Məhkəmə qərarları › İş №2(077)-164/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-164/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-164/2022 26.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,14 aprel 2022-ci il tarixdən Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 26.11.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(077)-428/18 saylı qətnaməsinə əsasən 154 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir.Hazırda oğlunun 11 yaşı var və qət edilən 154 manat məbləğində aliment uşağın maddi ehtiyaclarını ödəmir.Ona görə də,alimentin miqdarının artırılaraq hər ay 193 manat məbləğində tutulmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,işdəki sənədləri,sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İİ № 781872 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Abtalıbov Nurlan 26.11.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş,ata qrafasında Cavabdeh,ana qrafasında İddiaçı qeyd edilmişdir. - Şuşa Rayon Məhkəməsinin 2(077)-428/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 26 noyabr 2011-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək qətnamə qanunu qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi,Şuşa rayon Məhkəməsinin 2(077)-11/2014 saylı 31 yanvar 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi qətnamə qanunu qüvvəsini aldığı vaxtdan ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki,Cavabdeh ilə İddiaçı birgə nikahlarından 26.11.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur.Şuşa Rayon Məhkəməsinin 2(077)-54/2013 saylı 20.05.2013-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan oğlu anası İddiaçı himayəsində saxlanılmış və onun saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Daha sonra iddiaçı “alimentin miqdarının artırılması” barədə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş və Şuşa Rayon Məhkəməsinin 2(077)-428/2018 saylı 10.08.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir.Birgə nikahdan olan Abtalıbov Nurlan iddiaçı ilə birlikdə yaşayır və iddiaçının özünün daimi iş yeri vardır.Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə,uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 154 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz.Ona görə də,birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa iddiaçı artırılmış aliment məbləğinin 14 aprel 2022-ci il tarixdən etibarən tutulmasını xahiş etmişdir.Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması nəzərdə tutulsa da,hazırkı iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil,alimentin artırılması barədədir.Bu səbəbdən də məhkəmə hesab edir ki,artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8- 2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də,məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şuşa rayon Məhkəməsinin 2(077)-428/2018 saylı 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılsın. Cavabdeh 26.11.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar