Məhkəmə qərarları › İş №2(077)-149/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-149/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-149/2021 10.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi,kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF-00698- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi,kredit müqaviləsinə əsasən 11.03.2021-ci il tarixinə ödənilməmiş 5137,27 (beş min yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc,5,75 (beş manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5143,02 (beş min yüz qırx üç manat iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki,Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında 29 iyul 2019-cu il tarixli RPF-00698-16/19A saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borclu 13 iyun 2014-cü il tarixli MK-01749-16/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği olan 5855,81 manat məbləğində borcu 60 ay müddətinə illik 1% dərəcəsi hesablanmaqla,hər ay 100,10 manat ödəniş etmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür.Həmçinin tərəflər arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF- 00698-16/19A saylı 29.07.2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır.Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında 29 iyul 2019cu il tarixli RPFZ-00698-16/19A saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəməmişdir.Hazırkı vaxtadək kredit borcundan cəmi 800 manat məbləğində ödəniş etmişdir.Ona görə də,kredit müqaviləsinə əsasən cavabdehin 11.03.2021-ci tarixinə banka olan əsas borcu 5137,27 manat və müqavilənin 1.1-ci bəndinə görə faiz borcu 5,75 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki,Bank «xxxx» ASC ilə kredit müqaviləsini o bağlasada,faktiki olaraq pulu ona zamin durmuş Cavabdeh2 götürmüşdür.Hazırda Cavabdeh2 maddi vəziyyəti pis olduğundan borcu ödəyə bilmir.Lakin o özü banka olan kredit borcunu hissə-hissə ödəyə bilər. İddiaçı Bank «xxxx» ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə və sms bildirişi göndərilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı Bank «xxxx» ASC-nin nümayəndəsi teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Cavabdeh2 gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 rəyini nəzərə alaraq işə iddiaçı Bank «xxxx» ASC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib,işdəki sənədləri,sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF- 00698-16/19A saylı kredit müqaviləsindən görünür ki,borclu 13 iyun 2014-cü il tarixli MK- 01749-16/14A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği olan 5855,81 manat məbləğində borcu 60 ay müddətinə illik 1% dərəcəsi hesablanmaqla,hər ay 100,10 manat ödəniş etmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh1 5855,81 manat məbləğində krediti 29.09.2019-cu il tarixindən başlayaraq hər ay 100,10 manat ödəniş etməklə 29.07.2024-cü il tarixinədək ödəməli idi. - Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF- 00698-16/19A saylı “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”dən görünür ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq 13 iyun 2014-cü il tarixli MK-01749-16/14A saylı kredit müqaviləsi restrukturizasiya edilmişdir. - Bank «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPFZ-00698-16/19A saylı zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - Bank «xxxx» ASC-nin 12.03.2021-ci il tarixli RİED2021/1379 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1 29 iyul 2019-cu il tarixli RPF-00698-16/19A saylı kredit müqaviləsi üzrə 21.08.2019-cu il tarixdə 100 manat,03.10.2019-cu il tarixdə 100 manat,31.10.2019-cu il tarixdə 100 manat,29.11.2019-cu il tarixdə 100 manat,14.01.2020-ci il tarixdə 100 manat,06.03.2020-ci il tarixdə 100 manat,17.11.2020-ci il tarixdə 100 manat və 06.02.2021-ci il tarixdə 100 manat olmaqla,cəmi 800 manat məbləğində ödəniş etmişdir.Hazırda 11.03.2021-ci il tarixinə Bank «xxxx» ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 5137,27 manat əsas borc və 5,75 manat faiz borcu olmaqla,ümumilikdə 5143,02 manat borc təşkil edir. - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 08.10.2020-ci il tarixli 02/1512 saylı məktubundan görünür ki,Sarıyev X2 rayonu,M.Əlizadə küçəsi,ev 20,mənzil 20,Tibb Universitetinin 7 saylı yataqxanasında və Cavabdeh2 isə A.Gəraybəyli küçəsi 31a,BSU-nin 2 saylı yataqxanasında məskunlaşmışlar. - Bank «xxxx» ASC tərəfindən cavabdehlərə göndərilmiş 06.11.2020-ci il tarixli HASF-2020/01591 və HASF-2020/01592 və saylı xəbərdarlıq məktublarından görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X4 ödənilmiş 16.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.İddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF-00698-16/19A saylı kredit müqaviləsinə əsasən öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,lakin Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir.Nəticədə 11.03.2021-ci il tarixinə 5137,27 manat əsas borc və 5,75 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, Cavabdeh2 zaminlik müqaviləsi üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də,tərəflər arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF-00698- 16/19A saylı kredit müqaviləsi ləğv edilməli,cavabdehlərdən müştərək qaydada 5137,27 manat əsas borc və 5,75 manat faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq Bank «xxxx» ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia tələbi təmin ediməli, Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF-00698- 16/19A saylı kredit müqaviləsi ləğv edilməli,kredit müqaviləsi üzrə 5137,27 manat əsas borc,5,75 manat faiz borcu olmaqla,cəmi 5143,02 manat məbləğində borc və ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF- 00698-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli RPF- 00698-16/19A saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5137,27 (beş min yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc,5,75 (beş manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5143,02 (beş min yüz qırx üç manat iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq Bank «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar