılmış hesablama ilə razılaşmışdır və əlavə hesablama apartılmasına zərurətin olmadığı nəticəsinə gəlmişdir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır və qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən göründüyü kimi, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 85 manat dövlət rüsumu, həmçinin, iş üzrə verilmiş ekspert rəylərinə görə ekspertiza təşkilatlarına hər biri 300 manat olmaqla, cəmi 600 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 85 manat dövlət rüsumundan və ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 600 manatdan ibarət cəmi 685 manat məhkəmə xərcləri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 6406 manat və 685 manat məhkəmə xərcləri olmaqla, cəmi 7091 (yeddi min doxsan bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-141/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-141/2025
23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver