Məhkəmə qərarları › İş №2(077)-149/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-149/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-149/2025 13.05.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000 manat borcun və 71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona xx.xx.2023-cü il tarixdə qəbz verərək 5000 manat pul götürmüş və xx.xx.2023-cü il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh buna baxmayaraq borc götürdüyü pulu ödəmir. Dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində pul aldığını etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixdə qaytarmağa dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən məhkəməyə məxsus mobil telefonun nömrəsinə göndərilmiş “WhatsApp” mesajlarının yazıldığı audio diskin dinlənilməsi nəticəsində müəyyən olunmuşdur ki, tanış olması üçün məhkəmə tərəfindən göndərilmiş iddia ərizəsinə və iş materiallarında olan sənədlərə münasibət bildirən cavabdeh, iş materiallarında olan qəbzin onun tərəfindən yazıldığını, İddiaçı alınan həmin puldan yalnız 300 manat hissəsinin özünə aid olduğunu, qalan məbləğin başqa şəxsə verildiyini bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 71 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sübutların qəbuledilənliyi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh göndərdiyi mesajda ifadə olunmuş və onun iddia tələbinə münasibətini müəyyən edən səs yazısının sübut kimi qiymətləndirilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh İddiaçı 5000 manat məbləğində borc alması və həmin məbləği şərtləşdirilmiş müddətdə qaytarmaması tam təsdiq olunur. Məhkəmə, Cavabdeh İddiaçı götürdüyü 5000 manat pulun yalnız 300 manatının özünə aid olması, qalan məbləğin başaq şəxsə verilməsi ilə bağlı mülahizələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh tərtib etdiyi iltizamda pulun məhz özünün səhhəti ilə bağlı götürüldüyünü göstərmişdir. Digər tərəfdən qalan 4700 manat məbləğində pulun başqa şəxsə çatması ilə bağlı cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 71 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 71 (yetmiş bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar